Eynidir
Bu dünyanın o dünyadan fərqi nə?
Cəhənnəmi, cənnəti də eynidir.
Baxmamışıq yaxşı- pisin fərqinə,
Dərd ortağı, həmdəmi də,eynidir.
Məkan birdir, xüsusiyyət başqadır.
Həmin qandır, həmin damar eynidir.
Yaxşılığın bir adı var başdadır,
Bəd xislətdən qənim damır, eynidir.
Bir qəlibdə eyni toxum bitirsə,
İçdiyi su, axan qanı eynidir.
Gözəlliyi hər tərəfdə bitirsə
Gözəl ürək, gözəlliyin eynidir.
Ana bətni gen dünyanın təməli,
Yüz il yaşa ya da ki qırx, eynidir.
Vəfa gərək, yaxşı edək əməli,
Ya üstə gəl, böl, vur, ya çıx eynidir.
Sahib olmaq istər dünya malına,
Hər kəsin bir boğazı var, eynidir.
Hamı sonda köçür torpaq altına,
Əvvəli də, sonrası da eynidir.
Qəlbimizdən uzaq edək Şeytanı,
Ya bismillah, ya da səbir eynidir.
Olaq gözəlliyin hər an heyranı,
Ya dar bətn, ya dar qəbir eynidir.
“Günahsız müqəssir”, məsum günahkar,
Seçmək olmur qoşa, bir cüt, eynidir.
Savablara gəlin, olaq səbəbkar,
Ata, ana lap cənnətin, eynidir.
Nəqşicahan parasıdır Zəngəzurum.
Sanki Günəş yerdən çıxıb, aydınladıb göyləri,
Sehirləyib gölün rəngi, valeh edib göyləri.
Elə bil güzgü tutmusan, görmək üçün göyləri,
Bu görkəmli cənnət məkan harasıdır Zəngəzurun?
Odlar yurdu Nəqşicahan parasıdır Zəngəzurum.
Dağlarının başı ağdır, tarixi də çox qocadır.
Zirvəsində hər an qar var əzəmətlidir, ucadır.
Göy dumanı əskik olmur, Tanrıdan gələn tacıdır.
Gözüm nuru, gözlərimin qarasıdır, Zəngəzurum,
Odlar yurdu Nəqşicahan parasıdır, Zəngəzurum.
Ürək dözmür, arzulara çatmaq üçün ömür gərək.
Qara yazılan taleyi pozmaq üçün kömür gərək.
Bir az da döz, sülhə gedən yolda bizə səbir gərək.
İki könül ayrılığı yarasıdır Zəngəzurun.
Odlar yurdu Nəqşicahan parasıdır Zəngəzurum.
Ürəyimdən keçir gələk, seyr eyləyək, gəzək düzü.
Elə bil qəsdə dayanıb, ayırıbdır fələk sizi.
Zaman yanlış ələyibdir, bir gün qoşa görək sizi.
Yarılacaq duman həsrət qalasıdır Zəngəzurun.
Odlar yurdu Nəqşicahan parasıdır Zəngəzurum.
Möhtəşəmdir Qazan gölü, Göy gölümün tayı olan,
Dörd fəsil var, bir tərəf qış, bir tərəfi yayı olan.
Bir yanda yaz çiçəyi var, bir yanında payız, xəzan.
Yetər artıq, qovuşmağın sırasıdır Zəngəzurun.
Odlar yurdu Nəqşicahan parasıdır Zəngəzurum.
Təbiətə vurğunam.
Gözlərimin önündə, göz oxşayır mənzərə,
Üfüq yayıb şüasın, doğma, cənub ellərə.
O tay-bu taya qapı, otağımda pəncərə,
Görən əlim uzatsam, Təbrizimə çatarmı?
Sanki mənə əl edir, başı qarlı Savalan.
Özü də heyran qalıb, gözəlliyə, Yaradan.
Qoy doyunca seyr edim, yeni Günəş doğmadan.
Misilsiz seyrəngaha başqa aləm çatarmı?
Günəş qürub edəndə, aləm dönər Ulduza,
Buludların yanağı, oxşar utancaq qıza.
Araz da sakit, səssiz axır üzü sonsuza
Bir salam pıçıldasam, Xudafərin duyarmı?
Vurğunluğun şahidi, təbiətdə gözümdü.,
Gözümdə nura dönən xoş niyyətim, sözümdür.
Ağ buludlar su üstə sanki düzüm-düzümdür,
Buludları səmadan de, ayırmaq olarmı?
Dincliyimin səbəbi, təbiətə vurğunam.
Yurduma bəxş olunan bu şəfqətə vurğunam,
Üfüqlə dərdləşdiyim, xoş söhbətə vurğunam.
Şirin xəyallarımdan, bir dastan yazılarmı…?