DAĞIDILMIŞ ABİDƏNİN FƏRYADI
(Bir pərdəli dram əsəri)
Şuşa. Cıdır düzü. Səhərdir, hərdən axışan seyrək duman Vaqifin abidəsinin üzərindən keçir. Ətrafda bir sakitlik hökm sürür.
MOLLA VƏLİ VİDADİNİN SƏSİ:
-Vaqif, səndən cavab almaq dönüb tilsimə,
Hardasan, cavab ver mənim səsimə.
MƏZARDAN SƏS ( Vaqif):
Bu səs tanış səsdir, uzaqdan gəlir,
Vidadi yaşayan Qazaxdan gəlir.
MOLLA VƏLİ VİDADİNİN SƏSİ:
Hardasan, cavab ver mənim səsimə!
MƏZARDAN SƏS (Vaqif):
-Yox, yox, yanılıram, bu ola bilməz,
Şair Vidadinin səsidir bu səs.
Mən sənin səsini eşitdim ustad,
Nə yaxşı sən məni eyləmisən yad.
Sağım da, solum da xain erməni,
Çirkin əməlləri öldürür məni.
MOLLA VƏLİ VİDADİNİN SƏSİ:
-Sənsiz ömr eyləmək, yaşamaq heçdir,
Yazdır , göyümüzdən durnalar keçdi.
Bilirsən, bu dəfə mən necə coşdum?
Qərib durnalara nəğmələr qoşdum.
Göylərdə ah-nalə, fəğan qoparın,
Hələ xəbəri yox bundan çaparın,
Sürbənizi başqa yerə aparın.
Xain ermənilər vurarlar sizi,
Göydə bircə-bircə qırarlar sizi.
Vaqif, heç vaxt yaddan çıxarma bizi,
Gətir xəyalıma deyişməmizi.
Mehrin, məhəbbətin gəzdi canımda,
Heyf ki, heyf ki, yoxdun yanımda.
Gəlib sən yuxuma girdin bu gecə,
Tükəzban xalan da darıxır necə!
Eh, ömrün şaxtası, buzu, qarı var,
Sənə çox səmimi salamları var.
Gördüm ki, düşmənlər incidir səni,
Bir dığa külünglı yarır sinəni.
Hövlank ayıldım, yuxudan qalxdım,
Dayanıb nə qədər yollara baxdım.
O gündən ürəyi, qəlbi viranam,
Səndən nigaranam, çox nigaranam.
MƏZARDAN SƏS (VAQİF):
-Dostum, nə zamandır bağlıdır yollar,
O yolu açacaq igid oğullar.
Yerə, göyə sığmır elin dərdləri,
Mən belə bilməzdim bu namərdləri.
Bağları qırdılar, həddi aşdılar,
Elin namusuna çox sataşdılar.
Məğzi də, canı da budur sözümün,
Bir az səbrin olsun, bir az dözümün.
Bu yükü millətim daşıya bilməz,
Qarabağ dustaqda yaşaya bilməz.
MOLLA VƏLİ VİDADİNİN SƏSİ:
Bir quşam, elə bil qalmışam dənsiz,
Burada yaşaya bilmirəm sənsiz.
(Bir erməni generalı, bir neçə əli baltalı, külünglü əsgər abidəni dövrəyə alırlar).
ERMƏNİ GENERALI (İstehza ilə):
-Bir az əl saxlayın, bir az dayanın,
Vaqif şairidir Azərbaycanın.
Görün nə qürurla baxır bu hərif !
Külli Qarabağı edirdi tərif.
Qazax mahalından olsa da özü,
Bizim Qarabağdan hər şirin sözü.
“Gözəl Qarabağın abi-həyatı,
Nərmə-nazik bayatıdır, bayatı”.
Böyük Qarabağı öz təni bilib,
Ən əziz, doğmaca Vətəni bilib.
Mənim sənətkara çox hörmətim var,
Ancaq sizlərə də nəsihətim var.
Mən təkcə demirəm Cıdır düzündə,
Bir türk abidəsi bu Yer üzündə,
Gərək görünməsin, gərək qalmasın,
Qarabağ elində heç ucalmasın.
Gizlədilsə belə torpağın altda,
Abidə ən böyük şahid həyatda.
Qoy dünya eşitsin külüng səsini,
Dağıdın Vaqifin abidəsini.
MƏZARDAN SƏS (VAQİF):
(Eşidilən səs düşməni qorxuya və təşvişə salır).
Namərd balaları, durun bir anlıq,
Çirkin əməliniz yalnız nadanlıq.
Atın külüngləri, əl saxlayın, əl,
Tarixə ləkədir bu murdar əməl.
Təhqir etsəniz də min dəfə məni,
Axı yaradan var bu abidəni!
Qurub-yaradanı sevməyən bir kəs,
İnsanlıq adını daşıya bilməz!
