.....

.....

Biz bir-birimiz üçün yaranmamışıq – Təranə Turan Rəhimli

Biz bir-birimiz üçün yaranmamışıq – Təranə Turan Rəhimli

BİZ BİR-BİRİMİZÇÜN YARANMAMIŞIQ

Biz iki dünyanın adamlarıyıq,
Birində zülmətdi, birində işıq.
İki fərqli baxış, iki yad ürək,
Biz bir-birimizçün yaranmamışıq.

Mənim arzularım yelkənsiz gəmi,
Sənin dalğaların aparmaz məni.
Bu sevda dərd olar ayrılıq kimi,
Biz bir-birimizçün yaranmamışıq.

Qıymaram köksümdə yanan günəşə,
Sən çətin dözəsən oda, atəşə.
Nə zaman görünüb yay-qış birləşə?!
Biz bir-birimizçün yaranmamışıq.

Mənim yolum üstdə hər kəs mələkdi,
Sənin nəzərində hamı kələkdi.
Özünü aldatmaq nəyə gərəkdi?
Biz bir-birimizçün yaranmamışıq.

Hərəmiz bir ruhda. İkiləşməyək,
Ömür qatarında itələşməyək,
Bu sonu görünən yola düşməyək,
Biz bir-birimizçün yaranmamışıq.

DƏNİZİN QANI QARADI

Bu dənizin sahilindən
arzular uzaq görünür.
Bu dənizin sularında
balıqlar yazıq görünür.
Adamlar axışıb axşam
dəniz havası almağa,
Yosunlar ilişib yenə
balıq yerinə qarmağa.
Bürküdən nəfəsi durub,
Dənizin havası çatmır.
Üzündə dərd qaysaqlayıb,
Dalğalar hey vurur, batmır.
İçindən qara qan axır,
Gecə tək donu qaradı.
Gəl qayıdaq, gedək evə,
Dənizin qanı qaradı.


QIŞ TABLOSU

Yaxasını söküb bulud,
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə.

Ağarıb bəxti Bakının,
Gəlinlik geyinib şəhər.
Qış sirri danışır quşlar
Qar üstündə səhər-səhər.

“Bəyaz güllər” səpələnir
Çölə, düzə ləçək-ləçək.
Naxışlanır pəncərəmdə
Ulduz-ulduz, çiçək-çiçək.

Düzüm-düzüm sırsıralar
Ağacların buz sırğası.
Sirdi, sehrdi, əfsundu
Qarın, çovğunun qovğası.

Mürgü döyür göy dalğalar,
Dənizin yuxusu gəlir.
Təbiətin nəfəsindən
İlk sevgi qoxusu gəlir.

Göylər bərəkət göndərir
Torpağa qar tökə-tökə.
Səttar fırçası gərəkdir
Bu qış tablosunu çəkə.


Mən rəssam deyiləm,
Amma çox rəssamın tanımadığı
rəngləri tanıyıram.
Sevgi rəngi, həsrət rəngi, dərd rəngi…

Mən bəstəkar deyiləm,
Amma hər bəstəçinin
eşitmədiyi səsləri eşidirəm.
Ayrılığın, vüsalın, ümidin səs ahəngi.

Mən bağban dey1iləm,
Amma çiçəklər kimi
ətrini tanıyıram
ayların, günlərin.
Ömrümü bəzəyir
al-əlvan duyğuların ətirli çələngi.

Mən rəssam deyiləm,
Bəstəkar deyiləm,
Bağban deyiləm…
Mən qadınam,
Allahın xoş saatda yaratdığı.
Gözümdə, könlümdə
Allah sevgisinin işığı.