BU TORPAQ SƏNİNDİR
Bu torpaq sənindir, burda babanın
Zəhmətlə tökdüyü alın təri var.
Burda şir ürəkli nər oğulların
Şanlı döyüşlərdə axan qanı var.
Bu torpaq sənindir, burda ananın
Laylasından doğan həyat ritmi var.
Süfrəyə qoyduğu nazı-neməti,
İsti çörəyinin sevgi ətri var.
Bu torpaq sənindir, burda övladın
Daşı daş üstünə qoymağı gərək.
Babalarımızdan qalan mirası
Göz bəbəyi kimi qorumaq gərək.
Torpaq qürurundur, torpaq mənliyin,
Namusun, qeyrətin, heysiyyətindir.
Başını dik saxla, fəxrlə söylə:
“Bu torpaq mənimdir, bu el mənimdir!”
ŞƏHİDLƏR
Al qanla torpağa tarix yazdınız,
And yeri oldunuz bizə, şəhidlər.
Bu cahan durduqca örnək alacaq,
Layiq olacağıq sizə, şəhidlər.
Torpaqdan güc aldı diləkləriniz,
Vətənlə döyündü ürəkləriniz.
Düşmənə sədd çəkdi biləkləriniz,
Tarixdə qoydunuz izi, şəhidlər.
Gözüyaşlı qaldı bir dərdli ana,
Böyüdü gözləri yolda bir bala,
Qoymayıb Vətəni çətində, darda,
Oldunuz qələmin sözü, şəhidlər.
Niyə açılmadı yurdumun bəxti?
Niyə yağıların əlində qaldı?
Yenə fikirlərim dərinə daldı,
Göstərin əyrini, düzü, şəhidlər.
Bu vətən qoynuna aldıqca sizi
Azadlıq yolunda açıldı dizi.
Torpağı, havası, günü, gündüzü,
Elimin ürəyi, gözü şəhidlər.
Bu gün gəziriksə bu yurdda azad,
Əgər bayram edib oluruqsa şad,
Bərəkət verirsə bizə bu torpaq,
Əbədi borcluyuq sizə, şəhidlər.
TƏZADLAR
Azad torpaqlara ruhum sevinir,
Şəhidimə ağlar bulud olmuşam.
Bir gözüm ağlayır, bir gözüm gülür,
Göz yaşı içində gülüş olmuşam.
Payızın sehrinə düşmüşəm indi,
Bar-bəhərli ağac vətən kimidir.
Ağacdan saralıb tökülən yarpaq
Vətənçün can verən əsgər kimidir.
Bir ana qol açır azad yurdunda,
Köçkünlük adından silinib deyə.
Bir ana qol açır məzar önündə,
Oğlu al bayrağa bələnib deyə.
Payız özü kimi təzad gətirdi:
Ağlamaq istərkən gülə də bildik.
Şəhid anasının önündə susduq,
Düşmənin canına qənim kəsildik.