Həsrətinin sovqatı göz yaşımdan güc alıb,
Yağış olub yağmaq var bu gecənin üzünə.
Ulduzları götürüb, göyün üzündən çalıb,
Təkliyim hayqırmaq var tənha Ayın gözünə.
Gecənin dərinliyi udub bütün rəngləri,
Qaranın min çaların verir yalqız qəlblərə.
Eşqimiz üfüqündə batdığın gündən bəri,
Qürubun çalarında qaldım rəng dərə-dərə.
Gecənin libasına incə naxışlar tökən
Meh əsdikcə saçımda sanki nəğmə bəslənir.
Ən kədərli notların mənzilinə baş çəkən
Bu nəğmə iniltisi gündüzlər də səslənir.
***
Yenə gecə, yenə mən “Qaranlığın qadını”
Gecəquşu oxuyur qəlbimin fəryadını.
Yıxıb içimdə səni, qırıb qol-qanadını,
Həvəslə çıxarıram bu gecənin dadını.
Sənə şeir yazıram, sənintək cızma-qara
Fikirlərim dağınıq, sənə bənzər avara
Yaza da bilmirəm heç, şeir hara, sən hara
Cırıb atıram ancaq, vərəqlər qara-qura.
Axı nə istədim ki, verə bilmədin, adam?
Qıymadın bircə kərə ürəyindən eşq dadam.
Bütün dünya doğmandır, təkcə mən sənə yadam.
Sənlə eşqə dustaqdım, tək necə də azadam.
***
İntəhasız sularda alov tutmuş gəminin
Üzməyi bacarmayan qonağı kimi idim.
Səndən öncə, canım oğlum.
Yerə-göyə eşq saçan şən notların cəminin,
Küləklərdə sovrulmuş çıxağı kimi idim
Səndən öncə, canım oğlum.
Gözlərimdən yağışlar, saçlarımdan tufan, qar
Gəlişinlə hey qaçır məndən diyarbadiyar.
Səni arzum əzizlər, səni qəlbim alqışlar.
Güllər ləçək saçanda dil açasan bu bahar.
Nə yaxşı ki, varımsan, canım oğlum.
Dodağına körpəcə gülüşlər qonan zaman
Yallı gedir qəlbimdə fərəh sanki həmin an.
Eşitsin bütün dünya, eşitsin bütün cahan.
Nə yaxşı ki, canım oğlum, varımsan.
Nə yaxşı ki, varımsan!