BİLİRƏM DARIXIRSAN
Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
qız, nədir ağlayırsan?..
SƏN GETDİN
Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar,
Sən gedəndən sonra.
Bir vaxtlar barmaqarası
Baxdığım həyata
Barmaqlıqlar arasından
Baxmağımı indi dərk etdim.
İndi özümə görk etdim;
Necə də gözəlmiş həyat,
Və sənli günlər.
Sən getdin,
Və başa düşdüm ki,
Bu andan məhbəs həyatı yaşayıram,
İçimdə sənsizliyi daşıyıram.
Deyirsən…
Deyirsən ki, qış gedib
ağaclar çiçəkləyib
quşlar qayıdıb gəlib.
Amma eyvanımızda
yuva quran alabaxtalar
səndən sonra görünmür…
sənsizlikdən beziblər
yoxsa, küsüb gediblər
bilinmir…
Deyirsən ki, şəklini sinəsinə
sıxıb yatır oğlun, qızın
səndən sonra oğlun kişiləşib
qızın azaldıb nazın…
Şeirlərini dönə-dönə
oxuyurlar, deyirsən
xəlvətə salıb köynəyini
qoxlayırlar, deyirsən….
DOSTUM
Bu bizim alın yazımızdı
yumruqlarınla silinməz
Yaşanar ömrün sonuna qədər
amma,
hansı dildə yazılıb,
Görünməz,
oxunmaz, dostum.
Bir bəri dur
heç nə olmayıbmış kimi
yeriyək kor taleyin üstünə
Barmaqlarımızı batıraq qanımıza
çəkək alnımıza,
görək poza bilirikmi? –
İnanma dostum, inanma.
Hələ havaların soyuqluğu
canımızdan çıxmayıb
gözlədiyimiz ağır xəstəliklərin virusları
qanımızdan çıxmadığı kimi…
Dostum, bilirsən nə var?
Bu gün yağış yağacaq,
gün çıxacaq,
mülayim şərq küləyi əsəcək
alın yazılarımızın altında qalan
gələcək günlərimizi
yaş yuyub quru sərəcək.
Dostum,
bizi səssizliyə,
sənsizliyə göndərəcək….