.....

.....

Ayrılığın tərifi – Aypara Ayxanın şeirləri

Ayrılığın tərifi – Aypara Ayxanın şeirləri

Yolun açıq olsun, Könlümün Əfəndisi!

Hələ lap balacaydım,addımlarım kiçikdi,
Bəlkə də sırf bu üzdən xoşbəxtliyə gecikdim.
Əvvəl atam getmişdi üzü üstə buraxıb,
Sonra nədənsə anam təkrarladı atamı.
Mənimki ta əzəldən gətirmədi,birdənəm
Həyatımdan getməkçün yarışdı sanki hamı.
Sən də yola düzəldin,oldun hamıdan biri
Mən çoxdan getmələrə alışmışam doğrusu.
Ayrılıq ölüm deyil,sağalar bu yaram da
İslanmışın yağışdan nə vaxt olub qorxusu?
Madam ki, gedəcəksən zamanı vermə bada
Gözlətmə hicran adlı qonağımı qapıda.
Əllərini götür get,götür get nəfəsini
Səndən sonra sevmərəm bir Allah bəndəsini.
“Özünə çox yaxşı bax” de, get gedəndə sən də
Axı bütün gedənlər belə deyir gedəndə.
Onsuz da ki qalanın aqibəti bəllidir
Bu söz də gedənlərdən ən yaxşı təsəllidir.
Bu qışdan da birtəhər çıxaram,qəm eləmə
Bütün nə ki acım var yükləyərəm qələmə.
Gündüzləri başımı darıxmaqla qataram
Gecələr həsrətinlə qucaqlaşıb yataram.
Xatirələr yarama səpilsə də duz kimi
Ürəyin məndən yana hər an olsun buz kimi.
Uzağı sol tərəfim sızlayacaq arada
Onca dərd öldürmədi, yəqin öldürməz bu da.
Artıq hökmüm oxunub, düşünülüb gərəyi
Ovutmağa çalışma bu dilbilməz ürəyi
Get,olmasın bu eşqin gələcəyi,indisi
Get yolun açıq olsun,Könlümün Əfəndisi!

NEYTRAL ZONA

Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni…
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni…
Sən demə
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə
qədərdə Vətəndə qürbətçi olmaq da varmış…
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha…
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hislərim durmadan qan itirir.
Saniyə- saniyə soyuyuram biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə sənə “Vətən” deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı…

AYRILIĞIN TƏRİFİ

Yenə asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin,yenə üzünə ağam.
Gecəylə,gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən,yenə qanlı bıçağam.

Görən nə qədər keçib ayrılığın üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.

Durub şəhərə çıxdım fikrim dağılsın deyə,
Neçə yolu,cığırı bir-birinə caladım.
Saymadım neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.

Düyünlər boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar, avtobuslar,piyada keçidləri
Mağazalar,binalar,şəhər üstümə gəldi.

Bilmədim bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin başına.
Ayrılığı bu qədər amansız bilməzdim mən
Qəfil tutulmasaydım sənsizlik yağışına

Hər gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır veyil-veyil.
Bu darıxmaq başqadı,bu həsrət tamam başqa
Bu ağrının tərifi bildiyin kimi deyil…

***

Adını hallandırıram ismin altı halında
Bu gün də sənsizlik çıxdı mənə ulduz falında.
Ayrılığın uzun çəkdi üç gün oldu üç sənə
Belə qəfil çıxıb getmək yaraşdımı heç sənə?
Ağ günlərim ilğım kimi gedib çıxa bilmirəm
Bağışla ki, özümə heç yaxşı baxa bilmirəm.
Bilirsən də ürəkdi bu söz keçirmək çətindi
Ehh, hər şeyi dərd etməyim çoxdankı adətimdir.
Hərdən nəfəsim ağrıyır, hərdən həvəsim qırılır
Kimsə necəsən soruşsa yaxşı demək istəyirəm,
Anidən səsim qırılır..
Ayrılıq isimli elçin qapımıza dirəndi
Gör bir indi ruhum sənsiz necə pərən-pərəndi.
Səsim, sözüm-söhbətim də xatirəyə çevrilib
O sevdiyin gülüşlərim taxt-tacından devrilib.
Yuxularım fəraridir, yoxdur gördüm deyəni
Bədəli beləmi olur çox sevməyin de yəni?
Dünya fani geri bircə ölüm-itim qalırmış
Bilməzdim ki, adam ən çox yardan yetim qalırmış.
Indi bunca xatirəni hara, necə sığdırım?
Gözlərimə bulud gəlir çiynin də yox yağdırım.
Saçlarımın yaddaşında əllərinin qoxusu
Unutmaqçün gərək yatım “Əshabi-Kəf” yuxusu.
Asan deyil kəsib atmaq ruhun ruhla bağını
Bəlkə artıq qayıdasan? Çıxarma da ağını…

***

Səni sevmək dünyanın ən böyük xoşbəxtliyi
Səni sevmək ölmədən cənnəti görmək imiş.
Bütün möcüzələri eyni anda yaşamaq,
Buludlara toxunmaq, göylərə ərmək imiş.

Nə heç kəs toxunmadı ruhuma sənin qədər,
Nə heç nə isitmədi qəlbimi sevgin kimi.
Sən, ey köksü altında Günəş gəzdirən adam
Sənə sitayiş etdim Allah kimi, din kimi.

Könlümün ehtiyacı, könlümə qanad adam
Qollarının arası göyün hansı qatıdır?
Bir az dəlisov adam, bir az da inad adam
Eşqin hansı savabın mənə mükafatıdır?

Və mən səndə həm əsir, həm də azadam, hürrəm.
Və nə yaxşı səninəm, nə yaxşı səndə varam.
Səni doğan ananın əllərindən öpürəm,
Səni ömrümə yazan Tanrıya minnətdaram!

Aypara Ayxan