.....

.....

Əli Rzazadə – Şeirlərim üzər keçər Arazı

Əli Rzazadə – Şeirlərim üzər keçər Arazı

Poeziya…

Gəl şeirimin varağında görüşək
Bir sətir sənindi, bir sətir mənim,
İslanaq altında söz yağışının,
Nəyimə gərəkdir o çətir mənim.

Gəl Günəşin sorağında görüşək,
Həsrəti unudaq, tilsimi qıraq,
Ömür imtahandı, çətin sınaqdı,
Bu çətin sınaqdan başıdik çıxaq.

Gəl Arazın qırağında görüşək,
Yenə alov qalxsın, köz olan yerdə
Üz-üzə, göz-gözə qovuşarsaq biz,
Körpüyə gərək yox söz olan yerdə.

Gəl vətənin bayrağında görüşək,
O tay, bu tay dalğalansın ay ulduz,
Kölgəsində nəfəs alsın şəhərlər,
Həsrətlərə son qoyulsun bu Novruz.

Gəl Oğuzun ocağında görüşək,
Uca dağın üstə tonqal qalansın,
Ərənlər at çapsın, tərlan ovlasın,
Gecələr səmada hilal parlasın.

Gəl ananın qucağında görüşək,
O doğma qucaqda türkü dinləyək,
Sarılaq, yoğrulaq, bir nəsnə olaq,
Sən məndə, mən səndə belə gizlənək.

Sentyabr küləyi

Səsində uşağlığımın hər anı var.
Məktəbə apardığım çantamın,
Köynəyimi ütüləyən anamın,
İftixarla mənə baxan atamın,
Qoxusu var.

Sentyabr küləyi
Səsində gələcəyimin planı var.
Universitet zənginin səsinin,
Bir sevilən müəllimin dərsinin,
Həyatda yaşamaq həvəsinin
Qoxusu var.

Sentyabr küləyi.
Səsində elə bil doğma mahnı var.
Bir vağzalı sədasının
Bir toy düyün səmasının
Ağ gəlinlik libasını geyinmiş
Bir gözəlin ədasının
Qoxusu var..

Sentyabr küləyi..
Səsində bir ömür dastanı var.
Ağ saçlara dəyən sərin bir mehin,
Bir qocanın əlindəki təsbehin,
Bir ömürə sığmayacaq hər şeyin
Qoxusu var.

***

Hər fəslin öz şeiri var,
Qışın ayaz şeiri var.
Payız, yay, yaz şeiri var
Mənim şeirlərim dördfəsillidir.

Şeir var yağış kimidir,
Dua, yalvarış kimidir,
Şeir var lap qış kimidir,
Mənim şeirlərim dördfəsillidir.

İnsan sözlə yadda qalar,
Sözlə namda, adda qalar,
Arzuda, muradda qalar,
Mənim şeirlərim dördfəsillidir.

Eşidilmir aşıqların avazı,
Bəylərbəyin heyvagülü havası,
Şeilərim üzər keçər Arazı,
Mənim şeilərim dördfəsillidir.

Fəth eliyər Təbrizimin yaylasın,
Babəkimin, Koroğlumun qalasın,
Urmu gölə çalar ana laylasın,
Mənim şeirlərim dördfəsillidir.