Adsız məzar
Analar torpağa
verildiyi gündən
Qara torpaq
Ana torpaq oldu.
Sonra da aldıqca aldı,
İgid-igid oğulları.
Yarıb-yarıb ciyərini
qəbir qazdı.
Sinəsinə basdı…basdı
Təki, bölünməsin deyə,
Neçə-neçə cavan bədən
parçalandı.
Adı qalmış daş ürəyi,
Məzar daşı oldu sonra.
Gah şəkilli, gah şəkilsiz,
Dirisinin adı bəlli oğulların
Neçəsini adsız qoydu.
Analar min adla doğdu,
Ana torpaq aldı,aldı.
Gözü doymadı,doymadı.
Hamısının adı eyni,
ŞƏHİD oldu!
Bir qadın
Bir qadın vardı
Gözləri tavanda
Üzərində başqasını,
Ürəyində başqasını
Daşıyan.
Bir qadın vardı
Hələ uşaqlığından
Əynində qonşunun,
Xəyalında atasının
aldığı donu
Daşıyan.
Bir qadın vardı
Bir ömür
Sadəcə üşüməməkçün
Başqa donlarda,
Başqa bədənlərdə
Ölə-ölə yaşayan,
Yaşaya-yaşaya ölən,
Bir qadın vardı.
Sənsiz olmur
Darıxıram, sənsiz olmur.
Olur, amma sən bilmirsən
Sənsiz olmaq, necə olur!
Necə deyim anlayasan?
Bax məsələn, yağsız-duzsuz yemək kimi.
Susuz balıq,
Labirint yol,
Kimsəsiz ev,
Tərk edilmiş yaşlı,qoca,
Yetim qalmış uşaq kimi.
Belə olur, sənsiz olmaq.
Bax məsələn, bu aralar
Aynadan da yan gəzirəm,
Utanıram gözlərimlə üzləşməyə
Mən, o qədər sən olmuşam
Gecikmişəm səni mənə dəyişməyə.
Sən getmisən, yerin bəlli
Mən hardayam? Məni gətir
Bir yol göstər, məni tapıb gətirməyə.
Nə gülüşüm həmin deyil,
Nə yerişim həmin deyil,
Səmtimi də itirmişəm,
Hara gedim, kimə gedim?
Əynim nazik, dolaşıram küçələri
Sabah-axşam, veyil-veyil
Qollarını aparmısan,
Qoy üşüyüm.
Yatağı da yığmamışam, səndən sonra
Buzdur yorğanım-döşəyim,
Neyləyirəm, mən o evi
Divarlar üstümə gəlir,
Mən ki, sənə sığınmışdım
Sən idin evim-eşiyim
Hər gecənin sabahı-var,
istəmirəm.
Sənsiz gələn sabahları,
istəmirəm.
Sevdiyimlə sınanmağı,savabları
istəmirəm.
Günahları istəyirəm
Yetər ki,gəl.
Günahınla, savabınla
Yetərki,gəl.
Darıxıram, sənsiz olmur.
Olur, amma.
İndi bildin, sənsiz olmaq, necə olur?
Belə olur, sənsiz olmaq.
Olsa-olsa, belə olur!
Sərsəri
Bu qədər sevməzki, adam adamı
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan
Dünyada səndən də yaxşı var axı.
Saatı soruşur,bayaq bir qadın
Deyirəm, səkkizdir, “o evdən çıxır”
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah,ah
İkinin yarısı nahar edəcək
Günümə-saatıma bax, Allah,Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır,
Mənim ömrüm, günüm, özüm,
Onunsa,
Yeməyi acısız olmamalıdır.
Bu qədər sevməzki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm,
Adın batsın, unutmuşam adımı,
Sən gedəli, yox olmuşam, itmişəm!
Soyuq əllər
Ayrı-ayrı yaşayırıq,
Eyni hava, eyni şəhər
Sən o yanda, mən bu yanda
Eyni gecə, eyni səhər.
İsitdiyin əllər indi
Soyuqdur sənsiz boş qalıb
Barmağımın ucunadək
Darıxıram, yada salıb.
Bir çırpınır iki ürək,
Gecələrin birindəyik
Buludlar da sevdamıztək
Qaralıb, qəm içindəyik.
Pay gətirir sənə yellər
Dəli bir eşq, şirin yuxu
Məndə qalsın soyuq əllər
Yuxusuzluq, bir də qoxun
YOL
Mən bir yolam,
Bütün məndən keçənlərin
Yorğunluğun,
Ağırlığın,
Üzərimdə daşımışam.
Mən bir yolam,
Kimi kinin qusub keçib,
Kimi söküb boğazından
Dərdin-sərin,
Alıb əlinə kəndirin,
Gəlib məndən asıb keçib.
Mən bir yolam,
Sinəmdə dərin quyular.
Məni elə qazıblar ki,
Çətin ki, burdan duyalar.
Mən bir yolam,
Cəmi 37 ildir, varam
Amma, elə yorulmuşam
Elə bil ki,
Min ildir ki, yaşayıram.
Uşaqlar
Qucağım o boyda olaydı ki,
Bütün uşaqlar sığaydı ora
Qoruyaydım uşaqları
Tufanlardan, boranlardan
Əllərimlə isidəydim.
Heç bir uşaq üşüməzdi ayaqyalın,
Heç bir uşaq itirməzdi savaşlarda ayaqların.
Qoruyaydım uşaqları yalanlardan,
Özüm yalan danışaydım,
Deyəydim ki, bu dünyada
Xeyir şərə qalib gəlir,
Gizləyəydim
gerçəklərdən,olanlardan,
Atıb gedən atalardan, analardan.
Deyəydim ki, sənin atan qəhrəmandır
Uyudardım qucağımda yetim qalan körpələri,
Deyəydim ki, yum gözünü, anan sağdır!
Qucağım o boyda olaydı ki,
Bütün uşaqlar sığaydı ora…
Qoruyaydım UŞAQLARI
Bu dünyadan,
ADAMLARDAN!