Dalğalan, Bayrağım!
Qürurlan hər zaman Vətən daşıyla,
Dalğalan, ey ulduz, qalx uca başa.
Rəngində tarix var, şəhidin qanı —
Bayrağım, hər zaman zirvədə yaşa!
Dağların nəfəsi sənə can verir,
Bir elin, bir ruhun, bir amalısan.
Rənglərin günəşdən ilhamın alır,
Sən bizim Vətənin gül camalısan.
Ecazkar cilana vurğun təbiət,
Hər rəngin bir məna, özəlliyi var.
“Əmin” – cəsarətli, a nazlı hilal,
Ruhunda elimin gözəlliyi var.
Hələ yaşadacaq bunu nəsillər,
Zirvələr üstündə tutacaq səni.
Dalğalan, Bayrağım, əbədiyyət tək —
Sil bütün göylərdən dumanı, çəni!
ƏLİBOŞ QAYTARMA MƏNİ, İLAHİ
Tövbənə sığınıb, Sənə gəlmişəm,
Əliboş qaytarma məni, İlahi.
Hərdən günah edib, könül dəlmişəm,
Əliboş qaytarma məni, İlahi.
Bilirəm, rəhmətin qapısı geniş,
Zaman qarışıqdır, çətindir gediş.
Dilimdə duaya etmişəm vərdiş,
Əliboş qaytarma məni, İlahi.
Düşüb qaranlığın boz dumanına,
Uymuşuq fələyin min gümanına.
Ya Rəbb, çağır bizi öz limanına,
Əliboş qaytarma məni, İlahi.
Hərdən öz bağrımı dəlir öz ahım,
Kor olur gözümdə bəzən sabahım.
Sənə sığınmışam qəlbdən, Allahım,
Əliboş qaytarma məni, İlahi.
Versən bircə damla pay, mənə bəsdir,
Sənə sığınacaq hay, mənə bəsdir.
Zikrinə alışan ay, mənə bəsdir,
Əliboş qaytarma məni, İlahi.
DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN
(Alı Mustafayevin eyni adlı şeirinə)
Halimda qəribə bir anlayış var
Hər yan buz kimidir,sanki yağır qar
Ünvanım,mənzilim gəlir mənə dar
Uyub bu dünyanın felinə hərdən
Dəli bir ağlamaq keçir könlümdən
Bu dünya susamış nahaq bir qana
İnsanlar möhtacdır sanki bir ana
Baş alıb gedərsəm,fəqət hayana?
Durub öz-özümə deyinirəm mən
Dəli bir ağlamaq keçir könlümdən
Sanıram bir yükdür zaman belimdə
Min “kaş”a bənd olub arzu dilimdə
Vallah ağlamağım deyil əlimdə
Durdura bilmirəm özümü nədən?
Dəli bir ağlamaq keçir könlümdən
Hər yana qəm yağır,kədər qoxuyur
Bülbüllər qan ağlar,həsrət oxuyur
Kainat bizlərə zindan toxuyur
Baxiram bir ümid uçur əlimdən
Dəli bir ağlamaq keçir könlümdən
Qadın
Bir ömür ömrünü vermisən bada,
Kədəri boynuna sarılan qadın.
Gizlincə alışıb düşmüsən oda,
Vədəsiz dərdlərdən yorulan qadın.
Solğun baxışında min bir ifadə,
Mürəkkəb dünyada ən incə, sadə.
Bu qədər böyüdün, sən hansı vədə?
Gözünün yaşıyla durulan qadın.
Dillərə düşməyim, söyləyib susdun,
Bütün acıları bağrına basdın.
Nə ailə, nə qohum, olmadı dostun,
Həyata inciyib darılan qadın.
Həyat nə verdisə, daşıdın onu,
Kimsə düşünmədi bu miskin canı.
Tükəndin, yoruldun, gətirdin sonu —
Saat əqrəbiylə qurulan qadın.
ÜRƏYİMDƏ
Deyirlər torpağın qoxusu şirin
Min özəl yatışı var ürəyimdə
Qəlbdən anlayana dərin mənası
Həsrəti bir ahu, zar ürəyimdə
Ömür dolğunlaşır, yaş ötdükcə hey
Mənasız görsənir vətənsiz il ,ay
Ürək intizara çalındıqca ney ,
Bir cahan sığışmır ,dar ürəyimdə .
Qərib duyğularım, çırpındıqca mən,
Yaş alıb gözümdən ağlaram həmən
Bahar həsrətdir bu göy, bu çəmən
Yatır illər boyu,qar ürəyimdə
Bu geniş bir ümman dar gəlir mənə
Elə bil düşmüşəm borana, çənə
Ünüm də yetişmir Vətənim sənə
Utanır bir həya,ar ürəyimdə
Ötdü illər aylar, alışmadım heç
Edir o mənzilə, xəyallarım köç
Desələr gizlicə bir intizar seç
Edərəm aləmə car ürəyimdə