.....

.....

Döz indi – Mirvari Paşayevanın şeirləri

Döz indi – Mirvari Paşayevanın şeirləri

Bulud keçər, ay görünər səmada,
Ulduz axar, pıçıldayar dodaqlar.
Ruhum uçar, dövrə vurar fəzada,
İslaq olar göz yaşıyla yanaqlar.

Arzu tutmaq məndə böyük həvəsdir,
Yaşadansa tükənməyən nəfəsdir,
Uzaqlara yol almağın əbəsdir,
Gecə-gündüz dilim səni sayaqlar.

Bu sevgidə mən hər zaman qalibəm,
Öz eşqimə vəfalıyam, sadiqəm,
Sənə deyil, həsrətinə aşiqəm,
Xəyalın da saçlarımı daraqlar.


Bağçamızda güllər daha çiçək açmır,
Üşüyübdür qızılgülün ləçəkləri.
Günəş daha əvvəlki tək işıq saçmır,
Boş qalıbdır arıların pətəkləri.

Havalar da heç isinmir, buza dönüb,
İlk baharda son baharı yaşayıram.
Təbiətin elə bil ki, ruhu sönüb,
Buludların göz yaşını daşıyıram.

Tanrı duyur həsrət qoxan duaları,
Tufan olmur, daha əsmir küləklərdə.
Yoxsa, yerdən təmizləyir günahları,
İz qalmasın ayrılıqdan ürəklərdə.


Bəs deyirdin ayrılmarıq?
Axtardımı gözün məni.
Astadan pıçıldayaraq,
Səslədimi sözün məni.

Qəlbin rahat olsun deyə,
Bilirəm ki qınayırsan
Hər yalana inanaraq
Vicdanını sınayırsan

Yəqin indi çox xoşbəxtsən,
Sən ki getmək istəyirdin.
Həqiqəti bilə-bilə,
Gözlərimə baxıb yenə,
yenə məni dinləmirdin.

Buza döndərdin qəlbimi,
Adımı qoydun vəfasız.
Sənlə bölərdim dərdimi,
Sən də belə,ay insafsız.


Sən hələ də yuxumdasan,
Duamdasan, ruhumdasan,
Nə edim ki, oyanmasam,
Yuxum belə davam etsə,
Həyat yuxu kimi keçsə…

Mənim yolum azıb sənə,
Haqq yolumu, yazıb sənə,
Ürəyimi açıb yenə,
Desəm qəlbdə sultanım ol,
Bir gecə gəl mehmanım ol.

Yuxuları yozan bilər,
Doğru yolu azan bilər,
Bəxtimi də yazan bilər,
Allah, məni başdan yarat,
Bu ürəyi, daşdan yarat.


Bu dünyadan köçəcəyəm, unudacam adınıda,
Səndən sonra itirirəm bu həyatın dadınıda.

Kədər ilə dost oluram, göz yaşımı silə-silə,
Dönməyəcək birisini, gözləyirəm bilə-bilə.

Mən səni yox, mən özümü unuduram,
Nakam sevgi yollarında, gəncliyimi ovuduram.

İstəmirəm otağıma işıq düşsün, kölgə olsun,
Aldanaram, istəmirəm bu otağa ümid dolsun.

Səndən sonra hissizləşdim bir daş kimi.
Mən seçmişəm qaranlığı həyatıma sirdaş kimi.

Yoxdur səndə heç bir günah, günah mənim özümdədi,
Məni sevmək asan idi, sənin qəlbinsə dözmədi.


“Döz indi”


Biraz dedim, illər ötdü üstündən,
Bu yollardan ayaq izin silindi.
Çox danışdın hey cəfadan, zülümdən,
Dözə bilsən bu həsrətə döz indi.

Tükənibdir daha səbrin bilirsən,
Düşüncələr yenilibdir qəlbinə.
Vicdanına cavab versən haçansa,
Səni onda bağışlaram incimə.

Baxa-baxa gözlərimin içinə,
Kipriyindən damlayacaq bir yağış.
Süzülərək düşəcəkdir üzünə,
Yaradacaq qəm-kədərdən bir naxış.

Gecələri yuxun ərşə çəkilər,
Unudarsan, heç də pozma kefini.
Belə olur ayrılıqlar həmişə,
Gedən də kim anlayır ki səhvini.


Yenə də sığınıb bəhanələrə,
Arada albomu açıb baxıram.
Özümü hər dəfə günahlandırıb,
Yüzlərcə səhvində, düz axtarıram.

Sinəm də qalmayıb elə bir yer ki,
Yaralı olmayan yerinə qoyum.
Sevgimi hicrandan uzaq tutaraq,
Vüsala doymayan, eşqinə boğum.

Sənə ürəyimdə yer axtarıram,
Doğrular yanında, güman olmasın.
Sənə ürəyimdə yer axtarıram,
Gedəcək başqa bir ünvan olmasın.