Bir ev ola…
Dağ dibində, sıx meşənin kənarında…
Divarı daş, üstü saxsı kirəmitdən.
Yanındakı dağdan axan çay da onu
Ayrı salmış qonşulardan, bütöv kənddən…
Bir ev ola…
Həyətində qalaq-qalaq odun ola,
Bacasından burum-burum qalxa tüstü…
İçəridə odun peçi, təzə dəm çay,
Şabalıdla dolu ola peçin üstü.
Yanında da döşək ilə mütəkkəsi,
Uzaqdan da eşidilə çaqqal səsi.
Həmin səsə kənddən itlər cavab verə,
Biri qorxub zingildəyə, biri hürə.
Və bayırda narın-narın yağa qar da,
Qardan yerə əyilələr budaqlar da…
Çöldən gələn vıyıltınının səsiylə
Rəqs eləyə lampa da şöləsiylə
Bu anda da qurd ulaya uzaqdan,
Səsin kəsə hürən itlər bayaqdan.
Bir ev ola…
İsti peçin kənarında, döşək üstə
Uzanasan, söykənəsən mütəkkəyə…
Bir filmtək həyatını göz önündən
Keçirəsən şabalıddan yeyə-yeyə.
Bu gecə də həmin filmə final ola,
Səndən sonra bu evin də yetim qala.
Bir də gündüz kürək ilə təmizləyib,
Düzəltdiyin cığır qala evdən yola…
A dünya…
Bir bax əməlinə, bir bax özünə,
Qoyma başımıza ağıl, a dünya.
Daha inanmıram heç bir sözünə,
Bəsdir söylədiyin nağıl, a dünya.
Bürüyüb haqsızlıq zülüm hər yanı,
Biz kimə eyləyək, görən üsyanı?
Neynirəm sənintək fani dünyanı?
Yaxşısı budur ki, dağıl, a dünya.
Nə olsun güclüsən, var uca dağın,
Oldun oyuncağı beş-on alçağın
Aclıqdan ağlayan yetim uşağın
Axan göz yaşında boğul a dünya.
Hər şey əvvəl-əvvəl çox gözəl olur,
Dəyərlər zamanla itir, pozulur,
Hamı doğulanda məsum doğulur,
Sən də öl, yenidən doğul, a dünya.
Durdur savaşları, axan qanları,
Zalimlər almasın, daha canları,
Qoru qoynundakı saf insanları,
Onda deyərik ki, sağ ol, a dünya
Bir gün gələcək ki…
Bir gün gələcək ki, yaşa dolacam,
Uzaqda qalacaq gənclik çağlarım.
Bir gün gələcək ki, qocalacağam,
Tamam ağaracaq qara saçlarım.
Bir gün gələcək ki, keçən günlərin,
Bir daha yolunu gözləyəcəyəm.
Bir gün gələcək ki, məhəbbətimin,
Ağrı-acısını istəyəcəyəm.
Bir gün gələcək ki, döyünən qəlbim,
Taqətdən düşəcək, yorulacaqdır,
Bir gün gələcək ki, nakam gözlərim,
Dünyaya əbədi yumulacaqdır.
Bir gün gələcək ki, qəbrim üstündə,
Güllər də saralıb quruyacaqdır.
Bir gün gələcək ki, Zəyzid kəndində,
Məzarım əbədi uyuyacaqdır…
Bilirsənmi necə olur darıxmaq?
Bircə dəfə darıxdınmı ömründə?
Bilirsənmi necə olur darıxmaq?
Qaranlıq zülmətə dönür ömrün də,
Sabahsız bir gecə olur darıxmaq…
Birdən -birə fərqli olur əhvalın,
Üzünü görməsən dəyişir halın.
Xəbərçisi olur bəzən vüsalın,
Qovuşmaqdan öncə olur darıxmaq…
Öz-özünə deyirsən; -bu sevgimi?
Oyanır qəlbinin o sarı simi,
Hər kəlmədən qırılan ürək kimi,
Kövrək olur, incə olur darıxmaq…
Yaşayırsan bir cüt nəmli gözünlə,
İstəsən də bacarmırsan özünlə,
Duyğuların inadlaşır sözünlə,
Hisslərini almır vecə darıxmaq…
Bəzən üzü dönür fələyin səndən,
Ürəyin sızlayır kədərdən-qəmdən,
Üimidini sən hər yerdən kəsəndən,
Həyat dönür heçə.. olur darıxmaq
İndi bildin, necə olur darıxmaq?
Dünyanın yiyəsi
Demə, bu dünyanın yiyəsi hanı,
Dünyanın yiyəsi görünməz gözə.
Yiyəsiz bildiyin gözəl dünyanı,
Yiyəsi yaradıb, bəxş edib bizə.
Ancaq bu dünyaya qənim kəsildik,
Bizə hakim oldu çünki nəfsimiz.
Yandırıb, dağıdıb dünyadan sildik,
Milyonla canlını məhv elədik biz.
Guya ki azdırırmış şeytan insanı,
Əslində şeytanı heyrətə saldıq.
Dünyada axtarıb bütün nöqsanı,
Bir tamah uğruna neçə can aldıq
Demə bu dünyanın yiyəsi hanı.
Belə söyləməklə edirsən günah.
Qiyamət gəlmədən, sən Onu tanı,
Dünyanın yiyəsi Allahdır, Allah!