.....

.....

Dünyanın daş yükü – Rəqsanə Tapdıqlının şeirləri

Dünyanın daş yükü – Rəqsanə Tapdıqlının şeirləri

Dünyanın daş yükü

Alnıma yazılanı ömrüm qəbul etdimi?!
Ömürdən gedən günlər, məndən razı getdimi?!
Cücərən arzularlm çiçək olub bitdimi?!
Görən bu arzuların yolu hara qədərdir?!

Dünyanın daş yükünün tarazlığın əyəsən,
Hünər tapıb pislikdən cayasan,gen gəzəsən.
Həyata zorla gülsən, arsız üzdə həyasan,
Vicdanla dalaşanın hər saatı dəyərdir.

Gözəl ola ümidlər, mənalı keçə hər an.
Amansız olan zaman, insana vermir aman.
Su boğazı aşanda hayına yetmir saman.
Körpünün qırılması bir yazımı, qədərmi?!

Qəlbin incə telinə mizrab ol yana-yana,
Pərvazlansın ürəklər eşq ilə şana-şana.
İncə ruhda mərhəmət naxışdır xana-xana.
Sağ canda ruh ölüsə,bu ölümdən betərdir.

Baxışın dayazdırsa,gözün sənlə nə işi?!
Sadəcə baxmaq yalnız ala gözün vərdişi.
Rəsanə, sən də öyrəş sancmaq zamanın işi.
Həyat çox qəribədir, özü də birtəhərdir.

Ağlar bacıların gözyaşın silin.

(Qarabağlar şəhidi Əsgərov Vüqarın bacısı Bahar xanıma)

İzlədim xəfifcə bir xanımı mən,
Dəyişib bənizi, yanağı rəngin.
Oxunur üzündən acı, kədər,qəm,
Necə hüzünlüdür ah, necə qəmgin.

Qardaş həsrətinin rəngi üzündə,
Şəhid simasının əksi gözündə,
Dolaşdı kəlmələr, dəyişdi dəngin.
Dedim könlün alım, bitti sözüm də,

Sanki bir nöqtəyə gözlər zilləndi,
Sözlər aciz qaldı, baxış dilləndi.
İtirdi zamanım, axar-ahəngin.
Titrədi dodaqlar, diş kilidləndi,

Üsyan etmək gəldi içimdən bir an!
Neçə-neçə bacı beləcə giryan.
Tanrım, sən tükətmə bacının səbrin!
Fələyin çarxını durdur, ey zaman!

Hüzünlü olsa da qürur tacıdır,
Axan göz yaşları ağrı, acıdır,
Əlbət verməsək də bir qardaş yerin,
Şəhidim, sənin bacın mənim bacımdır.

Xanım susmamışdı o, danışırdı,
Qəlbinin közüylə hey alışırdı,
Nələr çəkdiyini gözündən bilin.
Bəlkə bu dərd ilə o, barışırdı,

Axı bu gözlərin nədir günahı?!
Yerdə qalmaz ana-bacının ahı!
Ağlar bacıların gözyaşın silin!
Qəmi sona yetir, bitir, İlahi!
Qəmi sona yetir, bitir, İlahi!

Nur yanır gülzarında

(Qarabağlar şəhidi Əsgərov Vuqar Rza oğluna həsr olunur)

