Bir ovuc dən atın göyərçinlərə…
Pas atıb dibini sarı ləyənin,
Bir ləyən bir ovcun üçü boydadır.
Bilirsən, ən böyük ayrılıqlar da
Bir yeşik, bir kitab, bir ağ, bir də ki,
Bir də ki… vücudun köçü boydadır.
Nədir ki, bir ovuc?
Bir tikə ət, bir sıxma sümük,
Beş barmaq- hərəsi başqa ölçüdə.
Dua da o ovcun içi boydadır.
Bir ovuc duadan nə çatır göyə?
Bir ovuc dən atın göyərçinlərə.
Ac qalar gözünün qarasın yeyər,
Çəkər yerə tərəf yağışı, qarı,
Yeyər, buludların sırasın yeyər.
Yeyər həyətdəki iti, pişiyi,
Yeyər küçələri, evi, eşiyi,
Yeyər e, atılmış körpə beşiyin.
Boz yurdda ac qalan balasın yeyər.
Bir ovuc dən atın göyərçinlərə.
Ovudar nə kəndir, nə dar, kiriməz.
Adəmin almasın dadar, kiriməz,
Çəkər Qobustanın daş yaddaşını,
Çəkər qayalardan yallı səsini,
Atar Xəzərlərə, atar, kiriməz.
Udar qətrə-qətrə gölü, dənizi,
Dəclədən Fərata nə var…kiriməz,
Jannanın külünü udar, kiriməz.
Bir ovuc dən atın göyərçinlərə.
Gəzər, kimi tapar ömrünü dənlər,
Torpağın çat atmış səbrini dənlər,
Süd qoxan körpənin qəbrini dənlər,
Hadinin ömründən itkin illəri,
Müşfiqin köksündən mərmini dənlər.
Bir ovuc dən atın göyərçinlərə.
Yer üstə atılan əsanı yeyər,
Dənizi qurudar, Musanı yeyər,
Yol tapar Məryəmdən çarmıxa qədər,
Yeyər, Tanrı oğlu İsanı yeyər.
Bir ovuc dən atın göyərçinlərə.
Bir də qan qoxuyar səhərlər birdən,
Tanrı bəlkə ötməz bu yerdən bir də.
Sonuncu cəsədi çəkər qəbirdən…
Göydə qara-qara tüstünü didər,
Qan ilə örtülmüş qara torpağın,
Eşər məhvərini, üstünü didər,
Dimdiyin külüngə çevirər bir də,
Didər, nəhənglərin büstünü didər.
Bir ovuc dən atın göyərçinlərə.
Göyə tilov atmış bu yer xətrinə,
Quyudan bağıran o sirr xətrinə,
Quyuya atılmış səbr xətrinə,
Dərisi soyulmuş şair xətrinə,
Bir ovuc dən atın göyərçinlərə.
Dibini pas atıb sarı ləyənin…
***
Bu şəhərdə neçə qızın saçlarına baxmışam e, qaradır,
Bu şəhərdə neçə qadın saçlarını öz ömrünə tay elədi, tutub qara boyadı
Hördü, kəsdi, tumarladı uclarını,
Səndən sonra neçə qadın saçlarını tutub sağa daradı,
Bir dənəsi, bir dənəsi ürəyimə yatmadı.
Çiçəkdir də,
Qopar tulla, ləçəyində təsadüflər
“Sevir,sevmir…” aldadır,
Neçə ürək, neçə bədən, neçə ruha sakin olub sığınmışdım, bilir çiçək?
Ehh…hamısı həmin çiçək haldadır-
aldadır.
Məni, məni öz anamın bətni belə tulladı,
Gördün, hamı atıb getdi, ilahi,
Bircə məni ayaqlarım atmadı.
Nə vaxt yetər, nə vaxt çatar
saatımın əqrəbinin taqqıltsın sayırdım,
Qəfil gələn güllə səsi gecəyarı ayıltdı.
Harda isə anasının əmcəyindən qan əmdiyi ovçular,
Sənə məktub göndərdiyim göyərçini vurdular,
Söydü yəqin göyərçin də son nəfəsdə zatıma,
Səsi mənə, məktub sənə çatmadı.
Bu təlatüm, bu həyəcan, əndişə,
Sən allah get,
Eşitmişəm, təzyiq, əsəb, bir azca da ürəktutman
yenə halın dəyişər,
Mən göylərin adamıyam, balaca qız,
Sevmə məni…
Mənim yerim tavanında hörümçəklər sevişdiyi daxmadı.
Arxasıyca neçə dənə göz apardı ən sonuncu gedişlər,
Yadımdadır qulaq batdı, ah-nalədən, qaba-qarğış, söyüşdən,
Kəndimizə neçə adam “yatmış” döndü döyüşdən,
Ta o gündən heç birimiz səhərədək yatmadıq.
Hamı məni atıb getdi, atıb getdi, ilahi
Bircə məni ayaqlarım atmadı.