.....

.....

“Bu il erkən düşdü qış ürəyimə” – Vüsal Yurdoğlu (şeirlər)

“Bu il erkən düşdü qış ürəyimə” – Vüsal Yurdoğlu (şeirlər)

***

Hər şey elə başladı, düşünmədiyim anda,
Həyəcan siqnalının tükürpədən səsitək.
Bir kimsədən umduğum olmadığı zamanda
Keçdi yuxarı başa, könlümün yiyəsitək…

Salamladım uzaqdan yaxın gələn gəmini,
Üyüdürdüm içimdə minilliyin qəmini.
Əlimi tutduğunda tutmamışdım dəmini
İsti səmimiyyətin, düşmənin nəvəsitək…

Tanış belə gəlmirdi üzündəki gülüşlər,
Ona qədər çox olmuş məndə gediş-gəlişlər.
Bilirdim ki, çətindir, asan olmur bu işlər,
Qanımı qaraltmışdım saçının şəvəsitək…

Əzabımdan qurtulub sevincəmi qaçaydım?
Qollarımı yad gələn qollaramı açaydım?
Özümə inanmadan eşq andımı içəydim?..
Unutmazdımmı sonra bir gecə həvəsitək?!

Əlini geri çəkdim, geri çəkdim özümü,
Çəkdim o mənə baxan gözlərindən gözümü.
Dilimi udmamışdım, udmamışdım sözümü,
“Sağ ol” nidam var idi dilimdə deyəsi, tək…

O da dindi;- “Soyuqdur, daha boşa dayanma,
Üşüyərsən, get, Vüsal, get, məni aciz sanma”!
Azca sevə bilmədim, çox istəyirdim amma,
Onu ilk romanımın sonuncu cümləsitək…

Kim biləcək, necəyəm, peşmanam, ya deyiləm,
Ey görmədiyim qadın, şirin röyan deyiləm!
Gecikirsən, mən artıq yoxluğunu sevirəm,
Yıxılıb ayağından öpürəm köləsitək.

***

Yenə yağış yağıb şəhərə, kəndə,
Düşüb, dərdi düşüb bərəyə, bəndə.
Sən də gözləyirsən, eləcə mən də
Sellər keçib getsin, çıxıb oynayaq…

Yağış…
Sabahacan
dayanmadan, durmadan
artıq yağıb.
Xəyalını, planını qurmadan
artıq yağıb…
Bu dəfə də dözməyib,
-“Normadan artıq yağıb”,
Neynək, “Allah” evimizi yıxıb..,
oynayaq.

Oynayaq… Kim düşər birinci ritmə,
Oynaya bilməsən, incimə, getmə…
Bu gözəl diyarın dərdləri bitməz,
Dilimizi dişimizə sıxıb oynayaq…

Necə ki oynayır oyuncağıyla,
Oynayıb başını qatır uşaqlar…
Deyirsən, səs salma, yatır uşaqlar,
Gözümdən qaçaqdır yuxu… Oynayaq.

Gəl, yuxu-yuxu oynayaq,
Gəl yoxu, yoxu oynayaq.
Qoxu, qoxu, qan qoxusu,
Qorxu-qorxu oynayaq…

Başlar barmaqların çırtma yeridi,
Başlar boyunların nağarasıdı…
Hələ bu nədir ki.., bu harasıdı?!
Elə özümüzə baxıb oynayaq.

Ayrılıq

(Duyğu, Varlıq və Zaman lirizmi)

Dondu gözlərimdə ayrılıq dəmi,
Yağdı saçlarıma ağrı qar kimi…
Bu il erkən düşdü qış ürəyimə,
Sığınmaz bir ala quş ürəyimə,
Necə ki, mənim də qalacağım yox,
Və də qanad tapıb uçacağım yox,
Qurtula bilmərəm şaxta-sazaqdan.
…Deyəsən, xilas yox bu ayrılıqdan.

Heç nədən gəlib də
heç nədən gedən
Əldə tutulmayan xəstəlik ümid…
Eləcə bir soyuq bəstəlik ümid,
Yanında yaxşıydı təsəlli belə,
Ruhun ağrıyırsa, canın yanırsa,
Kəsərsiz görünür kəsərli belə…
Görünür baxana asan, uzaqdan.
…Deyəsən, xilas yox bu ayrılıqdan.

Hələ qarşıdadır günü, gecəsi,
Saata baxıram, yaşın neçəsi?!
Baxıram dünənə, keçən keçmişə,
Yaddaş qutusuna köçən keçmişə,
İçində heç isti xatirəsi də,
Heç belə soyuğu yoxdur, danışım,
Danışım nə olub, nə keçib, aşkar,
Daha nə sirri var bu aldanışın?!
Soruş ötən ömrü körpə uşaqdan…
…Deyəsən, xilas yox bu ayrılıqdan.

Vüsal Yurdoğlu