Yeganə Adam
Mən sənin eşqindən dəli-divanə,
Sən mənim eşqimə biganə adam.
Hər sözdən inciyib küsmək olarmı,
Hər şeydən olarmı bəhanə, adam?!
Özümü dumana, çənə vermişəm,
Həsrətin qoynunda günə vermişəm.
Ömrümü büsbütün sənə vermişəm,
Nə deyim, nə deyim, daha nə, adam?!
Mən sənə aşiqəm ölənə qədər,
Sevgimə layiqəm ölənə qədər.
Əhdimə sadiqəm ölənə qədər,
Sən – mənim dünyamda yeganə adam.
Ümid Verən Qız
Ölüm caynağında ümid verən qız,
Özü də ölümün cənginə keçdi.
Göylərdə özünü xoşbəxt sayan qız,
Nədənsə bu soyuq torpağı seçdi.
Təzə ümidləri puçurlanırdı,
O hələ qönçəydi gül açmamışdı.
Dünyaya yenicə isinişirdi,
Hələ arzuları dil açmamışdı.
Ömür budağından nə tez qopdu o?!
Ömrünə tez əsdi payız küləyi.
“Hər şey yaxşı olar”, “hamınız susun”,
Təskinlik tapdımı susan ürəyi?
Bir ay parçasıydı sonsuz səmada,
Buludlar dalında gizləndi, getdi.
Kövrəltdi bu səhər Azərbaycanı,
Özü olmasa da inam öyrətdi.
Ölüm caynağında ümid verən qız…
Təyyarə qəzasında həyatın itirən, ümid verici səsi qulağımızdan getməyən Hökümə Əliyevaya həsr olunur
Laylay Deyək Özümüzə
Nəğmə qoşaq, şeir deyək,
Dünya yatsın sözümüzə.
Örnək olaq nəsillərə,
Qoy düşsünlər izimizə.
Yol başlayaq bu həyatla,
Ya piyada ya da atla.
Səhər – səhər xoş ovqatla,
Günəş doğsun üzümüzə.
Ömrün-günün bu çağında,
Bir məhəbbət ocağında,
Xatirələr qucağında,
Laylay deyək özümüzə.
Yaxşı Olardı
Səninçün tökdüyüm göz yaşlarımı,
Quruda bilsəydim yaxşı olardı.
Bəlalı başımı təsəlli ilə,
Ovuda bilsəydim yaxşı olardı.
Səni xatırlayıb anan ürəyi,
Qırılan, ağrıyan, sınan ürəyi,
Od tutub alışan, yanan ürəyi ,
Soyuda bilsəydim yaxşı olardı.
Günü-günə satmaq boşdu, hədərdi,
Kəsildi taqətim, bura qədərdi.
Unutmaq ölümdən qat-qat betərdi,
Unuda bilsəydim yaxşı olardı.
Vaxtım Olaydı
Qəmdən uzaq olub bir yaxşı yerdə,
Başımı qatmağa vaxtım olaydı.
O gözəl anamın dizinin üstə,
Yıxılıb yatmağa vaxtım olaydı.
Səsinə məst olub kaman, tarımın,
Yoluna su səpib intizarımın,
Mənə könül verən nazlı yarımın,
Əlindən tutmağa vaxtım olaydı.
Qadasını alıb övladlarımın,
Yoluna iz salıb övladlarımın,
Qayğısına qalıb övladlarımın,
Arzuma çatmağa vaxtım olaydı.
Ömrümü, günümü etməyib hədər,
Dost-tanışlarımdan görməyib kədər,
Son ünvana qədər, mənzilə qədər,
Dərdi unutmağa vaxtım olaydı.