.....

.....

Boluslu Anar Əlioğlunun şeirləri

Boluslu Anar Əlioğlunun şeirləri

Bu Eşqi

Sovruldu yer ilə göy arasında,
Torpaq da sevmədi dənsiz bu eşqi.
Üzünü çevirdi öz qibləsindən,
Üsyankar bildilər dinsiz bu eşqi.

Qoymadın gün düşə, biraz gün dəyə,
Bir azca nəm qala, bir az təpiyə.
Dağ idi, bənzətdin kiçik təpəyə,
Dumansız bu eşqi, çənsiz bu eşqi.

Boluslu Anaram, guya bilmirsən,
Ağır günahammı yuya bilmirsən?
Anlaya bilmirsən, duya bilmirsən,
Axı mən neynirəm sənsiz bu eşqi?!

Yar Dönük Çıxsa

Sakitcə başını aşağı sal, get,
Övladın ağ olsa, yar dönük çıxsa.
Sağ ikən qəbrini qazmağa başla,
Taleyin büdrəsə, bəxt sönük çıxsa.

Səni huş aparar, gözün nəm olar,
Fikirlər başında hər an cəm olar.
Dünyan alt – üst olar, həyat qəm olar,
Qəmin at oynatsa, dərd çevik çıxsa.

Ay Boluslu Anar, özünü yorma,
Gəlmisən, gedərsən, min xəyal qurma.
Sinəni odlama, dizinə vurma,
Arzu – istəklərin, hey, çürük çıxsa.

Ölüm Üçün Doğulmuşam

Yanacağam, sönəcəyəm,
Külüm üçün doğulmuşam.
Susmayacam, haqqı deyən,-
Dilim üçün doğulmuşam.

Baş əymərəm hər niyyətə,
Düşsəm də pis vəziyyətə.
Qatlaşacam əziyyətə,
Zülüm üçün doğulmuşam.

Sinəmə söz taxacağam,
Şimşək olub çağacağam.
Axı nədən qorxacağam,
Ölüm üçün doğulmuşam.

Başıbəlalı

Fələk fərmanıma yağlı qol çəkdi,
Ürəyim dərd – qəmi hər gün bol çəkdi,
Beşikdən qəbrədək gözüm yol çəkdi,
Daşıdım bu ömrü başıbəlalı.

Bu bəxti, taleyi tez qaraltmışam,
Qaşımı çatmışam, göz ağartmışam.
Çıxmayan yerimdən qan çıxartmışam,
Qaşıdım bu ömrü başıbəlalı.

Kökdən vaxtsız düşdü sazım, deyəsən,
Ruhuma yad oldum özüm deyəsən,
Belə yazılıbmış yazım deyəsən,
Yaşadım bu ömrü başıbəlalı.

Söz Çevirmədim

Həyatda tutduğum öz yolum oldu,
Getdiyim cığırda iz çevirmədim.
Atamdan, anamdan tərbiyə aldım,
Nəslimə, kökümə üz çevirmədim.

Mərifət elmimdən hörmət çilədim,
Bəşərə xoş arzu, niyyət dilədim.
Hamıyla mehriban rəftar elədim,
Qəlbləri qırmadım, göz çevirmədim.

Yaşım hey artdıqca yaş üstə, dedim,
Qoyum bir daşı da daş üstə, dedim.
Kim hara buyurdu, baş üstə dedim,
Boluslu Anaram, söz çevirmədim.

Sözün Dönməsin

Dünyada əbədi qalan deyilsən,
Boş yerə hirslənib gözün dönməsin.
Dadına çatacaq axır məqamda,
Qohum, dost-tanışdan üzün dönməsin.

Səbrini kəssə də dövran, zəmanə,
Heç nəyi gətirmə səbəb, bəhanə.
Yaxşılıq qalacaq səndən nişanə,
Minin yorulmasın, yüzün dönməsin.

Ay Boluslu Anar, köhlənini yor,
Dünyanın içində yeni dünya qur.
Ağzından çıxdısa dalında bərk dur,
Söz namus, qeyrətdir sözün dönməsin.

Səni Gözləyəcəyəm

Mən yuvası boş adam,
Sən ürəyi daş adam.
Ümidlərim yaz qoxur,
Sənsə soyuq, qış adam.
Gedəndə yadındamı,
Dedin qayıdacağam.
Yatmış xatirələri,
Gəlib oyadacağam.
Söz vermişdin baharda.
…Səni gözləyəcəyəm.

Duyğularım ah çəkir,
Gözlərimsə yaş tökür.
Arzularım quş kimi,
Fərəhlənir hey səkir.
Fikirlərim qəm biçir,
Səhərdən axşamacan,
Yazıq canım dərd içir.
Sıxılan ürək kimi,
Qəfəsdə, dörd divarda,
Səni gözləyəcəyəm.

Xəyənatkar deyiləm,
Əhdimə, peymanıma.
Şahid tutdum eşqimə
Yeri, göyü, dünyanı,
And olsun vicdanıma.
Mən sadəlöv(h) adamam,
Dərdlərə div adamam.
Mən vəfasız deyiləm,
Sözü bütöv adamam.
Ömrümün sonunadək
Gülüm, olsam da harda,
Lap yatsam da məzarda,
Səni gözələyəcəyəm.

Canı Yanmışın

Maşallah necə də təravətlidir,
Nəfəsi gül qoxur canı yanmışın.
Ümidvericidir yaşamaq eşqi,
Həvəsi gül qoxur canı yanmışın.

Yarama məlhəmdir işvə, ədası,
Hər sözü, söhbəti ruhun qidası.
Yağ kimi yayılır cana sədası,
Xoş səsi gül qoxur canı yanmışın.

Yuxumun şahıdır yozsam da hara,
Hazıram saçından çəkiləm dara.
Həsrəti dörd divar olub Anara,
Qəfəsi gül qoxur canı yanmışın.

Nə Biləsən Ki

Hamı elə bilir xoşbəxtəm axı,
İçim qan ağlayır nə biləsən ki?
Gündüzlər gülürəm, gecələr isə,
Göz yaşım çağlayır nə biləsən ki?!

Yerlərdə yorulur bu köhlən atım,
Göylərdə qırılır zərli qanadım.
Gözümdə can verir arzu, muradım,
Dərd sinə dağlayır nə biləsən ki?!

Ruh düşür taqətdən, qalmayır heyi,
Can görür müsibət, edir gileyi.
Qəm alır hədəfə kövrək ürəyi,
Ox kimi oxlayır nə biləsən ki?!

Fikirlər piyada uzağa gedir,
Huş yatır pusquda, eh, məni güdür.
Bəxt durur üzümə hədələr edir,
Yolumu bağlayır nə biləsən ki?!

Əzizim, sənə xoş gəlsə də sözü,
Büdrəyib yıxılsa qalxacaq özü.
Matəm içindədir, gülsə də üzü,
Anar yas saxlayır nə bilsən ki?!

Söz Oyunudur

Görürəm hərə bir oyun oynayır,
Yaltağın oyunu üz oyunudur.
Tülkünün oyunu siyasətdirsə,
Qarğanın oyunu qoz oyunudur.

Ürəyi təmizin alqış oyunu,
Bəd dua edənin qarğış oyunu.
Buludun oyunu yağış oyunu,
Küləyin oyunu toz oyunudur.

Qurda tapşıran var indi qoyunu,
Armudla aldadan çoxdur ayını.
Ay Anar, oynama başqa oyunu,
Şairin oyunu söz oyunudur.