ANALAR
Bu dünyanın ağır yükün
Daim çəkər analar.
Gənc yaşında bəyaz tükün
Hörüb tökər analar.
Boran-qışa sipər olar,
Məlhəm kimi qəlbə dolar,
Acı sözdən küsüb solar,
Boyun bükər analar.
İçi ağlar, üzü gülər,
Göz yaşını gizlin silər,
Övladını dünya bilər,
Onsuz ürkər analar.
Bəzən qədri bilinməz,
Ana haqqı silinməz!
Dərdi yarı bölünməz,
Çün tək çəkər analar!
Üzü bahar, içi qışdır,
Qayğı dolu baxışdır,
Alnı dərddən naxışdır,
Əzab tikər analar.
Çiyinləri dağ qaldırar,
Ağrıları aldırar,
Qucaq-qucaq gül doldurar,
Həyat əkər analar!
DARIXSAN
Darıxsan, səmaya bax mənim üçün,
Çünki arzularım orda qanadlı.
Göy üzü tutulsa, o qəmim üçün,
Açılan səması bil ki, sən adlı!
Darıxsan, çəmənə bir nəzər elə,
Ruhum yuvarlanıb, orda yatıbdır.
Quru torpaq görsən, bir şeir söylə,
O nakam sevgidən yasa batıbdır.
Darıxsan, gecələr aç pəncərəni,
Seyr elə ulduzlar axışınca sən.
Ay necə səhərə alır kürəni,
Günün ilk şöləsi baxışınca sən.
Darıxsan, bir gül tap, ətrini qoxla,
Bütün ruhun ilə o gülü duy sən.
Qırma budağından, üstündə saxla,
Ayrılsa, yerindən solar, bilirsən.
Darıxsan, bir həzin musiqi dinlə,
O mənim ruhumun qidasıdır, bil.
Xəyalın mənimlə, ruhum səninlə,
Biz ki ayrılmarıq, bu mümkün deyil!
ÜRƏYİMƏ
Sakit-sakit axan yaşlar
Axıb sızar ürəyimə.
Qəlbimə bağlanan daşlar
Yara cızar ürəyimə.
Məlhəmi yox sağaltmağa,
Nə də dərdi azaltmağa,
Qüssə qəlbi qaraltmağa,
Sanki məzar ürəyimə.
İşığı yox, kor olmuşam,
Kül altında qor olmuşam,
Öz gözümə xor olmuşam,
Dolub azar ürəyimə.
Nə etsəm də, azalmayır,
Bircə gün şəfa almayır,
Sevinc də axıb dolmayır
Qəmdən bezar ürəyimə!
MƏN YANDIQCA
Saçlarımı boya ilə boyatdım,
Bəyazları hey içimdə yaşatdım,
Görkəmimlə mən hər kəsi yanıltdım.
İçim atəş, hey yandıqca alışır,
Payız məni soyutmağa çalışır.
Nə payızın dayanmayan yağışı,
Nə boranı, şaxta dolu sərt qışı,
Nə də hər gün axıtdığım göz yaşı
Atəşimə zərrə təsir eləməz,
Məni məndən özgələri dinləməz.
İç səsimi susduranlar çox oldu,
Onlar bir-bir həyatımdan yox oldu,
Ömür keçdi, illər yaşa tez doldu,
Mən yandıqca fırtınalar sovurdu,
Sonra atəş öz qoruyla qovurdu.
Mən yandıqca həyat məni sınadı,
Atəşimdən bixəbərlər qınadı,
Küllərimdən doğularaq inadı
Bu dünyaya sipər etdim, dirəndim,
Ömür boyu xoşbəxtliyə irəndim.
Əl açmadım, dilənmədim, istədim,
Bunun üçün dərdlərimi gizlədim,
Uzaqlardan xoşbəxtləri izlədim,
Bəzən layiq olmayanlar yaşadı,
Əmək verən insanların əməkləri boşadı!!!
RUHUM OYANMAZ
Dan sökülər, ay batar,
Bütün cahan oyanar.
Təkcə yatan biri var,
O da ruhum, oyanmaz.
Cismim gəzər dünyada,
Ruhum yatar röyada.
Axı düşməyir yada,
Dərdinə kimsə yanmaz.
Oyaq sanar baxışlar,
Anlamaz dost-tanışlar.
Bircə ürək alışar,
Çünki ruhsuz dayanmaz!
Hər kəs görər görkəmi,
Kimsə anlamaz kəmi.
İçimdəki bu qəmi,
Özgə kimsə anlamaz!