.....

.....

Bu gecə itləri güllələdilər – Qəşəm Nəcəfzadə

Bu gecə itləri güllələdilər – Qəşəm Nəcəfzadə

Mən səni sevirəm ölməzsən heç vaxt

Get, ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə, gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

Sənin dərsin

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al, dayanıram.

Adıntək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.

Vaxt axır… şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.

Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.

Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.

Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Bu gecə itləri güllələdilər

Başçı küçədəki itlərə baxıb,
Yanında durana nə isə dedi.
Hər şeyi birinci duyan alabaş,
Bu gizli qorxunu hiss eləmədi.

Üç qorxaq balaydı, biri anaydı,
Üçü dümağ idi, biri qaraydı.
Götürdü küçəni hay- harayları,
Qaldı küçələrdə çörək payları,
Suları ağlaya – ağlaya qaldı.
Küçəni süpürən qoca qadın da
Balaca üzünü ovcuna aldı-
Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,
Asfalt döşəməyə səpələnirdi.
Uşaqlar yuxudan oyanırdılar,
Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,
Asfaltın üstündə can verən ürək,
Allahı çağırdı, Allah baxırdı…
Allah eşidirdi, Allah bilirdi…
Çöldə taxılımız göyərməyirdi…
Itlərin səsləri göyə çıxırdı,
Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,
Sevdiyi torpaqdan qopa bilmirdi.
O yana – bu yana qaçırdı itlər,
Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,
Torpaq innən belə qan bitirəcək.
Ayağımız altda qalan çörəyi,
Görəsən küçədən kim götürəcək?!

Bu saat gəlirəm

Oktyabrın əvvəlində gələcəkdim
Bağışla, bir az gecikirəm.
Bir az əlimdə ömür var,
Bir az da qəm…

Mən gələnəcən mənimlə olduğun yerlərə get,
Xüsusən dəniz qırağına.
Balıqçıdan soruş,
Sən məni Qəşəmlə görməmisən ki?
Desə hə,
Onda mən sabaha gəlirəm.

Məni bizə çay verən qadının yadına sal,
De ki,
Bir kök kişi,
Saçı dağınıq
Yorğun, parıltısız dişi.
Düymə gözlü,
Adı Qəşəm.
Orda, bir vaxtlar,
Pəncərənin qabağında
Mənimlə əyləşən görməmisən ki?
Desə görmüşəm,
Onda bu gün gəlirəm.

Ayağın altında nazlanan toza,
Quşların ağzından tökülən səsə,
Və yaxud, gizləndiyimiz adamlara
Sual versən,
Mən Qəşəmlə bu küçədə addımlayırdım,
Gördünüzmü?
Əgər xatırlasalar,
Elə bu saat gəlirəm.

Mikayıl Müşfiqin türmədəki şəklinə

Hər şairin gözəl bir şəkli olsun gərək,
Şeir yazmağa,
Divardan asmağa,
Üstünə gül qoymağa.

Nə qədər elədik,
bizim bir gözəl şəklimiz çıxmadı.
Nə qədər, nə qədər elədik, elədik.
Ay kimi alnımıza güllə doğmadı,
Fotoqraf şəklimizi gözəl çəkmədi,
Dostlarımız üzümüzə durmadı,
Arvadımız dəli olmadı, olmadı
Şəklimiz gözəl çıxmadı.

Adam nə qədər şəkil çəkdirər,
Şəkil adama nə qədər oxşamaz,
Adamın üzündə vaxt əylənməz,
Adamın üzündə zaman dayanmaz…

Bildinmi?

Dolub yağış damlasına
pəncərənizi sevdim,
Bildinmi – bilmədim?

Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
Güldünmü – bilmədim?

Özümüzdən öncə,
qapıda ayaqqabımızın
qoşa dayanmağını sevdim,
Sən də sevdinmi – bilmədim?

Sən yatan ürəyimə
başımın sual
Əllərimin nida qoyulduğunu
Bilirsənmi – bilmirəm?

Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı, bilmirəm?