Böyük eşq ilə
Bilmirəm kim idin,kimin nəyiydin,
Kimə dərd,kimə dost,kimə oğuldun.
Günahsız,qüsursuz, böyük eşq ilə,
Sən mənim qəlbimdə təkrar doğuldun.
Sən hələ mənimçün körpə uşaqsan,
Qəlbimdə yelləncək qurmuşam sənə.
Şirin yuxudan da, diksinib hərdən ,
Sığal çəkmək üçün durmuşam sənə.
Hələ böyüdəcəm e səni içimdə ,
Adını gizlincə səsləyəcəyəm,
Ya səni özümçün sevinc, səadət,
Ya da ki qəm-kədər bəsləyəcəyəm.
İşıqsız buraxma,qoyma kimsəsiz,
Eşq dolu ocağı ,ev-eşiyi sən .
Sən mənim eşqimin ilk göz ağrısı,
Sən mənim qəlbimin son beşiyisən.
İlahi..
Nə aldın, nə verdin min şükür etdim ,
Tək sənə inandım, təvəkkül etdim,
Bir quru nəfəsə təşəkkür etdim ,
Heç üzünə ağ olmadım,ilahi!
Bir də gördüm ömür artıq yarıdı,
Payız gəlib yarpaqlar da sarıdı ,
Bu dünyada bu qız kimdən yarıdı?
Yar arxamda dağ olmadı, ilahi!
Bəs deyirdin qəlbin ahı ağırdı?
Ahım göydən yağış kimi yağırdı.
Eşidəsən məni deyə bağırdım !
Yerin,göyün dağılmadı, ilahi?!
Hirs içində bəs mən axı neynəyim?
Nə vaxtacan dil -dodağı çeynəyim ,
Ha deyirəm susum, susum deməyim,
“Mən yaşadım, sağ olmadım”, ilahi
Vətənim,yurd-yuvam, odum,ocağım
Sanıram düşmənin tapdağındadır.
Savaşa bilmirəm,neyləyim,könlün,
İtirdiyində yox , tapdığındadır. .
Hələ xəbərsizsən özgə qəlb necə,
Titrədər ruhunu qərib el kimi ..
Əsər dəli kimi ,dağıdar,yıxar ,
Məhv edər ömrünü qara yel kimi.
Vaxt gələr yadına bu adam düşər,
Nəfəsin susayar doğma ətrinə …
Qorxuram qəlbindən qayıtmaq keçər,
Amandı,qayıtma tanrı xətrinə…
Sonradan olmur e ,olmur,əzizim
Buraxıb getdiyin ,vətənin deyil…
Axtarma,arama o qəlbi bir də,
Sevsə də,sevsə də o sənin deyil..
Səssiz ölüm…
Bir də görəcəksən göyə çəkilib,
Bir quş dimdiyindən asılıb, öldüm.
Hamıdan uzaqda,sonsuz səmanın,
Soyuq bir küncündə qısılıb, öldüm..
Bir də görəcəksən, bu səssiz ölüm
Tanrı fərmanında, hökmündə yoxdu.
Ruhum da,cismim də, göylərdə qalıb
Yerdə bir məzarlıq yüküm də yoxdu…