Qum saatı
Ömrümə şeir boylanır,
Kəm xoşbəxtlik misrası.
Yuxulu dəniz səhəri,
Boylanır son hecası.
İlk iki heca düşüb ,
Qalıb gün batımında.
Ömür süzülüb gedir,
Bitir qum saatında.
Həyat mənasız gəlir,
Düşünürsən keçmir vaxt .
Yel qanadlıdı illər,
Gənclikdən yoxdu soraq.
Göz dikilir göylərə,
Günəş çıxır,Ay batır.
Göz göyə dikilsə də
Son mənzil torpaqdadır.
Nə var-dövlət ,nə mal-mülk?
Nəfsini tox tutana.
Əbədi heç nə yoxdur
Borcluyuq quru cana.
Sənsiz ucalmaq olmaz
Hər dərddə mübtəda sən,hər ağrıya xəbərəm
Ayı doğmayan gecə,günəş gəzən səhərəm.
Sən məndən uzaqdasan, mən sənsiz bir təhərəm
Belə öc almaq olmaz.
Qəlbindən eşqi aldım,səpdim şeirin sətrinə
Şeirim çiçək açdı ,büründü eşq ətrinə.
Bu qızın da mövludu düşüb təvəllüdünə
Mənsiz qocalmaq olmaz.
İki başı yoxuymuş qarğış kimi alqışın
Dua etdim yazılsın qismətimə naxışın.
Ən yüksək zirvəmdir bil,sevgi dolu baxışın
Sənsiz ucalmaq olmaz.
Mən sənə gəlirəm
Güzgüdə ciliklənir əksim
İlahi,kimdir bunlar ?!
Cilik – cilik olanların hanı bütöv bir “Mən”i ?
Kim qaraya sürmələdi yaşla dolu gözlərimi,
Kim soldurdu baxışımı,
Kim dəyişdi o sən yazan taleyimin naxışını ?
Artdıqca artır alnımdakı ağrıların xəritə izi,
Beynimə agah olmur ürəyimin üsyan səsi.
Əksliklərin vəhdətidi
gerçəkliyin içində məhv olan Mən.
İlahi,
Mən sənə gəlirəm, sənə gəlirəm.
*
Bütün olmaz nə var cəm olmuş məndə,
Bütün olmazlara oldu deyən mən.
Baxdım ki , ortada bir mən qalmamış,
Bütün olmazlara oldu deyəndən.
Qırılmış ruhumun qolu, qanadı,
Məndə mənə aid arzu, dilək yox.
Əlimi qoydum sinəm üstünə,
Duyğuyla yaşayan həzin ürək yox.
Hanı dünyanı qurtaran o qız?!
Xəyalı göylərdə pənbə buludlu.
Kim aldı qəlbimdən o qəhrəmanı,
Bu qız o saf qızı harda unutdu?
Susqunlaşan ağrılar
Dəniz yorğun ruhunu təslim edər sahilə
Bəzən də dalğa-dalğa qayalara dağılar.
Ürəyim də dərdini açıb deyər qələmə,
Susqunlaşan ağrılar şeirlərə yıxılar.
Kağız üstə göynəyər kəlmələr, qafiyələr.
Ömrün yaşantıları heca-heca dil açar.
Fikirlər misra-misra havalanar göylərə,
Əlim çatmayanlara doğru uçar hey uçar.
Bir uşaq saflığıyla bəndlər gələr yanaşı,
Boynu bükük kəlmədə neçə tale görüşər.
Mən məndən yazdığımı düşünərkən yazanda
Bir həsrət şeirindən neçəsinə pay düşür.
Təkcə mən deyiləm ki, kədəri başdan aşan.
Həyat asan olmayıb gəlib-keçən hər kəsə.
Betərindən saxlasın Allah- budur təsəlli.
Onsuz da həyat qısa, onsuz da ömür kəsə.