.....

.....

Bu dünya imtahandır – Müşfiq Cəbinin şeirləri

Bu dünya imtahandır – Müşfiq Cəbinin şeirləri

Götür göyə cız adımı.

Qopar bir quş lələyindən
Götür göyə cız adımı.
Bil ki,mənəm yer üzündə
Taleyin yalqız adamı..

Günlər ağ gəlir,ya qara
Yu bu ömrü,gəl sər qara…
Min ildir qoyub avara
Bu qələm kağız adamı.

Bu quzu dostsa bu qurdla
Nə xeyri gözün dörd elə
Oğulsan,bu boyda dərdlə
Gəl, içinə sız adamın.

Əkənə nə,kim nə biçir.?
Tanrım, gəl bu quşu uçurt
Uşudub içindən keçir
Hər dəfə payız adamın..

***

Gəlirsən,bir üzdən səadət gətir,
Salıb ürəyimi qəm aha gəlmə.
Mən qalxan zirvəyə, can atıb belə
Bu ucuz sevginlə çox baha gəlmə..

Sən getdin, səninlə yox oldu kölgən
Sənsən, ayrılıqdır yoxdur bir özgə
Gəlsən, qəm gələcək səninlə birgə
Yıxıb ürəyimi derd daha, gəlmə.

İndi ha alışam, indi ha yanam
Odsuz,atəşsiz də onsuz yananam,
Dağılmış bir ruham, sökülmüş canam
Yoxdur o əvvəlki iştaha gəlmə..

Bir üzdə payızam,bir üzdə qışam
Nə fayda adına min nəğmə qoşam,
Qayıdıb görərsən bir quru daşam,
Səni and verirəm Allaha, gəlmə.

Sənin kirpiklərin süpürə bilməz

Durub səhər-axşam gözləri yolda,
Ay mənim yolumu gözləyən qadın,
Hələ çəkilməmiş, ütülənməmiş,
Nə qədər dərdim var, gözlərin aydın.

Yenə sənsizliyə bürünüb yatdım,
Yenə də gəlmədin bu qış ömrümə,
Yığıb hər nəyimi köçdüm mən sizə,
Sən də gəl bu gündən yığış ömrümə.

Sənin kirpiklərin süpürə bilməz,
İzimi-tozumu bu küçələrdən,
İslanmış sevgimi isığa sərib,
Yığ mənim kölgəmi bu gecələrdən.

Mən evin çölündə səni gözləyim,
Sən evin içində mənə gün ağla,
Mən səni bircə yol görməmək üçün,
Bütün qapıları üzümə bağla.

Səni uzaqlara aparan gəmi.

Səni uzaqlara aparan gəmi
Gəlib, gözlərimin yaşından keçir.
Burda bir qadın var,xəbəri yoxdur,
Hər gün ürəyimin başından keçir.

Dər məni,nəfəstək könlünə dolum.
Bir də gözlərindən salmayım yolu.
Gəl,tut əllərimdən,qurbanın olum,
Ömrün payızından,qışından keçirt.

Daha yolun da heç düşməz yanımdan,
Sən getdin,sanma ki,qopdun canımdan.
O itmiş xəyalın bir qız donunda,
Gəlib səhər-axşam qarşımdan keçir..

Ömrün qəbir tərəfi..

Bu dünya imtahandır
Çoxdur kəsir tərəfi.
Açılmır, min illərdir
Həyatın sir tərəfi..

Ana,bu ömrün yükü
Sənsiz içimi sökür
Sən yoxsan deyə, çökür
Evimin bir tərəfi..

Çıx seyr elə, dağ -daşı,
İçində bir dağ daşı….
Qovur üstümə qışı
Vaxtın sibir tərəfi..

Ürəkdə ağrı zədə
Çətin səngiyə,bitə
Yaxınlaşır get gedə
Ömrün qəbir tərəfi…

***

Sənli xatirələr ocaq yeridir,
Getsəm,üşümərəm qışa bu gündən.
Ömrümə gözucu bir hasar çəkin,
Tutun taleyimi daşa bu gündən.

Nə bir toy tutmuşam ,nə toyum olub,
Səndən gizləmək də bir oyun olub.
İlahi,ölümlə qol-boyun olub,
Gəlirəm yanına qoşa bu gündən.

Mən səndən yapışım,sən məndən asıl,
Qoy bizə tutsunlar indidən yası.
Girib ürəyimə sinəmdən asıl,
Ya da dön gözümdə yaşa bu gündən.

Sındır bəxt guzgusun et çilik-çilik,
Sonra da gözünü yollarıma tik.
Mən çıxıb gedirəm səndən ömürlük
Sən də get bir yolluq yaşa bu gündən..