Gəlmə
Əgər gələcəksən elə indi gəl.
Hicranın canıma qıyanda gəlmə.
Dərdə düçar olan biçarə könlüm
Ayrılıq acısın duyanda gəlmə.
Qayıt gəl ömrümə bir bahar günü.
Qoy olsun sevgimin toyu, düyünü.
Göstərib həsrətin ən sərt üzünü,
Sənsiz günlərimi sayanda gəlmə.
Ürəyim solubdur bir xəzan kimi.
Qalmışam çarəsiz yol azan kimi.
Həsrətin ömrümə bəxt yazan kimi,
Ağ silib qaralar yayanda gəlmə.
Bu necə həsrətdir? Yandıran, yaxan.
Məhkum gözlərimdir yollara baxan.
Hər gün yanağıma sellərtək axan
Göz yaşım üzümü yuyanda gəlmə.
Əgər gələcəjsən elə indi gəl.
Sənsiz çox ağirdır, çox çətindir, gəl.
Aşiqin tənhadır, lap yetimdir, gəl.
Bu canı məzara qoyanda gəlmə.
***
Əgər istəyirsən, çıxıb gedərəm.
Sevgin azalıbsa, daş ūrəyində.
Kaş ki, bitməyəydi bu şirin yuxu.
Ömürlük qalaydım kaş ürəyində.
Niyə baxışların bu qədər soyuq?
Sevginin üstünə qar ələnibdir?
Saxta məhəbbətin daşlara dəyib,
Törpağın üstünə səpələnibdir?
Demək ki, sevgimiz bura qədərmiş.
Qəlbində yoxdursa mənə yer, gedim.
Qoy onda heç nəyim qalmasın səndə.
Səndəki qəlbimi çıxar ver, gedim.
Daha əllərində o istilik yox,
Daha gözlərin də sevgiylə baxmır.
Sevgi tükənəndə belə olurmuş.
Gözündən gözümə məhəbbət axmır.
Indi ki sevmirsən, burax qoy gedim.
Gedim gözlərindən bir xəyal kimi.
Mən sənsiz, sən mənsiz ömür keçirək.
Sevgimiz saralsın son bahar kimi.
***
Getdinsə, bir daha geriyə dönmə.
Daha gözləmirəm yollarını mən.
Çıxıb gedən zaman vurub sındırdın
Səninçün açılan qollarımı sən.
Getdinsə, bir daha qayıtma geri.
Düşünmə həsrətdən öləcəyəm mən.
Səni birdəfəlik unudacağam.
Səni ürəyimdən siləcəyəm mən.
Daha yuxumda da görməyəcəyəm.
Səni xəyalımdan qovacağam mən.
Sənin ucbatından qatilə dönüb,
Məhəbbət hissimi boğacağam mən.
Sonra da qəlbimi öldürəcəyəm.
Bir daha kimsəni sevməsin deyə.
Gedirsən, qoy olsun, o yol, o da sən.
Bir daha qayıtma, dönmə geriyə.
Bir daha göz-gözə gəlməyək deyə,
Sənin gözlərindən itəcəyəm mən.
Sən olan şəhərdə qala bilmərəm.
Bir gün buralardan gedəcəyəm mən.
***
Bu necə ayrılıq, bu necə gediş?
Iki yad insana dönmək olarmış.
Sevgi sonu gəlməz bahar deyilmiş.
Boranı da varmış, qışı da varmış.
Günah nə səndədir, nə də ki məndə.
Bu sevgi əzəldən günahmış demə.
Biz ki lap əvvəldən bilirdik, bir gün,
Sevən ürəyimiz batacaq qəmə.
Bəlkə də bizimki sevgi deyilmiş.
Bəlkə dostluq imiş, bilməmişik biz.
Sevgi bu cür bitə bilməzdi axı.
Sağiq, həsrət çəkib ölməmişik biz.
Bəlkə mən bilmədən hissə qapılıb,
Sınmış bir ürəyin daşı olmuşam.
Ya sən heç sevməyi bacarmamısan,
Ya mən sevilməkdə naşı olmuşam.
Hər bir sözümüzə ,, CAN” deyə-deyə
Nəhayət, bir eşqin sonuna gəldik.
Belə bir,, sevginin’ ‘ gözləri aydın.
Iki yad insana çevrilə bildik.
***
Bir namə göndərdim o zalım yara.
Şirin sözlərinə uymaram, dedi.
Yazıb dərdlərimi izhar eylədim.
Sənin əzabını duymaram, dedi.
Dedim, yaralarım dərindən dərin.
Dedi ki, mənimçün hava xoş, sərin.
Dedim ki, dəyəri yoxmu illərin?
Onları ömürdən saymaram, dedi.
Dedim yada düşür süzgün baxışlar.
Gəl ki, bu həsrəti yusun yağışlar.
Əgər incitmişəm məni bağışla.
Qanını içərəm, doymaram, dedi.
Dedim ki, bu həsrət soldurar bizi.
Sanma, ölənəcən güldürər bizi.
Günlərin birində öldürər bizi.
Mən şirin canıma qıymaram, dedi.
Dedim, bu dünyada sənsiz qalacam?
Dedi ki, yuxuna kabus olacam.
Dönüb ezrayıla canın alacam.
Qisası sonraya qoymaram, dedi.