.....

.....

Darıxdınmı qollarında gecənin? – Əfsanə Rəvan (şeirlər)

Darıxdınmı qollarında gecənin?

Uduzdunmu taleyinə, bəxtinə,
Darıxdınmı qollarında gecənin?
Uzatdınmı əllərini səmaya,
Söylədinmi ürəyindən keçəni?

Sona yetdi mübarizən, savaşın?
Əsas olan qələbəydi səninçün.
Mən səninlə savaşmaqda acizəm,
Sənə təslim olmamaq da, nə mümkün.

Əl üzdünmü ümidinnən bir anda,
Bitirdinmi duaları yarımçıq?
Tapammadın dönərgəni, yönünü,
Yoxdu daha nə it səsi, nə işıq.

Əngəl oldu cəsarətin sevginə,
Yenə səndən küsəmmirəm sevgili.
Əl atıram toxunduğun saçlara,
Kəsəmmirəm, kəsəmmirəm sevgili.

Sevgilər

Səndə zəncirləmişdim bu dəlisov könlümü,
Bir xaraba ümidin ardınca sürünürdüm.
Vallah qurban verərdim sənə görə ömrümü,
Kənardan necə məsum, necə saf görünürdün.

Və mən həmin saflığın, məsumluğun əsiri,
Sənə təslim olmağa gəlmişdim addım-addım.
Məni ram eləmişdin baxışınla, sözünlə,
Mən də səni könlümdə ucaltdıqca, ucaltdım.

Sən keçilməz yol oldun, sonunda işıq düşən,
Atılıb boz küçəyə, ürəyim sənə qaçdı.
Necə inanmışdısa iki kəlmə xoş sözə,
Sənə qovuşan kimi, arzular çiçək açdı.

Sonra düşdü bəxtimə gecənin ən qarası,
Yenə əlimdə qaldı peşmanlıqlar, kaşkilər.
Hər şey ilk günüki kimi olmadı heç qadası,
Sən ki, məndən soyudun, sevgilər ee sevgilər.

Sən gəlmə

Dağıdım tellərimi qoy gecənin üstünə
Sarılım tənhalığın bu ecazkar büstünə,
Yenə özüm yetişim öz oduma, tüsümə,
Sən gəlmə, istəmirəm.

Bəxtimlə də yarışım savaşım, küsüm olsun,
Yaradana üz tutum, baxmağa üzüm olsun,
Səndən istədiyim şey, sənə son sözüm olsun,
Sən gəlmə, istəmirəm.

Canımda təpərim var, dərdə de, hələ gəlsin,
Dindirdim duyğuları dedim ki, dilə gəlsin,
Bundan sonra yanıma əzrayıl belə gəlsin,
Sən gəlmə, istəmirəm.

Ölsəm üzülmə

Bir gün biləcəksən qərdimi onda,
Daha olmayacaq bahar əllərim.
Toxunsan ömrünü buz eliyəcək,
O boran əllərim, o qar əllərim.

Könlün darıxacaq sevilmək üçün,
Xumar gözlərimdə od gəzəcəksən.
Bir gün biləcəksən qərdimi amma,
Dilində başqa bir ad gəzəcəksən.

Dəlisov baxışlar süst olacaq, süst,
De, necə dözəcək qəlbin bu zülmə?
Bir gün torpaq sevib, qədrimi bilsə,
Ölsəm üzülmə ee, qəti üzülmə!