Bilməsən yaxşıdır…
Eh… sən riyaziyyatı bilmirsən,
bəlkə müəllimin də bilmir, qızım!
Anan öyrətsin deyirlər,
Ürəyim gəlmir qızım!
Riyaziyyat, illərlə birini gözləmək, sonunda topladığın illərin,
cəm yox, “Qismət” olduğunu görməkdir.
Riyaziyyat bir qocanın aldığı təqaüdü
otuz günə bölməkdir.
Riyaziyyat baharın üç aydan sonra yox,
bəlkə də illərlə gəlməyəcəyini bilməkdir.
Bir xanımın çəkməsinin pulunun
bir ailənin aylıq gəliri ilə müqayisəsidir.
Riyaziyyat bir kişinin barlarda bir saat xərclədiyinin
bir müəlimin bir aylıq qazancından cox olmasıdır.
Riyaziyyat xəstə yiyəsinin beynindəki çək-çevirdir.
Qara neftin qiymətinin ən sonda “Boş çoxluq”
olmasıdır.
Bölünmüş məmləkətin parçalarını toplayıb
kəsrdən “Vahid” düzəldə bilməkdir.
Riyaziyyat bir qarının oğlunu ən son
nə vaxt görməsini hesablamasıdır.
Saçlarıma həsrətin saldığı dənin hesabıdır.
Onun gedişindən sonra
hər günü bir ilə çevirsən,
bu hesabla həsrətin necə əsrə bərabər olmasıdır.
Anan da yaxşı riyaziyyatçı deyil, qızım,
Geridə qalan illərlə, yaşayacağı illəri ha toplasa da “ÖMÜR” ala bilmədi.
Riyaziyyat həyatdır, qızım!
Sən riyaziyyatı bilməsən yaxşıdır.