HAQSIZLIQ
Haqsızlıq, bilirsənmi, nədir?
Boğazımda düyünlənən qəhər,
Dilimə yığılan zəhər.
Haqsızlıq içimi didir,
Kəlmə-kəlmə qusuram,
Haqq-ədalət pusuram.
Haqsızlıq, bilirsənmi, nədir?
Gecələr aya həsrət,
Özümə edilən nifrət.
Haqsızlıq yolu kəm gedir.
Fırtınalar əsər,
Haqq yolunu kəsər!
Haqsızlıq, bilirsənmi, nədir?
Sahib olduqlarına,
Əmək qoyduqlarına
Kiminsə sahib olması.
Haqsızlıq…
Haqqın olmaması!
XATİRƏLƏR
Xatirələr uzaq düşsün könlümdən,
Ağırlıqdır ürəyimə daş kimi.
Silinəydi kaş ki bir-bir ömrümdən,
Mən sildikcə o çoxalır yaş kimi.
Xatirələr həsrət kimi acıdır,
Mən daddıqca o da mənə alışır.
Düşündükcə ötənləri acıdır,
Sanki məni hey yenməyə çalışır.
Xatirələr məni məndən alandır,
İstəmirəm o duyğunu, o hissi.
Qaranlıqda qorxulu bir dalandır,
Mən qorxduqca toxalmasın qoy nəfsi.
Xatirələr xatirəmin açarı,
Kilid vurum, ömür boyu bağlansın.
Əlacım yox, oldum onun naçarı,
Alovlansa, közüm ilə dağlansın.
ELƏ DARIXIRAM
Elə darıxıram, səssiz-sədasız,
Gözlərim zillənir sənsiz yollara.
Elə darıxıram, daha gümansız,
İndi sarılmışam sınıq qollara.
Elə darıxıram, dünyam talandır,
Ruhuma küskünəm ölən cismimdə.
Elə darıxıram, ömrüm yalandır,
Özümə yad gəlir daha ismim də.
Elə darıxıram, həsrət qoynunda,
Ruhum ruhun üçün əsir düşübdür.
Elə darıxıram, həyat oynunda,
Bu zalım intizar bizi udubdur!
Elə darıxıram, ürəyim küskün,
Gözlərim kədərin yuvası olub.
Elə darıxıram, ümüdsüz, üzgün,
Günəşim dumanlı buluda dolub.
GECƏLƏR
Mən yazdığım gecələr
Bu dünyanın yüküdür.
Uzandıqca incələr,
Sanki şeytan tüküdür.
Nə oyağam, nə yatmış,
Sanki dəryaya batmış.
Bir gün arzuma çatmış,
Bir gün isə ürküdür.
Naümüddür gecələr
Sanma ruhum dincələr.
Səssizliyə qərq olanda küçələr,
Öz yükünü göydən yerə tökdürür.
Duyğumun açarıdır,
Saçlarımın qarıdır.
Gecə dərd nigarıdır,
Tam bir ömür çəkdirir!
Duyğular
Qovuşmaqdan, sarılmaqdan,
Daha ali duyğular var.
Hər kəlməylə qırılmaqdan,
Bəlkə yaxşı çox uzaqlar.
Ruhu sənə yaxın olan,
Dinlədikcə səni duyan,
Məsafələr ayrı salan,
Doğma, yaxın qucaqlar.
Əlin çatıb, ünün yetən,
Həyatına etdiyin tən,
Anlatmaqçün ölüb bitən
Anlaşılmaz hey ağlar…