Bir gün desələr…
Bir gün gəlib desələr ki, o çox yaxşı insan idi,
Bu söz üstə dayanma…
Hər kəlməni ismim ilə bəzəsələr,
Sətirlərə gül-çiçəyi düzsələr də,
Bu nağıla çox güvənmə, eşit amma inanma.
Deyiləni əsl qiymət, deyəni adam sanma.
Yaxın otur, gəl dərdləşək, həyat yaman qısadır,
Bu dünyadan küsənləri o dünyaya susadır.
İki yolun astanası uçurumdur, dayanma,
Sən də sonradan yanma…
Get söylə ki, bu dünyanı əldə çıraq,
Cümlə- cahan dolaşsalar,
sərhədləri də aşsalar,
Tapmayacaqlar gedəni.
Görmüsənmi, ərşə çıxıb sonradan yerə enəni?
İtiriblər daha məni…
Gedənlərə bəzək vurub, ağlamağı bacarırıq,
Mənzilbaşına çatmamış, biz başqa bir yol alırıq.
Bu nə gərdiş, nə gedişat, nə hikmətsə,
Gedən birdən ən qiymətli kimsə olur,
Hər bir kəsdən yaxın olur.
İnsanları sonda sevib, qiymət vermək ədalətsə,
Yoxdur mənim doğru işim,
Yalan imiş hər vərdişim.
Bax beləcə…
Çox düşünmə, yazdıqlarım bir nağıltək unudulur,
Sözün sehri gül ömrüdür, dildən çıxan kimi solur.
Soruşsalar məni səndən, denən, o qız xəyal idi,
İstəmədi yalanları, alışmadı saxtalığa,
Həsrətinə, hicranına yoldaş olan vüsal idi.
Baş əymədi ayrılığa…
Riyakara yovuşmadı, bu üzdən də dərd başından sovuşmadı.
Hər kəlməsi halal idi, qovuşmadı yaxşılığa.
Arzuları, istəkləri başlaya bilmədən bitdi,
Bir yuxu tək bu dünyadan ötdü-getdi…
Öyrət…
Ay mənə sevməyi öyrədən adam..
Gözündən gülməyi öyrədən adam.
Gülməyi unutmuşam,gəl başa dönək birdə
Yenidən öyrət mənə,təbəssümlərə yadam.
Öyrət mənə, yoxluğa alışmaq necə olur?
Gündüzlər başlamadan de,niyə gecə olur?
Sən ki hər şeyi bilən, görən,duyan, hiss edən
Yenidən doğulmağı mənə öyrədən adam…
Körpə qədəm tutmamış
Nəfəs aldığı yerdə qəflətən boğulmağı,
Kənardan gizli-gizli, sakit seyr edən adam.
Yarımçıq getməyi də, qəflətən bitməyi də
Hər şeyi bir anlığa puç etməyi də öyrət.
Öyrət, Vallah bilmirəm, görəsən necə olur,
Od kimi isti olan o saf, ülvi sevginin
Buza dönüb bir anda qəlbindən soyumağı?
Necə olur görəsən hislərin yuyulmağı?
Seldən sonra bulanan, çağlayan çaylar ikən
Necə bacarmaq olur bir anda durulmağı?
Öyrət,sən ki bilirsən, içindən vulkan ikən
Qaynayan hər gəlişin birdə gedişi olur.
Öyrət ki, bu gedişlər necə səssizcə olur?
Öyrənəsi çox şeyim, öyrədəsi çox dərsin,
Vəzifə yüklərin var.
Bilmirdinmi, hocalıq nə qədər çətin olur?
Hələ sənin nə qədər öhdəliyin,işin var.
Qorxma geri dönməkdən, hər inadın, hər tərsin
Ürəyi mətin olur.
Geri dön, öyrət mənə sonra yenə gedərsən,
Gözümdəki o ümid başlamadan itərsən.
Sevməyi öyrətmisən, unutmağı da öyrət,
Çağlayan ürəyimi ovutmağı da öyrət.
Ağlayan göz yaşımı qurutmağı da öyrət.
Sonra bütün dərslərlə yavaş-yavaş bitərsən.
Deyirəm ki, biləsən , öyrətmək üçün qayıt.
Elə bilmə deyirəm barışmağı da öyrət.
Öyrənəcəm qəlbimlə daşlara qarışmağı
Əcəllə yarışmağı.
Geri dön bu səbəbdən, sənə ehtiyacım var.
Sevgidən demirəm haa, qəlbimə əlacım var.
Öyrənmişəm qəlbimdə gizlicə danışmağı:
“Yağan yağışlara qarış,geri dön
Qopan tufanlarla savaş, geri dön!
