Səndən özgə gözlərimə bir gözəllik görünmür,
Ümidlərim qanad açıb, daha yerlə sürünmür,
əgər, gülüm, bir ürək ki, boş boşuna döyünmür,
Yaşamağa dəyər onda.
Fəsillər tək dəyişkəndi həyatdakı qayğılar,
Gülüşlərin yaz gətirdi, çiçəkləndi arzular,
Addım-addım yaxınlaşır bir-birinə duyğular,
Yavaş-yavaş coşur qan da.
Təsəvvür et, bir yaz günü sərin külək əsəndə,
Həyəcanın nəfəsini aram-aram kəsəndə,
Sahil yanı, isti qumlar, günəş yerə küsəndə,
Bir musiqi arxa fonda.
Rəqs eləyir saçlarınla əsən dəli küləklər,
Uçur göyə ovucundan qanadlanan diləklər,
Seyr etdikcə mənzərəni əlvan-əlvan çiçəklər,
Mən kostyumda, sən ağ donda.
Bu evi əllərimlə mən tikmişəm, dağıtma,
Hər daşında min zəhmət, xatirə var unutma,
Bu evdə ocaq sönüb, külünü sən soyutma,
Bacarmasan de bilim…
Bu evin sütünları yaralıdı, yaralı
Gözü yollarda qalıb, rəngi-ruhu saralıb,
Bəlkə də köç vaxtıdı, zamanı da daralıb,
Qayıt tez gəl, mən ölüm…
Bu evin açarını təkcə sənə vermişəm,
Ətrafına həsrətdən böyük hasar hörmüşəm,
Dünən gecə yuxuda gəldiyini görmüşəm,
Çətin özümə gəlim…
Bu soyuqluq nədi ki, evim səndən soyuqdu,
Hər gün başıma damır, tavan oyuq-oyuqdu
Gözünə yuxu getmir, gecə-gündüz oyaqdı,
Yatmamaq da bir zülüm..
Yenə qəlbimdə bir həsrət, yenə axşam çağı,
Bir qaranlıq otağın vahiməsi, qəm dağı.
Bürüyüb qəmli sükutun səsi tənhalığımı,
Alub ağuşuna fikrin bu cılız varlığımı.
Hər gecə sənli dualardakı o yalvarışım,
Çarəsiz xəstə kimi bircə ümid axtarışım.
Anbaan ömrdən hər bir nəfəsin israfı,
Verdiyin bir-bir alır, yox fələyin insafı.
Daha yox taqətim addımlamağa sən tərəfə,
Barı sən mən tərəfə gəl, nə olar, bircə dəfə.
Gəl gözün şahidi ol, öz əsərindir bu adam,
Zahirimdən hələ bax gör tanışam yoxsa yadam.
Gör sənin yoxluğunun nəqşini bu surətdə,
Fəxr elə öz əsərinlə belə bir halətdə!
Ya da çıx get, məni tapşır yenə tənhalığıma,
Daha öyrəncəliyəm mən bu qərib varlığıma.
Bir parça kağız, bir də qələm var masa üstə,
Bir külqabı, sönmüş siqaret dəstə-bə-dəstə.
Bir stekanın başı yarım köhnə soyuq çay,
Bir küncdə kamen şölə saçır, göydən isə ay.
Bir köhnə saat əqrəbi çıq-çıq səsi ilə,
Yoldaşdı evin sahibinin hər nəfəsiylə.
Bir parça kağız, cızma-qara, bir-iki misra,
Üç-dörd gilə göz yaşı, hüzün, sondasa imza.
Bir kəndir asılmış tavana intihar üçün,
Get-gəlli, tərəddüdlü qərarlar və də üzgün.
Bir yanda tükənmiş ümidi son nəfəsində,
Bir yanda xəyalındakı o köç həvəsində.
Birdən duyulan anidən ağlaşmalı nəğmə,
Bir qayğıya ac körpə səsindən gələn inqə.