.....

.....

Buraxma məni – Şəfa Səfəvinin şeirləri

Buraxma məni – Şəfa Səfəvinin şeirləri

Dirəniş

Gəlir qalaq-qalaq üstümə dünya,
Elə bil, dayanıb qəstimə dünya.
Şübhəmi edirsən şəstimə, dünya?
Huyuna aldanmaq gərəyim deyil.

Hüququn, hökmünə uyan deyiləm,
Qəlbimi kininlə yuyan deyiləm.
Nə sənə bir əşrəf, əyan deyiləm,
Çürümüş bağların dirəyim deyil.

Gündüzü zülmətə bükən cahansan,
Çox ağır keçilən bir imtahansan.
Uçurum üstünə düzülmüş xansan,
Acı loxmaların xörəyim deyil.

Saxtakar üzlərə aldanmaram mən,
Qəlbə qor salmasan, odlanmaram mən.
Kimsənin yasına şadlanmaram mən,
Ağlıma hakimim ürəyim deyil.

Hökmün dirəncimlə verib baş-başa,
Rəhmin yumşalmır ki, bir damla yaşa.
Uymaram oynuna, riyana – haşa!
Səndən gələn ümid harayım deyil.

ANAMGİLDƏDİR

Qəlbimdə, mənimlə birgə boy atan,
Arabir qərq olub xəyala batan,
Həsrətin qoynunda üzülüb yatan
O körpə çağlarım anamgildədir.

Böyüyür intizar yaşım artdıqca,
Hissləri hisslərə dartıb qatdıqca,
Ürək məyus olur geri baxdıqca ,
Gözləri ağlarım anamgildədir.

Nədir bu qargaşa, yorur sinəmi?
Gəlir uşaqlığın bir anlıq dəmi,
Aparır başımdan kədəri, qəmi ,
Cənnətlik bağlarım anamgildədir.

Orda xatirələr xəyala dalıb,
Orda gəncliyimin parçası qalıb,
Ömrümün nəşəsi dərin iz salıb ,
Çiçəkli dağlarım anamgildədir.

Şahiddir dərdimə bu Muğan, bu Mil,
Ən saf duyğularım yurduma şamil.
Məni vətənimə bağlayan amil ,
Qırılmaz bağlarım anamgildədir.

Vətən çiçəyi.

Ay mənim yurdumun, dağ çiçəkləri,
Məndən bircə salam, dilərsənmi, de?
Qəlbə toxunuşlu, gül ləçəkləri,
Həsrətin tozundan, silərsənmi, de?

Könlüm qərib eldə tənha saralıb,
Canımda nəfəsim, yaman daralıb.
Köksümün başını sanki qar alıb,
Dinməsəm, dərdimi bilərsənmi, de?

Mənim vətən boyda intizarım var,
Gengeniş dünya da, mənə olub dar.
Yaman gileyliyəm, dildə ahuzar,
Gəlsəm, dərdlərimi bölərsənmi, de?

İstəsəm könlümə, bir damla ətir,
Desəm:- Yetiş mənə, qəlbimə xatir.
Yazsam hicran dəmin, sətir bə sətir,
Mənim harayıma, gələrsənmi, de?

Bükmə mənim kimi boynunu, gülüm,
Etmə can evini, məkani zülüm.
Qürbətin ağrısı, onsuz da ölüm,
Desəm, gül xətrimə, gülərsənmi, de?

Buraxma Məni

Çağlayan dənizim, coşan çayım ol,
Gündüzlər günəşim, gecə ayım ol.
Allahdan ən şirin sevgi payım ol ,
Gəl, tut əllərimdən, buraxma məni!

Bulaq tək sevgində durulum sənin,
Həzin baxışına vurulum sənin.
Bütün zamanına qurulum sənin ,
Gəl, tut əllərimdən, buraxma məni!

Düzülsün naxışım bir-bir sözlərə,
Xoşbəxtlik yayılsın bütün düzlərə.
Gəlməsin bu sevda heç kəm gözlərə ,
Gəl, tut əllərimdən, buraxma məni!

Doğma baxışından asılı qalım,
Sənin xatirənlə xəyala dalım.
Ruhuma ilhamı səsindən alım ,
Gəl, tut əllərimdən, buraxma məni!

Daşıyım hər dərdin, tək sən yorulma,
Əsla bu həyata bir də darılma.
Sənə tutunmuşam, məndən qırılma ,
Gəl, tut əllərimdən, buraxma məni!

İncimə!

(Vahid Əziz şeirinə nəzirə)
Bilmədin ki, qədir-qiymət nədir sən,
Nə vaxt gəldin, indi çıxıb gedirsən?
Həsrətinlə bir ürəyi didirsən,
Ruhum səndən qisas alsa, incimə.

Bir ömürü həsr etdiyim qayğılar,
Diləyindən yarımamış duyğular,
Mənim sənə göstərdiyim sayqılar,
Tükəndikcə, qəmə dalsa, incimə.

Gəlmədin ki, bu sevdayla baş-başa,
Nə etdimsə, olammadıq biz qoşa.
Sirr verməzdim gərək səntək sirdaşa,
Bu eşq bir gün mənsiz qalsa, incimə.

Bu qanundur, həyat boşa sürünməz,
Sevən ürək dağa-daşa yürünməz.
Saxta hisslər həqiqət tək görünməz,
Meylim dərdə nəzər salsa, incimə.

Bir ürəyi küsdürməyə nə var ki,
Qəlb sındırıb bezdirməyə nə var ki,
Kələyini kəsdirməyə nə var ki,
Fikrim səndən eşqi çalsa, incimə.