Qayıt
Gözlərimin önü sənsiz qaranlıq,
Daha sənsiz dözəmmirəm, qayıt, gəl.
Sənsizliyi düşündükcə bir anlıq,
Dərd-qəmimi əzəmmirəm, qayıt, gəl.
Qəlbim olub param-parça qübardan,
Bəlkə gəlib qurtararsan bu dardan.
Qan yerinə əzab axır damardan,
Qansızlıqdan gəzəmmirəm, qayıt, gəl.
Xərçəng kimi alıb bütün bədəni,
Yaşamağa itirmişəm güvəni.
Axı sənlə yaşanmamış dünəni
Necə deyim “Sürəmmirəm”, qayıt, gəl.
Bir qadın ağlayır
Bir qadın ağlayır içimdə mənim,
Gəncliyin hər anın boşa yaşamış.
Bir qadın ağlayır içimdə mənim,
Sevinci kədərlə qoşa yaşamış.
Bir qadın ağlayır içimdə mənim,
Dünyası büsbütün xəyanət dolu.
Gizlədib həsrətin, gizlədib qəmin,
Qamətin şax tutub, dəyanət dolu.
Bir qadın ağlayır içimdə mənim,
Qüruru əngəldir daim qəlbinə.
İçimdə olubdur hər zaman kəmim,
Ürəyi tabedir hər an əqlinə.
Bir qadın ağlayır içimdə mənim,
Göz yaşı qəlbimin qan dövranıdır.
Bir qadın ağlayır içimdə mənim,
Ruhu külə dönmüş cismi-canıdır.
Nəyimə lazım
Qayğıma qalmadın bir uşaq kimi,
Yersiz qayğıların nəyimə lazım?
Diddin şübhələrlə hər an qəlbimi,
Mənsiz xəyallarım nəyimə lazım?
Gülmədin mənimlə sevincə şərik,
Açdın qəmlərinlə qəlbimdə dəlik.
Sanki biz yaşadıq elə hələlik,
Ayrılan yolların nəyimə lazım?
Mənimlə yaşadın özgələr üçün,
Məhv oldu həyatım uğruna heçin
Özgə tellərinə toxundun neyçin?
Sarılan qolların nəyimə lazım?
Onlar ki sarıldı özgə qoluna,
Yanan çıraq oldun özgə yoluna.
Bir gün boylanarkən yenə soluna,
Düşdüyün halların nəyimə lazım?
Mənim acılarım, mənim qınağım,
Yaşları gizlətdi nəmli yanağım.
Hər gün kədər oldu əziz qonağım,
Sevincli anların nəyimə lazım?
Sən ki yaşatmadın onları mənə,
Ömrümü qərq etdin, dumana-çənə.
Yenidən bir daha güvənməm sənə,
Daha yalanların nəyimə lazım?
Uzaqlarda biri var
Uzaqlarda, çox uzaqda biri var,
Ruh eşimdir, əkizimdir o mənim.
Bu dünyadan çox uzaqdır o diyar,
Orda yoxdur nə kədərim, nə qəmim.
Səatdətin ərməğanı calanıb,
Xoşbəxtliyi yağışlarla sulanıb,
Sevgi odu hər ocaqda qalanıb,
Hüzurumdur baş ucumda həmdəmim.
Yumsam gözüm, o dünyaya qonağam,
Oyanarsam, bu dünyaya calağam.
Ruhum sönmüş, yerdən qopmuş alağam,
Həyatıma küskün olur bu dəmim.
Uzaqlarda, çox uzaqda biri var,
Yaşamadan yaşadığım günlərim.
Ruhu ruhum, arzuları intizar,
Belə keçib yaşanmamış illərim…
Gedən ömürdür
Açılmır göylərin üzü,
Sən gedəndən sis, dumandır.
Ayrılığın yansın özü,
Dözmür ürək, nə yamandır!
Qınadılar məni hər an,
Dözəmmirəm zaman-zaman.
İllər boyu həsrət, güman,
Gedən ömürdür, zamandır.
Günlər, aylar sənsiz keçir,
Ömür donun hicran biçir.
Talehimmi bunu seçir?
Arzularım bir gümandır.
Yaşayan ölürlər kimi,
Ağıllı dəlilər kimi,
Dəyişən fəsillər kimi
Ömrüm bir mədəd umandır.
Öldüyümü bilə-bilə,
Göz yaşımı silə-silə,
Ağlayıram gilə-gilə,
Gəl imdad eylə, amandır…
Günəş Məmmədli