.....

.....

Dostum – Sahibə Yusifin şeirləri

Dostum – Sahibə Yusifin şeirləri

İçindəki işıq

Bilirsən, həsrətə nöqtə qoyulmur
Son nəfəs boğazdan çıxana qədər.
Özünü Allaha təslim edirsən,
Çiynində qəm yükü, ruhunda kədər.

Başından yel kimi əsir o sevda,
Gözündən filmtək keçir illərin.
Çətinlik çəkirsən nəfəs almağa,
Nəfəsi kəsilsin xatirələrin…

Susursan, içində təlatüm, təlaş,
Qopur fırtınalar səssiz sinəndə.
Bir kimsə duymasın deyə səsini
Deyirsən astaca: “Məğlubam mən də”.

Boynuna alırsan təslimiyyəti,
Ey könül! Ağ bayraq yellə göylərə.
Sənə kim dedi ki, qazanacaqsan,
Bu qədər özünü ucalt, öy deyə?

Qürurun bir damla göz yaşı deyil,
Boğma içindəki o yorğun səsi.
Niyə yaşamağa nifrət edirsən,
Nədir içindəki ölmək həvəsi?

İçində arzu tut, dindir, danışsın,
Ruhunda bir çılğın ümid oyandır.
Axı hər gecənin bir sabahı var,
Sən də içindəki işığı yandır…

Yüksəkdən baxma

Mənə yüksəkdən baxma!
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var –
Biri sənsən, biri mən.

Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün
Mən də azıram orda.
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.

Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdır,
Düş, otur ürəyimdə,
Qəlbim sənə qayıqdır.

Mənə yüksəkdən baxma!
Gəl toxun saçlarıma.
Titrət könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.

Mənə yüksəkdən baxma!
Görüm ki, yanımdasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub,
Keçən dünəni danım.

Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək,
Guya ki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?

İncinmiş ruh

Heç incinmiş ruh gördünmü?
Kirpiyində dərdin dəni.
Qismətinin dənizində
Ləngər vuran tənha gəmi.

Susqun baxıb fikrə dalan,
Dindirəndə gözü dolan,
Ümidləri alt-üst olan,
Saçları tapdanmış zəmi.

Gördünmü heç təbəssümü
Dodağında qışa dönən,
Gözlərinin qarşısında,
Xoşbəxtliyi daşa dönən?

Ağ yalana bürünərək,
Həqiqətə gülüb keçən
Leysan kimi göz yaşını
Gizli-gizli silib keçən.

Görmədinsə, dön bir də bax
Parça-parça qırdığına.
Bu illərin sınağından
Qova-qova yorduğuna.

Qanadıqırıq mələk

Bahar ümidlərində
Açdı neçə gül, çiçək.
Arzuları qəlbindən
Boylandı ləçək-ləçək.

İlk eşqin alovları
Gözlərində alışdı.
Rəngli xəyallarını
Axar suya danışdı.

Sonra yol ayrıcında
Uçdu yaşıl dünyaya.
Ulduz axını ilə
İstədi çatsın aya.

Sevincindən az qala
Buludlarla öpüşdü.
Daha da yüksəklərə
Uçmaq eşqinə düşdü.

Göyün yeddi qatında
Birdən-birə yoruldu.
Çırpdı qanadlarını,
Qanadları qırıldı.

Çox çalışdı, tapmadı
Müsibətə təsəlli.
Gəldi üzüaşağı
Yapışsa da üçəlli.

Gərəksiz ümidləri
Ürəyini dağladı.
Qırıq qanadlarına
Hönkür-hönkür ağladı.

Dostum

Sənin gümüş saçlarının
Ağına qurbanam, dostum.
Ürəyində gizlədiyin
Dağına qurbanam, dostum.

Nələr yaşadı, görən nə
Özündən uca ürəyin?
Yorğun çırpınan, döyünən
Yaşından qoca ürəyin.

Nə vardı səndən uzaqda,
Həsrəti yandırdı səni?
Sözlərin qaldı dodaqda,
Susduqca sındırdı səni.

Kim sənin bəxt sarayını
Dağıtdı, taladı, çapdı?
Büllur kimi gəncliyini
Götürüb qayaya çırpdı.

Dost, başından at dərdini
Səhərin acı yeliylə.
Gəl darayım saçlarını
Bir qızın titrək əliylə.

Ayaqlama səadəti,
İzin ürəyimə batır.
Bəlkə elə səadətin
Mənim ürəyimdə yatır.