Ayrılıq əcəldir, yarış geri dön.
Qurban gözlərinə,çalış geri dön”
Bacarırsan bağışla
Soruşsan ki, necəsən, doğrusunu deyəcəm,
Ürək küsübdür məndən, halından bixəbərəm.
Bəlkə cəsarətlənib qapısını döyəcəm,
Deyəcəm ki, bağışla, söz verdimsə, edərəm.
Günahkaram yanında, get söyləsən gedərəm.
Bir dost itirmişəm ki, içindəydi hər dəmim,
Sevincimə şərikim, göz yaşlarıma qənim.
Sirrimin daş quyusu, doğulandan həmdəmim.
Hansı səmtə üz tutsam, yenə sənə gələrəm.
Bilirəm,deməsən də, düşməndən də betərəm.
Nə sənə dəyər verdim, nə də özümü sevdim,
Yollar haçalananda mən uçurumu seçdim.
Səni üzən hər kəsin günahlarından keçdim,
Bu gedişlə mən səni daş etməyə yetərəm,
İçindəki soyuqluq başlamadan bitərəm.
Daşa dön, bağışlama, səni heçə sayanı,
Göylərdən yerə atıb sonra tapdalayanı.
İtirdinmi dərdini bir baxışdan duyanı?
Saçından dırnağına sızıldayan kədərəm,
Tələsmə, qurban olum, gözlərindən itərəm…
Darıxmışam.
Gedişinə namə yazdım mürəkkəbi göz yaşımla,
Gözlərimi kor etsə də,sətir-sətir oxumuşam.
Ay insafsız, inanmırsan,
Neyləyim ki,anlayasan,
Mən səninçün darıxmışam.
Uzaqlaşıb başqa səmtə gedərkən də
Ayrılığa aparan o nazlı yerişə baxmışam.
Yoxluğunu gözüm görüb,ürəyimdən saxlamışam.
Gizli-gizli ağlamışam.
Yollarını bağlamadım, getmə, dayan.
Demədim ki,gəl ol hayan.
Sənli olan hər nə varsa,
Gəl, nə qalıb al o zaman.
Bu yüklərdən sıxılmışam.
Toplayacam, nəyin varsa,
Gəl,yığ apar,öldürəcək məndə qalsa.
Bir sirr açım…Doğru yoldan yıxılmışam.
Bilirsən də,mən yalanı bacarmadım heç bir zaman.
Bəhanədir xatirələr,bəhanədir əşyan filan…
Gəl,yetər ki,səni görüm,
Gedərkən birdə üzülüm.
Nə deyirəm,heç bilmirəm, sənsiz yaman karıxmışam.
Barı qayıt qonaq kimi,mən razıyam.
Bu dönüşün olsa da ötəri, yalan,
Düşünmərəm bu sevdada yanılmışam.
Birdə qayıt,yalvarıram.
Gözlərinə bir də baxım, baxışına tamarzıyam.
Pıçıldayım qulağına,sənsiz yaman darıxmışam.
Darıxmağın tablosu
Elə darıxaram ki, həsrətin odu sönər, adım gəldiyi yerdə,
Baş götürüb tərk edər, geri qayıtmaz bir də.
Bütün darıxmaqların izinə kölgə salar,
Saçlarına dən düşər,
Sevdam örpəyin açıb ayaq altına atar,
Ağlın ilə hisslərin bir-birindən gen düşər,
Yoxluğunun səfası hökm sürdüyü yerdə…
Eşqim göyərçin kimi həsrətinlə sülh qurar,
Barışar pərdə- pərdə.
Elə darıxaram ki, ayrılığın yorular,
Sonlanar hər səfərdə.
Hicranın qədəmini yolda vüsalın əzər,
Arzuları kəm gəzər.
Sənsizliyim utanar, gözünü məndən çəkər,
Kirpikləri nəm çəkər.
Yolunu ayrı salar, keçmişimə qarışar,
Taleyilə barışar.
İzi- tozu da qalmaz bir baxışın əsiri bapbalaca qəlbimdə,
Qapıların bağlayar üşüyəndə qəlbim də.
Baş- başayıq, bir mənəm, bir də ki, darıxmağım,
Unudur yoxluğunu qəflətən karıxmağım.
Qorxma, gözümün nuru, bu darıxmaq dərd deyil,
Kədərə yoldaş deyil,
Gözlərində yaş deyil.
Sənin kimi gözəldir, əli məndən aralı,
Gözləri qaralı yar.
Mən elə darıxaram,
Elə darıxaram ki, qəmim gözəlliyiylə
Könüllərdə taxt qurar.