.....

.....

Bir az nəfəs saxlamışam, İsrafilin suruna – Bəhruz Xəlilin şeirləri

Bir az nəfəs saxlamışam, İsrafilin suruna – Bəhruz Xəlilin şeirləri

Ordan bir Cem Adrian qoş…

Yenə saçlarımı qarışdırıram
yenə də əllərin yadıma düşüb..

İlıq nəfəsimin hənirtisinə
isidə bilmirəm soyuq yastığı.
Nəyə baxıramsa “O”na çevrilir…
… Şeirə çevrilir qulaq asdığım..!

Ağrım da az deyil, şükür allaha
hələ varlığımı hiss eləyirəm.
Əlimi qaldırıb göyün özünə
sonra da özümü güllələyirəm..!

“Nə də olsa qışın sonu bahardı
bu da gələr, bu da keçər, ağlama”

Yenə də əllərin yadıma düşüb
Yenə saçlarımı qarışdırıram..!

Bir az nəfəs saxlamışam, İsrafilin suruna
bir az boyad dərdim qalıb, onu yeyib dururam
Yolçu yolunda gərək..!

Səliqəsiz saçlarımın tumarı çatmır indi
barmağının uclarına ağ saçlarım sevindi
Yatım qolunda gərək.

Bağlamışam gözlərimi, aç deməsən açmaram
Qollarımı zəncirləmə, mən onsuz da uçmaram
Ölüm sonunda gərək..!

Daş!
(Bilmirəm neçənci şeir)

Əllərini havaya qaldır
“dua edir” deyən desin
sən ömrə təslim olmusan
Özün ki yaxşı bilirsən..!

Köynəyinin yaxasını açıb
əllərini havaya qaldır
ruhun rahat çıxsın…
Öləndə belə ölərlər
qoy hamı baxsın..!

Gözlərini yum,
bu həyatın nə məstliyi sənindi
nə pisliyi…
Başının bir daş üstünlüyü var,
daş üstünlüyü..!