.....

.....

“Bir qadının səsi gəlir “ – Gülsadə İbrahimli (şeirlər)

“Bir qadının səsi gəlir “ – Gülsadə İbrahimli (şeirlər)

***

Rəsmini gördüm,
Gülürdün… mənsizlik yaraşmışdı sənə.
Necə də tez unutmusan hər şeyi,

Necə də tez şəkil dəyişib şəkillərin.
Yalanların boylanırdı boyundan,

Özündən böyük yalanların,
Özündən yaraşıqlı yalanların.

Gülürdün…
Səni mən qədər tanımırdı yanındakı,
O mən qədər bilmirdi səni,
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.
Vəfalı ər, Fədakar ata…
Nə qəşəng yaraşmışdın şəklə.

Səndən sonra çox şey dəyişdi oysa,
Mənim Allahım öldü,

Ürəyimə basdırdım özümü.
Sən gülürdün,
Mən matəmini tutarkən sənsizliyimin,
Belimi yerə vuranda yoxluğun,

Xəyanətin,
Sən boyundan böyük bir səadətlə gülürdün.
Tutmuşdun yerini…
tuta bilmədiyin əllərim son dəfə üzülərkən səndən,
Sən özünü tamamlayırdın saxta gələcəyinlə.

Mənsizlik yaraşmışdı sənə…
Yalanların qədər,

Alçaqlığın qədər.
Sən gülürdün,

ancaq qızının gözlərindən baxırdı mənim nakam taleyim…


***
Darıxanda əllərim,
Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.
Uzun-uzun demək istəyirəm necəyəm,

Necəydim.
Axı sən həm də ən yaxın dostumdun –

Çəkilirəm küncümə,
Kim deyir ki, güclüyəm, qalibəm?
Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.
Sən tanımışdın məni,
İlk dəfə ruhumun şifrələrinə toxunarkən bilirdin bir qızcığaz
tapacaqsan –
Dizləri çapılmış, üşümüş və yanılmış.

Səndən sonra dəyişmədi heç nə,
Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.
Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.
Axı sən də xaindin,
Öz ölkəsini satmışlar qədər,
Öz körpəsini atmışlar qədər,

Kimliyini danmışlar qədər xain.
Bəs niyə mən…bir tək sənə yazmaq istəyirəm ağlarkən?

Gülərkən,
Darıxarkən.
Hardansa gələcəksənmiş kimi gözləyirəm səni,
Duysan könül səsimi, getdiyin yerlər yuvan olmazdı. Belə qalmazdı bu sevginin biçarə taleyi…
Nə bilim,
Bilirəm, yoxsan,
Yadsan, Olmayacaqsan.
Və bilirəm ki, mən bir də sənə heç vaxt yazmayacam.
Ancaq…


***
Yuxun qarışsın bu gecə,
Adım gəlsin ağlına.
Sinəndə nəfəsin daralsın,
Biləsən ki, dardayam.
Bir şimşək çaxsın pəncərəndən

Xəyalım sürünsün divarlarından.
“Məni istə”,”məni sev”,” məni gözlə” dediyin qadının gülüşləri şaqqıldasın ağlında.
Sevdiyim,
Gözlədiyim,
Yar dediyim,
Yarımadım bu həyatın kamından.
Göy gurlayır,
Yağış yağır,
Şəhər məsum…
Min yol gəlib döyürəm xəyalımda qapını.
Bir qadının səsi gəlir,
Şirin-şirin təkrarlayır adını