.....

.....

Bir vaxt inandığım sözlərin haqqı – Səbinə Xosiyevanın şeirləri

Bir vaxt inandığım sözlərin haqqı – Səbinə Xosiyevanın şeirləri

***

Bir iz də tapmadım arxanca gəlim,
Tapsaydım gələrdim,izlərin haqqı!
Gözündən ayrılan gözdən göz olar?
Önümü görmədi, gözlərin haqqı!…

Doğrunu yanlışdan bəlkə seçərsən,
Deyərək oturdum ,gözlədim haqqı..
Bir də inanmadım bir tək xoş sözə,
Bir vaxt inandığım sözlərin haqqı!…

***

Gözlərin ürəyimin,
Buzlarını əridir …
Atıb kədəri, qəmi,
Qucaqlaşsaq yeridir..

Ən dərin ağrılara ,
Məlhəm bircə sığaldır.
Ruhdakı yaraları ,
Yalnız sevgi sağaldır!

Təkcə sənə yer etdim,
Mən dizimin dibində ..
Bəlkə birlikdə çıxdıq?
Cəhənnəmin dibindən..

***

Gözümü yumsam əbədi,
Kinin gedər görəsən ?
Ölsəm əgər bu dünyadan,
Kimin gedər görəsən ?..

Ağlayaraq son qoyarsan,
O qürurlu vərdişə ?…
Ya hələ də qorxursan,
Düşməkdən dilə-dişə?!.

Yenə bütün suallarım,
Yarı bəlkə ,yarı kaş …
Olmayaydı bu qəlbimin,
Bir vəfasız yarı kaş..

Mən onsuz da yaşamağı,
Unutmuşam haçandı,
Ayrılıqdan sağ -salamat
Çıxan de, hansı candı ?

Qoy heç xəbərin olmasın ,
Yorulmuşam ,bitmişəm.
Bəlkə elə sənin üçün ,
Çoxdan ölüb ,itmişəm?..

Əlvida…

Qalardım narahat təlaş içində ,
Səsini duymasam, görməsəm səni.
Bu yalan,vəfasız, zalım dünyada,
Kim belə sevəcək görəsən səni ?

Soldu gözlərimdə açan çiçəklər,
Gedişin yazımı qışa çevirdi..
Bizi bu dünyada sanki yaradan,
Qoşa yaratmışdı, qoşa sevirdi.

Nə sevdim ,sevildim o gündən bəri,
Sənsiz keçən günə ömür demədim.
Sənsə bircə dəfə ,insafa gəlib ,
Görəsən yaşayır, ölür, demədin ..

Yıxıldım kökümdən bir ağac kimi,
Yarpaqlar ələndi budaqlarımdan.
“Əlivida” söylədin o gün sən mənə,
Bir ömrü bitirdin dodaqlarında…

***

Qırılıb qol-qanadım, sınıb düşüb yanıma ,
Daha əsər qalmayıb sən gördüyün qadından.
Məni unutmağından incimirəm ,əzizim ..
Hərdən onsuz çıxıram allahın da yadından .

Kimim unutmadı axı məni sənin kimi ?
Hələ lap uşaqlıqdan unuduldum eləcə..
Sanki bu dünyada yox imiş mən adda adam ,
Atamın da yadından çıxmışdım bax beləcə..

Mən hamının yadından çıxıb,bircə qalmışam,
Şirin küçə pişiklərinin ac yaddaşında .
Zülmətlər içində ağarıb,bəmbəyaz olmuş ,
Sıxışıb qalmışam anamın saç yaddaşında.

İlahi, baxma göyün üzündən yaxına gəl ,
Gəl indi məni xilas elə öz yaddaşımdan !
Al bu ürəyimi yu leysan yağışın altda ,
Qalmasın heç kimdən,heç nədən iz yaddaşımda.