.....

.....

BİR QIŞLIQ SEVGİ – Sahil Osmanlı

BİR QIŞLIQ SEVGİ – Sahil Osmanlı

BİR QIŞLIQ SEVGİ

Bilmirəm nə qədər ağlımda qalar,
Evini, küçəni edirəm seyir.
Evlərdə aramla sönən lampalar,
Sanki get evinə üşümə deyir.

Pəncərən kənarı bayram işığı,
Doyulmur qar salan mənzərəsindən.
O evdə biri var öz yaraşığı, 
Gözəldi o evin pəncərəsindən. 

Uymadım bu fəslin bəhanəsinə,
Dualar elədim sonda birləşək,
Olmasa çevrilib qar dənəsinə,
Hansısa buluda gedib yerləşək.

Yerləşək nə olar sən olma gedən,
Sənəmi yalvarım, yoxsa buluda.
Çətin ki bu eşqə şahidlik edən,
Bu fəsil haçansa bizi unuda.

Mən səni heç zaman qınamaram ki,
Məndən nə bir payız,nə yay almısan.
Görsəm bir  baharda tanımaram ki,
Sən mənim yadımda qışda qalmısan..

Gəl…

Səninçün çox darıxmışam,

bu gün biraz, ən çox dünən.

gəl səninlə bilərəkdən,

qarşılaşaq təsadüfən. 

gəl…

Səmasında dilək tutub,

o ulduzlu gecələrdən,

qoyduğumuz xatirə üçün,

üzr istəyək küçələrdən,

gəl…

Yandırıb bu sükut məni,

kül eyləsin axı niyə.

gəl ki, gülüm mən yanantək,

od qoyaq bu səssizliyə.

gəl…

Sənin qəlbin sınıq-sınıq,

mənim qəlbim çilik-çilik.

mən burdayam,əgər gəlsən

tapmasaqda xoşbəxtçilik.

gəl…

Gecələr son nəfəsini,

verdi günəş şəfəqində.

neçə qələm ömrü bitdi,

namələrin vərəqində.

gəl…

Deyəsən son çağırışdı,

tükənir day halım,heyim.

bacarmadım, özün denən,

gəlməyinçün nə cür deyim?

gəl…

OXUNMAMIŞ  MƏKTUB

Elə batmışam ki qəm dəryasında,
Dərya da çağlaya bilmir əzizim.
Ləpələr ahımdan çırpınır amma,
Sahili hağlaya bilmir əzizim.

Vüsal da,həsrət də önümdə durur,
Aşiqin həsrətdən sətirlər qurur,
Sətirlər məktuba damğalar vurur,
Qəlbini dağlaya bilmir əzizim.

Bu sevgi əlimdən daha üzlüşür,
Son dəfə kağızla qələm görüşür,
Damlalar məktuba gözümdən düşür,
Məktublar ağlaya bilmir əzizim.

Son məktub yazıldı bitdi nəhayət,
Budurmu sevgidə olan ədalət?,
Sahilə göz yaşı qaldı əmanət,
Onu da saxlaya bilmir əzizim

Sahil Osmanlı