Yenə bir şeir yazmaq gəlir qəlbimdən,
Bu qədər qayğılar içində
Həyatla mübarizən almışdı
Məni-məndən.
Dönə-dönə vərəqlədim həyat hekayəni…
Mizrab oldun, şəhidim,
Şeirimin qəmlə sızlayan simlərinə.
Təkrar-təkrar dinlədim
Əl üzdüyün diləklərini.
Dönə-dönə seyr etdim
Gülüşlə qüruru əks etdirən şəkillərini.
İzlədim igidin ümidsiz ümidlərini.
Cəhd elədim, İstədim ki…
Qırılmış arzuların obrazını çəkim bütün,
Nədənsə çətinlik çəkdim,
Qələmi yola gətirmək üçün…
Bilirsən niyə, şəhidim?
Çünki sənin həyatının çətinlikləri,
Mənim ilhamıma hopmuşdu,
Ona görə ki, səninlə göz açıb,
Səninlə böyüyüb,
Səninlə bitən nakam arzuların,
Şeirlərimi, düşüncələrimi alt-üst etmişdi.
Səninlə bitən nakam arzuların…
Bu ifadəm özümə də ağır gəlir.
Onlar səni, səndən öncə
Tərk etmişdi.
Səni vaxtsız apardı ömrün qatarı,
Tək qoydun bacını, sənsiz Baharı.
Şirin arzuların sənə vəfasız çıxmışdı.
Qardaşının vaxtsız ölümü
Səni yaman sıxmışdı.
Sanki qəsdə dayanmışdı
Talehin qəddar oyunu…
Taleyin yazılmamış qanunu.
Sadəcə bir istəyinə çatmışdın.
Vətən naminə Vətənin dar günündə
Özünü oda atmışdın.
Dodaqlarında donmuş gülüşlərin, gözlərindəki saf baxışların,
İti nəzərlərlə, intiqam hissi ilə
Əvəz olunmuşdu.
Damarlarını qisas odu sarmışdı.
Sən vüqarınla Vüqara yaraşanı etdin, şəhidim.
Sən Bayraq uğruna, torpaq uğruna
Qurban getdin, şəhidim.
Nəfəsin üçrəngli Bayraqla
Göylərə nur çiləyir.
Qəhrəman Vüqarın adı,
Şöhrət, fəxrlə səslənir.
Bir yurdun fəxarətisən, rahat uyu məzarında.
Əbədiyyət cənnətisən, nur yanır gülzarında.
Nur yanır gülzarında, şəhidim!

Həqir dünyaya hakim…

Görəsən ən ağır yükü kim çəkir?!
Görəsən ən ağır yükü nə çəkir?!
Demirəm dərd yükü
Ya da dağ yükü…
Bəlkə bir haqq yükü,
Bir nahaqq yükü.
Gah sevinclə dolar öz çevrəsində,
Parlayar, nur saçar dörd dövrəsində.
Səhvə şahid olan
Doğrunu danan,
Bəlkələr oduna alışıb yanan,
Bir çəpər içində
Yumulub qalan,
Nahaqqla ədalət arasındadır,
Gah qonur, gah mavi, qarasındadır.
Gözlərin yüküdür ən ağır olan.
Düşüncə telində bənd olub, qalan,
Onun önündəcə ötüşür zaman,
Yaranana şahid, ölümə şahid,
Gözyaşı ilə yazır
Qəlbinə qasid.
Saat əqrəbi tək fırlanır yaman.
Yorulub yumulsa azalar, çoxu,
Onda da görəcək qarışıq yuxu.
Hər necə olsa da şahiddir onlar,
Ürəyə axıdarlar qara qanlar.
Vicdan qarşısında
O, susa bilmir,
Fərqi yox yol uzun, ya qıssa, bilmir.
Bəzən çaş-baş qalır
Zərrə önündə,
Bəzən də güclüdür
Dərya selindən.
Gözlərin yüküdür ən ağır olan,
Sevgisiz ürəkdə gül kimi solan,
Bir eşq dəryasında boğulub, batan.
Şahiddir dünyanın hər bir üzünə,
Gözün rəhmi yox ki, gələ özünə.
Gözün dili yox ki, deyə düzü nə?
Gözün dili yox ki, deyə düzünə.
Kirpiklər hər oddan bir köz götürür,
Hər kirpik bir parlaq köz qorasıdır,
Yanıb kil eyləyir,
Sonra ağ olur,
Kirpik də dən alır
Ağappaq olur.
Ümid işıqları sönməyir yenə
Ömrə şövq artırır
O, dönə-dönə.
Kədərdən sevncə, sevincdən qəmə,
Beləcə dolaşır öz çevrəsində.
Görəsən ən ağır yükü kim çəkir?!
Görəsən ən ağır yükü nə çəkir?!
O insan qəlbinin aynası olan,
Bütün kainata göz məhkum, təqsir,
Göz həqir dünyaya hakim kəsilir.