***
Yanımdan adamlar keçir
yol boyu, küçə boyu,
ətir saçan adamlar…
Yanımdan ətirlər keçir,
keçir səni pıçıldayıb.
Hər pıçıltı bir öpüş qədər yaxın gəlir
üz-gözümə toxunur.
Ətirdən qoxun gəlir,
yoxluğun gözlərimin
qarasından oxunur…
***
Gəldin,
görə bilmədim
bir doyunca üzünü.
Yol uzaq, həsrət yaxın…
Getdin,
deyə bilmədim:
“Səni sevirəm axı…”
***
Yenə Sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!
***
Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki,
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda…
***
Arzularım boy-boy düzüldü
ayaq səslərini eşitcək.
Xəyallarım ətəklərini əllərinə alıb
yoluna çıxdılar: yolun da uzaq…
Biz gözlədik səni:
əl-ələ verib,
ümidimizi üzümüzə tutduq,
ya udaq, ya uduzaq.
Günləri, ayları caladıq bir-birinə,
hörük hördük…vaxtı öldürək deyə.
Vaxt da salıb tərsliyə…
Bir də gördük
gəlmisən:
gözlərində işıq,
işığa qarışıq yaraşıq,
əllərində tumar,
dodaqlarında nəm çəkmiş sözlər…
Ürəyinin döyüntüsü qulaqlarımdadır:
köksündə bir dünya xoşbəxtlik vardı…
Hamısını birnəfəsə gətirdin,
göstərdin,
apardın…