Quyu
Quyuya düşmüşdüm, bulaşdı üstüm,
Çağırdım, çağırdım haray çıxmadı.
Mən bu Peykanlıdan əlimi üzdüm,
Dost dedim, bir nəfər Gəray çıxmadı.
Yoxluğu yandırdı yüz kərə yarın,
Varlığı bir nağıl oldu ilqarın…
Saçı sözüm kimi suray qızların,
Donu ömrüm qədər daray çıxmadı.
Kim idi.., kam idi, adın bilmədim,
Ev idi, yoxsa ki qadın, bilmədim…
Nə yıxdım, nə tikdim, dadın bilmədim,
Bu köhnə daxmadan saray çıxmadı.
Balaca bir şəhərdə
Bir gün görərəm səni, bir gün, lap təsadüfən,
O vaxtacan çətin ki, tamahımdan keçərsən.
Ancaq gizli sevərəm, ürəyimdə, içimdə
Ah çəkərəm, hər dəfə tam ahımdan keçərsən.
Bəlkə görmərəm daha,
ya eynək, ya tor olar gözlərimdə…
Bəlkə də gözlərim də görər-görməz kor olar.
Olar ki, həmin anda qəlbin gözü yorular,
Mən səni soruşanda allahımdan, keçərsən.
İllər keçib, ölmərəm daha köhnə ağrıdan,
Heç ala da bilmərəm dünənimi “oğru”dan.
Gülümsəyib deyərəm,
-“Tanımadım, doğrudan.., tanımadım, bağışla”!
Günahından keçmişəm, günahımdan keçərsən.
Görüşərik, susarsan.
Kaş bu yerdən köçəydik,
Balaca bir şəhərdi, balaca bir küçəydi,
Əvvəl-axır üz-üzə, göz-gözə gələcəkdik.
Sevgimizin uğrunda canımızdan keçərdik…
…Mən yanından keçərəm, sən yanımdan keçərsən.
Olduğumuz yer
O gedəndir, o gedən… Hara gedib, bilmirəm,
Bizim yaşadığımız, bizim olduğumuz yer.
…Həmin küçə, həmin künc, o səkini deyirəm,
Bizim gül gənclyimiz, bizim solduğumuz yer.
Yadındadır sənin də, dünya elə böyükdür,
İnsan elə böyükdür, hisslər elə böyükdür…
O vaxt məna yüküydü, indi sadəcə yükdür,
Bizim darıxdığımız, bizim sevdiyimiz yer.
Necə oldu, nə oldu, könlünə nə düşdüsə,
Nə oyundu, çevrildi, bilmirəm, nə işdisə,
Sual yoxdur içimdə, sənin üçün heçdisə
Bizim birgə duyğumuz, bizim böldüyümüz yer.
Sadalayım, istəsən, bircə anlıq, -ayrılıq,
Görüş, zaman, su, isti, soyuq, sonluq, ayrılıq,
Bir sevgilik göz yaşı, bir cahanlıq ayrılıq
Bizim ağladığımız, bizim güldüyümüz yer.
Bu yer gedib, uzaqdır, əzəl gündən yoxdu heç,
Sən yoxsan, səndən yoxdur, elə mən də yoxdu heç…
Biz yoxuq, yoxdur heç nə, yoxdu sevgi, yoxdur heç
Bizim ayrıldığımız, bizim öldüyümüz yer.
İstehkam
Məndən alacağın nəydi, sən özün,
Səndən umacağım arzu, kam idi.
Yalanı libastək geyindi sözün,
Kirpiyin gözünə istehkam idi.
Gizləndi illərlə fikrin, baxışın,
Ya vardı, qorxmağa, ya yoxdu səbəb.
Bilmədim, içimə necə yığışım,
Dilimdən sel kimi düşəndə qəzəb.
Dinmə əllərimi buraxıb-tutub,
Qırıldı ürəyin qanadı, dinmə!
Məni səndən öncə Allah unudub,
Sonra xatırlayıb sınadı, dinmə!
Ölmür ümidlərim, sağdır, nə fayda,
Ümid yaşatmırsa, yaşamır, axı…
Biz nə hayda idik, zaman nə hayda,
Sevgini zamana uduzmaq ağır.
Uçdun payız günü köçəri quştək,
Bahar arzusuna qalan deyildin.
Qayıtdın, itirdi qürubda istək,
Sən idin, özündün, yalan deyildin.
Kim belə oynadı etibar ilə,
Bundan da betəri nə olacaqdı?!
Bu görüş, nəticə etibarilə,
Məni öz-özümdə saxlayacaqdı.
Səndən alacağım nəydi, sən özün,
Məndən umacağın arzu, kam idi.
Yalanı libastək geyindi sözün,
Doğrum yalanına istehkam idi.