SƏMƏD VURĞUNUN SƏSİ:
-Ey qəlbləri xain, vicdanları dar,
Vaqif böyük insan, böyük sənətkar.
Kim hörmət etmirsə bir sənətkara,
Bəşərin qəlbində sağalmaz yara.
Xalqlar dostluğundan yazıblar hər an,
Bizim Axundovla sizin Abovyan.
Caniyə döndünüz neçin hamınız?
Bumu sənətkara ehtiramınız?
Vaqif əsərimin qəhrəmanıdır,
Mənim eşqimin də ruhu, canıdır.
ERMƏNİ GENERALI :
Səməd Vurğunundur eşidilən səs,
Bu xəbər şairə hardan çatdı bəs?
Şair qarşısında dilsizəm, lalam,
Mən hərbçi adamam, bir generalam.
Dağıdır, öldürür, alıram qisas,
Erməni xalqına bunlardır əsas.
Əbəs yerə deyil bu qeyrü- qallar,
Bizi aldadammaz şirin xəyallar.
SƏMƏD VURĞUNUN SƏSİ :
Yox, yıxmaq, öldürmək deyil kişilik,
Vəhşilik deyilir, buna vəhşilik.
Ey cənab general, yaxşı bilin siz,
Tarix qarşısında cavabdehsiniz.
Görürəm, o günlər tez gələcəkdir.
Dünya üzünüzə tüpürəcəkdir.
ERMƏNİ GENERALI :
Vurun baltaları, qaldırın, vurun !
SƏMƏD VURĞUNUN SƏSİ :
Yox, insaf eyləyin, dayanın, durun!
( Düşmən əsgərləri abidəni dağıtmağa başlayırlar).
Baltaydı, külüngdü, bilmirəm nəydi,
Şairin hayqıran qəlbinə dəydi.
MƏZARDAN SƏS (VAQİF) :
Dağıdın, dağıdın, məzarımı siz,
Yoxdur ürəyiniz, yoxdur hissiniz.
Görürəm qəlbiniz necə kiçik, dar,
Mən sizi bu qədər bilməzdim qəddar.
Yıxın heykəlimi, dağıdın, yıxın,
Qəbir daşlarının sonuna çıxın.
Xalqın qəlbindəsə heykəlim vardır,
Onu görməyən kor, ya da ki,
kardır.
Çox mundar olsa da hər əməliniz,
O böyük heykələ çatmaz əliniz.
Səsimi eşitsin qoy bütün ellər,
Hanı tanıdığım qüdrətli əllər?!
İndi kainat da gözlərimdə dar,
Mənə cavab verin, hardadır Eldar?
Vaqifdir yaşayan yenə də darda,
Səsimə cavab ver, hardasan, harda?!
Əgər qurtarmasan Vaqifi dardan,
Yoxdur umacağım pərvərdiyardan.
ELDARIN SƏSİ :
-Şair, dinlə məni, çoban Eldaram,
Mən sənin yanında həmişə varam.
Hücuma hazıram dəstələrimlə,
Neçə igidimlə, neçə ərimlə.
ERMƏNİ GENERALI :
Ara, qulaq asın, bu səslər hardan,
Gəlib asacaqlar hamını dardan.
Eldarın gücünə gücümüz çatmaz,
Ona qılınc vursan, qılınc da batmaz.
Eldarın dəstəsi Qalaya yaxın,
Tez olun, tez olun, aradan çıxın !
(Erməni generalı başda olmaqla əsgərlər qaçmağa başladılar. Dağıdılmış abidə öz yerində bərqərar olur ).
ELDAR görünür:
Möhtərəm şairə salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
MƏZARDAN SƏS (VAQİF) :
Səsimi eşitdi, çox sağ ol, Eldar,
Düşmənin yerini dar eyləyin, dar.
Eldar, sözlərimi deyirəm bir də,
Elin qisasını qoymayın yerdə.
Geriyə qaytarın o şöhrət-şanı,
O murdar əllərdən alın Şuşanı.
Ellərin ən yaxın dostu, yarı var,
Külli Qarabağın xilaskarı var!
ELDAR :
Şair, sözlərimə qəlbən inanın,
Doğma Qarabağım Azərbaycanın.
Onun hər qarışı doğma, müqəddəs,
Ürək bədənindən ayrıla bilməz!
Qoy qalxsın göylərə üçrəngli bayraq,
Düşmənə qalmasın bir qarış torpaq!
Qalxın, igidlərim, hey cuma- cuma,
Üç yandan, dörd yandan keçin hücuma !
(Cəngi sədaları altında Eldarın dəstələri rəqs edir. Sonra hücum marşı ilə hücum əməliyyatları başlayır ).
SƏS:
-Dinləyin, bu nə səs, gəlir Qaladan,
Qarabağ qurtuldu dərddən-bəladan.