.....

.....

Bayrağım – Arzu Tahirqızının şeirləri

Bayrağım – Arzu Tahirqızının şeirləri

Bayrağım

Nə söyləyim mən şəninə, vüqarına, dəyər olsun,
Qüdrətindən nə dostların, nə düşmən bixəbər olsun.
Şərəfini qorumağa oğullar səfərbər olur,
Uğrunda canını verən hər fədai bir ər olur.

Hüququndan keçən hər kəs igid, müsəlləh əsgərdir,
Üç rəngin, ağ hilalınla adın dillərdə əzbərdir.
Cumhuriyyət yadigarım, əmanətim, nübarımsan,
Mənliyimin ən dəyərli zəmanəti, vüqarımsan.

Sən dünyamın içindəki bir dünyasan, ulu bayraq,
Yollarıma işıq saçan nur, ziyasan, ulu bayraq.
Dörd tərəfdə əsir qalan torpağımda hey gözlərim gəzir səni,
O yerlərdə görmədikcə yurd həsrəti üzür məni.

Ürəyimi yarıb orda saxlayaram, sənə düşmən toxunmasın,
Ədalətin qanunları əleyhinə oxunmasın.
Sənə yad əl toxunarsa, gözlərim bil, yuxu yatmaz,
Sənə olan bu sevgimi göylər tutmaz, yerlər tutmaz.

Dalğalanan hilalından mən alıram qüvvətimi,
Sən göylərə ucaldıqca dünya görür qüdrətimi.
Hüsnünə kəc baxan olsa, gözlərini oyaram mən,
Namərdlərin, xainlərin dərisini soyaram mən.

Uca bayraq, ucalığım, ey amalım, saf əqidəm,
Necə səni vəsf eləyəm, necə səndən mən bəhs edəm?
Hansı sözlə çatdırım mən şöhrətini günə, aya?
Məmməd Əmin dühasından işıq saçdın bu dünyaya.

Ay-ulduzlu çox möhtəşəm simvolusan sən yurdumun,
Qürurusan, and yerisən əsgərimin, həm ordumun.
Şəhidimin qanı vardır al rəngində, müqəddəssən,
Qəlbi Vətən sevgisiylə vuranlara sən nəfəssən.

Bayraqların arasında göz oxşayır gözəlliyin,
Rənglərinin mənasında, ay-ulduzda özəlliyin.
Sən xalqımın qürurusan, şərəfisən, təpərisən,
Azadlığın, hürriyyətin sən ən böyük zəfərisən.

Odlar yurdum

Ey ali yaradanın yaratdığı məmləkət,
Yüz-yüz qərinələrdən, əsrlərdən keçmisən.
Düşmən baxıb çatlayıb bu hüsnü-camalına,
Milyon-milyon ürəkdə sevgi donu biçmisən.

Yeri, göyü yaradan yaradıb mələk səni,
Azərbaycan adında bir arzu, dilək səni.
Varlığımla bağlıyam, sevir bu ürək səni,
Ömrümə, yollarıma nurlu qapı açmısan.

Sən ey odlar diyarım, adın uludan ulu,
Tarixin bəxş etdiyi, haqla azadlıq yolu.
Baş tacım, and yerimsən, canda cismimin “solu”,
Sən bütün varlığınla ürəyimə köçmüsən.

Qucuram torpağını, öpürəm hər daşını,
Zirvələrdə görürəm daim uca başını.
Qədim tarix də bilmir sənin əsl yaşını,
İlk oddan yaranmısan, ilk damladan içmisən.

Tarixin sınaqları səni əyə bilmədi,
Parçaladı dörd yerə, qəddin əyə bilmədi.
Canından can ayrıldı, ürəyin heç gülmədi,
Yenə də üfüqlərdən daima nur saçmısan.

Odnəfəsli diyarım, gur yanan ocaq, odum,
“Azərbaycan” deyirəm, tamlanır ağız dadım.
Kimliyim, həm varlığım, soyadım, ana adım,
Alıb isti qoynuna, məni bərk-bərk qucmusan.

Sarıyıb bir loğmantək dərin yaralarını,
Qovuşdura biləydim dərdli “para”larını.
Dərbənd, Təbriz, Zəngəzur, Göyçə, İrəvanını,
Bütün Turan elini cana həmdəm seçmisən.

Şeir yazmaq istəyirəm

Şeir yazmaq istəyirəm,
Dərddən uzaq, kədəri kəm.
Hər misrada gülsün üzlər,
Kəlmələrdə olmasın qəm.

Şeir yazmaq istəyirəm,
Yurdumun xoş növrağından.
Ərən, igid yetişdirən,
Azərbaycan torpağından.

Vəsf edərək Vətənimi
Ucaltmağa meyl eləyim.
Dağı, düzü, çəmənini
Yorulmadan seyr eləyim.

Məftunam hər qarışına,
Gözəlliyi bir tamaşa.
Mən aşiqəm öz yurduma,
Bir cənnətdir başdan-başa.

Şeir yazmaq istəyirəm,
Gülətirli, quşqanadlı,ə.
Çin olsun müqəddəs arzum,
Bütöv Azərbaycan” adlı.

Yollarını gözlərəm

Yollarını gözlərəm, mən bir ömür boyunca,
Yalnız səni sevərəm, çox sevərəm… Doyunca…
Gözlərinə baxaram, gözlərində itincə.
Damarından axaram, ürəyinə yetincə.

Nəfəsinin istisin saçlarımda duyaram,
Üşüyən əllərimi ürəyinə qoyaram.
Qəmli baxışlarına bir təbəssüm əkərəm,
Sevgimdən həyatına gözəl tablo çəkərəm…

Gecə yuxularında şirin röyan olaram,
Gəlib səhərə kimi qollarında qalaram.
Səhərin şəfəqində süzülüb pəncərədən,
Səsimə həsrət qalan otağına dolaram.
Səni seyrə dalaram…

Qoymaram unudasan bir an, bircə an belə,
Sev məni… Həyat adlı evinə qonaq elə.
Səni ömrümə yazdım pozulmaz bir qələmlə,
Sən də məni belə sev, ömrünə ortaq elə…

Yazma

Yenə qəm buludu çökür üzümə,
Fikrimin yolları izindən düşür.
Sənli xatirələr tərk etmir məni,
Adın damla-damla gözümdən düşür.

Ürəyim titrəyir, əllərim əsir,
Ovuda bilmirəm özüm-özümü.
Yoxluğun buz kimi ruhumu kəsir,
Gedişin aparıb olan dözümü.

Gündüzüm cəhənnəm, gecəm dar qəfəs,
Sıxılıb qalıram bu məngənədə.
Sənsizlik qoymayır heç alım nəfəs,
Unuda bilmirəm səni hələ də.

Ayrılıq işgəncə, əzab olsa da,
Dözürəm, guya ki, bir səfərdəsən.
Gözüm gözlərindən uzaq olsa da,
Nə yaxşı, mənimlə bir şəhərdəsən.

Getdiyin yolların düzünə qurban,
Bir gün geri gəlsən, döngədə azma.
Özünə rəva bil, özünə qurban,
Məni özgəsinin bəxtinə yazma.

Gözlərinə qurban olum

Gecə keçir, xəyallarım
Hey axtarıb gəzir səni.
Əlim dəymir əllərinə,
Ayrılığın üzür məni.

Necə yığım izlərindən,
Həsrət dolu baxışları.
Hər gün axır gözlərimdən,
Acı hicran yağışları.

Bəlkə elə indi gəlim,
Mən yuxuna mehman olum.
Gözlərini açma, gülüm,
Gözlərinə qurban olum.