QOBUSTAN
Qobustan qayaları,
Səndə tariximiz var.
Babaların sorağı,
Köksündə izimiz var.
Tarixi əks etdirir
Üstündəki rəsmlər.
Sanki, indi çəkilib
Keçsə neçə əsrlər.
Üzərində nələr var :
Ov ovlayan ərənlər.
Ritmlərlə əl-ələ
Birgə yallı gedənlər.
Qavaldaşda səslənən
Tarixin nəğməsidir.
Hər ritmdə canlanan
Ruhumuzun səsidir.
XARIBÜLBÜL
Güllərin arasında
Bir gül var – vətən qoxur.
Üzərində hər zaman
Bülbüllər nəğmə oxur.
İgidlər onun üçün
Torpağa can qoydular.
Üçrəngli bayrağını
Düz yanına sancdılar.
Xarıbülbül vətəndə
Qələbə rəmzi oldu.
Bülbülün şad nəğməsi
Xalqımın səsi oldu.
BALACA SELCAN
Böyük bacı, qardaşı
Dərs hazırlayan anda
Cəld kitabı götürür
İki yaşlı Selcan da.
Ayı görür ,-“A” -deyir,
Topu görür,-” op”- deyir.
Əlinə qələm alıb
Cızma – qara eyləyir.
Məktəbə getmək üçün
Onlar hazırlaşan an
Tez əynini geyinir
Bizim balaca Selcan.
VƏTƏNDAŞ
Sən bu torpağın
Kükrəyən səsi.
Sən bu torpağın
Coşan nəfəsi.
Sənin adına
Bağlıdır vətən.
Xalqını sevər
Vətəni sevən.
Soyunu tanı,
Tarixini sev.
Yurda can qoyan
İnsanını sev.
Sev ana yurdun
Hər bucağını.
Yuva adlanan
Hər ocağını.
Qorunmalıdır
Bu yer, bu dağ-daş.
Bunu anlayan
Olar vətəndaş.
AY HARDADIR
Selcan baxdı göy üzünə,
Ay görünmədi gözünə.
Söylədi o öz-özünə:
-Ay nə yerdə, nə göydədir,
Yəqin nənəsigildədir.