Darıxmağın gücü
Bu mövsümdə getməzlər ki, qurban olum,
Üşüyərsən, barı yazı gözləyərdin.
Vücudunu ayrılığa sürükləyən
O səbirsiz inadına “döz” deyərdin.
Demirsənmi, darıxarsan soyuqlarda,
Ruh isidən bir söz duymaz qulaqların?
Titrədərsən qızdırmalı adamlartək,
Hey adımı sayıqlayar dodaqların.
Demirsənmi, imdadına kimsə yetməz,
Tənhalığın ilan kimi sancar səni?
Xatirələr hücum çəkər yaddaşına,
Yaralayar “xəyal” adlı xəncər səni.
Qıvrılarsan ağrılardan bütün gecə,
Yaraların sızıldayar buz yataqda.
Sən bilmirsən, necə olur darıxmaqlar,
Səhərəcən ağlamaqlar tək otaqda.
Nə biləsən, sabahlara çıxmaq üçün
Gecələrin saçlarını yolmaq nədir?
Bütün günü şeirlərlə cəng eləmək,
Mahnılarla əlbəyaxa olmaq nədir?
Siyirmədə unudulub qalan ətri
Səhər-axşam dəsmalına sıxmaq da var.
“Yanımdadır” deyə yalan təsəlliylə
Ümidlərin axırına çıxmaq da var.
Sən bilmirsən, necə olur bu intizar,
Dadmamısan heç dadını darıxmağın.
Əvvəl çökür sinən üstə küt ağrılar,
Sonra kəsir nəfəsini ağır-ağır.
Belə odlu vida etmə, ömrüm-günüm,
Əriyərsən alovunda bu vidanın.
Darıxmaqlar güclü olur ayrılıqdan,
Darıxmaqlar dizin bükür “əlvida”nın…
Daşını atmışam darıxmaqların
Bilirdim, qaranlıq keçib-gedəndir,
Bilirdim, gecələr ömürlük deyil.
Bax sabah açıldı, bitdi həsrətim,
Daha sənsizliyim mənə yük deyil.
Daha qorxularım əriyib-gedib,
Onlar əvvəlkitək məni üşütmür.
Bütün acılara kar olub ruhum,
Haray salsalar da, indi eşitmir.
Mənə doğmalaşıb sadiq təkliyim,
Dadı damağımda çox şirinləşib.
O qədər ayrılıq yaşamışam ki,
Səbrimin kasası lap dərinləşib.
Bölüb ayrılıqlar öz arasında –
Qəmimdən üç buna, beş ona düşüb.
Daşını atmışam darıxmaqların,
Gedib ağrıların başına düşüb.
Ruh əkizi
Bir ruh göylərdə azmışdı,
Ruhumun izinə gəldi.
Yol göstərdim misra-misra,
Şeirimin sözünə gəldi.
Harayladım uzaqlardan,
Çıxdı o sərt sazaqlardan.
Keçərək qarlı dağlardan
Könlümün düzünə gəldi.
Bilirəm, dərdi çox oldu,
Həm büdrədi, həm yıxıldı,
Başqa kəslərdə sıxıldı,
Ruh öz əkizinə gəldi.
Gəldi sahibi yuxumun,
Getdi ağrısı qorxumun.
Mənim də bu kor duyğumun
Gur işıq gözünə gəldi.
Keçdi qəlbin boş yerinə,
Daldı hisslərin seyrinə,
Qonaq elədi şeirinə,
Ac ruhum özünə gəldi.
May günəşi
Titrəyən barmaqlarım sığallayır rəsmini,
Gözlərim hey yol çəkir, mən yozuram xeyirə.
Dodağımın ucunda rəqs eləyir misralar,
Yenə də həsrətini döndərirəm şeirə.
Hava da dəli olub, yönünü tutmaq olmur,
Üzündən zəhər yağır, dilindənsə zəhrimar.
Bəlkə ayrılıq gəlib havanın da başına,
Bəlkə bu yazığın da içində yar dərdi var?
Hərə öz havasında, mən sənin havandayam,
Mənim tək dərdim sənsən, may havalı sevdiyim.
Qaranlıq zindan olub sən olmayan hər tərəf,
Nəfəsin dəymədiyi yerə necə “ev” deyim?
Gözlərim baxışına tamarzı qalıb, ömrüm,
İntizar yeli əsib, gülüşlərim sovrulub.
Saçlarım əllərinin müqəddəs yurd yeriydi,
Sən onu tərk edəndən xarabaya çevrilib.
Bax yenə pəncərəmi titrədir dəli külək,
Göylər də dolub qalıb, buludların gözü nəm.
Sən yoxsan, bu təbiət yasa batıb mənimtək,
Sən gəlsən, may günəşi doğacaq yer üzünə.
Ayrılıq günəşi
Bir qadın yaşlanar baxışlarında,
Böyük sevgisini qoca görərsən.
Birgünlük həvəsi, biranlıq hissi,
Cılız duyğuların verdiyi həzzi
Sənə eşq verəndən uca görərsən.
Sənə eşq verənə əzab verərsən,
O da incə-incə çəkər içinə.
Onu unutduqca başqa gözlərdə,
Hər gecə astaca çökər içinə.
Bir gün də dikələr çökdüyü yerdən,
Toplayar ovcuna bütün səbrini,
Sıxar barmaqların ovcuna doğru,
Didər dırnağıyla, ətini didər.
Onu tək qoyduğun günün birində
Son dəfə ilk görüş yerinə gedər.
Yalçın qayaların başına çıxar,
Ən uca, sıldırım daşına çıxar.
Atar sevgisini mavi sulara,
Yem edər eşqini ac balıqlara,
Sığdırar dərdini iki damlaya,
Bütün ağrıları yaşına çıxar…
Bir səhər özünə dönər o qadın,
Bir səhər güzgünün önünə keçər,
Silər gözlərinin yaşını birdən.
Geyinər ən gözəl libasını da,
Dolabdan ən gözəl ətrini seçər.
Sonra saçlarını yığar əlinə,
Kəsər sən öpdüyün həmin o yerdən…
Nə qəlbi odlanar bu ayrılıqdan,
Nə həsrət qovurmuş ruhu don tutar.
Adını dilinə gətirməməkçün
Sıxar dodağını, dişinə sıxar.
Hissləri can verər dodaqlarında,
Gecəni sübhədək elə qan udar.
Ağlamaz, yaşını gömər içinə,
Sənli yaddaşını gömər içinə,
Səhərə çıxanda səni unudar…
Dəyişər nizamı səyyarələrin,
Göylərdən ulduzlar yağar ömrünə.
O, vüsal günəşi gözləmədəykən,
Ayrılıq günəşi doğar ömrünə.
Hər gün o günəşin şüasın udar,
Unudar… O qadın səni unudar…
Gözləməz yolunu unutmuş qadın…