Mən bəxtimdən narazıyam
Hərdən dönüb kəpənəyə
Ruhum uçur yerdən göyə.
Heç bilmirəm axı, niyə?
Taleyi qara yazıyam,
Mən bəxtimdən narazıyam.
Xəzan vurmuş çiçəklər tək
Soluxuram ləçək – ləçək.
Başın üstə bir çətir çək
Yayda dolu havasıyam,
Mən bəxtimdən narazıyam.
Nə verdin ki, tale, mənə?
Tamarzıyam “can” demənə.
Hər pərdənə, hər siminə
Qəmli Ədalət sazıyam,
Mən bəxtimdən narazıyam.
Naçar qalıb basdım səbri,
(Kiritmədi minnən biri)
Göz yaşımın dəli Kürü,
Həsrətimin Arazıyam,
Mən bəxtimdən narazıyam.
Qalib olsun əzrayil
Bilirsənmi, sənsiz hər şey dəyişib,
Yeməyin də dadı- duzu başqadı.
Həyat sanki yaşanmayır, əzizim,
O da elə gün ötürür, baş qatır.
Darıxmağa axı nə ad qoyasan?
Lap çıxarır çiləsindən insanı.
Hərdən elə qəribsəyir ürəyim
Göz yaşlarım xatırladır leysanı.
Oturmuşam, dərin fikrə gedərək
Xatirələr yenə sənə üz tutub.
Çəkəmmirəm gözlərimi yolundan,
Gözləyirəm, ölümünü unudub.
Anlayıram, səni geri qaytarmaq,
Mümkünsüzdür, bu, baş tutan iş deyil.
Mən gələrəm görüşərik, eybi yox,
Bu dəfə də qalib olsun əzrail.
Əlvida və nida!
Bu həyatda ayrılıq hər şeydən möhtəşəmdir
Mən bundan zövq alıram, sanki işim, peşəmdir.
İtirmək yazılıbdı sanki mənim alnıma,
Həyatdan almışam hey ayrılıq haqda namə.
İtirdim əzizimi, itirdim can dostumu,
Ayrılıq doğmamdımı, yoxsa ki, dostumdumu?
Axı dost öz dostuna yaşatmaz bu acını,
Həsrətin yollarında ağartmışam saçımı.
Hicranın alovunda qovrulmuşam, bişmişəm
Ayrılıq acısını badə-badə içmişəm
Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi?
Həyat ağrı acıya dözüb tab edənindi
Ayrılığa həsr edib ömrümü verdim bada
Gedirəm ayrılıqla…eh..əlvida…və nida!
Durna köçü
Yenə qızıl payız yorğanın sərib,
Bağçalar xəzəldən xalı toxuyur.
Susub, daha gəlmir quşların səsi,
Yol-iriz, bağ-bağça payız qoxuyur.
Nağıla bənzəyir hara baxırsan,
Durnalar səmada qatar qatardı.
İndi kövrəlsək də bu mənzərəyə,
Yazda bir qayıtmaq ümidi vardır.
Belədir, son bahar köçən quşların
Yazda qayıtmağı bir adət olar.
O durna köçü tək payızda gedən
Baharda dönməsə müsibət olar!