.....

.....

Cılız hisslər yağmaladı ruhunu – Sevil Gül Nurun şeirləri

Cılız hisslər yağmaladı ruhunu – Sevil Gül Nurun şeirləri

Ayrılıq vaxtı

Demişdim ki, bircə dəfə sevir ruh,
Demişdim ki, dərin olur sevgisi.
Bilirdin ki, ruhum sənə bağlıdır,
Sənin qədər sevməmişəm heç kəsi.

Böyük eşqim dar qəlbinə sığmadı,
Cılız hisslər yağmaladı ruhunu.
Baxışının ünvanını dəyişdin,
Kirləndirdin belə təmiz duyğunu.

Dodaqların yalanlardan biçdi don,
Neçə kirli günah geydin dilinə.
Sevgi dolu ovucların boşaldı,
Xəyanəti yığdın iki əlinə.

Ağır oldu budəfəki günahın,
Bir tövbəylə yuyulası iş deyil.
Boşa verdin eşqin vüsal vədəsin,
İndi zaman ayrılığa işləyir.

Göz yaşımla atdım səni gözümdən,
Bir az da sən ağrı-acı çək indi.
Qoy qanasın vicdanının yarası,
Bəlkə ruhun günahlardan çəkindi…

Daş inad

Səpdin göy üzünə ayrılıqları,
İndi buludlardan vüsal süzülmür.
Mənim ürəyimdir, dözür hələ də,
Yer – göy də götürməz bu boyda zülmü.

Susub dodaqların yol ayrıcında,
Gələn sabahıma xeyir söyləmir.
Gözlərin unudub pıçıldamağı,
Daha baxışların şeir söyləmir.

Düşüb tərsliyinin məngənəsinə,
Ərköyün hikkənin əlində qaldım.
Yazıq saçlarımın günahı nəydi?
Yenə də heyfimi onlardan aldım.

O daş inadını tulla dənizə,
Odur yolumuza hər an daş qoyan.
Onsuz nə sən məndən çıxıb gedənsən,
Nə də ki, mən səndən ayrı yaşayan.

Günlərdir, qapıya ilişib gözüm,
Sən də darıxırsan mənsiz, bilirəm.
Əvvəlcə bu yersiz qürurunu yıx,
Sonra da mesaj yaz: Gözlə, gəlirəm…

İsti şeir

Nə uzun gediş oldu?
Dolan səbrin daşmadı?
Gözlərimi incitdin,
Heç sənə yaraşmadı.

Sən ki qıymazdın mənim
Gözlərimə yaş dola.
İndi nəmli gözlərim
Yağır getdiyin yola.

Sığalının dadını
Unutmayıb tellərim.
Öz qoynumda üşüyür
Sən öpdüyün əllərim.

Sən yoxsan, heç duyulmur
Gəlişi də bu yazın.
Güldanda gülün solub,
Çiynimdəsə əl izin.

Səni xəbər almaqdan
Bezdirmişəm hər kəsi.
Dodağımda titrəyir
“Qayıt, dön, gəl” kəlməsi.

Nəfəsin yanağımı
İsidən bahar yeli,
Qayıt gəl ki, isinsin
Saçlarımın hər teli.

Gəl, yorğun baxışımdan
Acı həsrəti götür.
Gözləmə, ömrüm-günüm,
Vaxt keçir, ömür bitir.

Nə bu ömrü bada ver,
Nə eşqi hədər elə,
Mən olduğum yerdəyəm,
Sən gəlsən, xəbər elə.

Yoluna eşqətirli
Misraları düzüm, gəl.
Zəng elə, qapıdayam,
İsti şeir süzüm, gəl.

Son oyun

Gözü dolub buludların bu səhər,
Sən getdiyin o yolları yaşlayır.
Ruhum üzür bir boşluğun içində –
Sevgimizin həsrət ömrü başlayır.

Bu neçənci gedişindir, bilmirəm,
Hər gedişdə dəfə-dəfə yarıldım.
Böyütmədim içimdəki ağrını,
Sən dönüncə ümidlərə sarıldım.

Bir körpəcə təsəlliyə sığınıb,
Günlərimi ötüşdürdüm birtəhər.
Göyərmədi gözümdəki arzular,
Səbrim ilə suvarsam da hər səhər.

Şeirlərdən çətir tutdum könlünə,
Gah saxladın, gah da geri yolladın.
Dönə-dönə getdin məndən uzağa,
Dönə-dönə mənə doğru yol aldın.

Ruhum ayaq səslərindən yorulub,
Addımların döyəcləyir ömrümü.
Məni ürək iynələyir hər gecə,
Gündüzlər də həsrət yeyir ömrümü.

Çox uzandı bu “get-gəl”lər oyunu,
Üzüm gəlmir ürəyimə “döz” deyim.
Ayrılmağa gəlirsənsə, qayıtma,
Qovuşmağa gəlirsənsə, gözləyim.

Şah beyt

Bu soyuq qış gecəsi yaza dönə bir anda,
Həsrətindən öldüyün gəlib dura qapında.

Ömrünə hakim olan qasırğalar səngiyə,
Könlündə güllər aça, qəlbin əlvan don geyə.

Gəlişi qanı qaçmış duyğulara qan verə,
Baxışı o sönükən gözlərinə can verə.

Dikilə nəzərləri tir-tir əsən çiyninə,
Çıxarıb pencəyini geyindirə əyninə.

Quruyan dodaqların bir söz deyə bilməyə,
Qaldıra əllərini göz yaşını silməyə.

Əriyə yanaqların, itə ovuclarında,
Hicranın vahiməsi bitə ovuclarında.

Darıxan saçlarını barmaqları ovuda,
Ətrindən məst olasan, ruhun özün unuda.

Unudasan keçmişin acı xatirəsini,
Ciyərinə çəkəsən alovlu nəfəsini.

Alışan iztirabın sönə dodaqlarında,
Hissin dəli tufana dönə dodaqlarında.

İçini parçalayan qaranlıqlar dağıla,
Bugecəki görüşdən bir şeir də doğula.

Oxşayıb şeirlərin gah misra, gah beytini,
Ona pıçıldayasan hər şeirin şah beytini.

Yenidən eşq alovun sancasan yaxasına,
Gedəsən milyonillik məhəbbət yuxusuna…

Sevil Gül Nur