.....

.....

Elman Baxış – Yuxular ömrümdən səbəbsiz ötmür

Elman Baxış – Yuxular ömrümdən səbəbsiz ötmür

Qayıtmaq da var.

Durna da əbədi köçüb getmir ki,
Onun da baharda qayıtmağı var.
Hələ ayrılığın təzədir, gülüm,
Zamanla dərdləri oyatmağı var..

Hələ sazağı var, hələ qışı var,
Bəxtə yazılacaq qara daşı var,
Demirəm, dərd çəkib, ölə bilərsən =
Hələ bu ağrının qan yaddaşı var.

Sanma ki, asandı illəri silmək,
Həqiqət içində min gümanı var.
Ömrün payızında yayı gözləmək,
Hələ yollarında sis, dumanı var.

Baxırsan gözlərdən yaşlar süzülər,
Sevgidən bir bəndə vaxtsız üzülər,
Elman, sən də demə dünya düzələr
Hələ bu yolları qayıtmağın var…

07.09.2023

Yuxular çin olsa…

Yuxular çin olsa, daha nə dərdim?
Axı hər gördüyüm çin olmur mənim.
Qanadsız ümidlər göydən düşəndə
Qırılır sevincim, min olur qəmim.

Bəzən röyalarım rəngli olanda,
Deyirəm xoşbəxtlik qapıma gəlir.
Bəzən də boz rəngə bürünür tamam,
Qorxu, həyəcanı bağrımı dəlir.

Yuxular ömrümdən səbəbsiz ötmür,
Alır, hər günümü aparır məndən.
Bəzən şirinliyi, bəzən acısı,
Üzümdə sevincdi, saçımda ağ dən.

Elə röyalarda xoşbəxtlik varkən,
Oyanmaq istəmir yenidən insan.
Kövrək laylaların həzin səsində,
Yatıb yuxudaca böyüyür insan.

12.01. 2024

Yuxularımın qonağı

Hərdən yuxulara qonaq olursan.
Bilmirəm qəlbimi necə ovudum?
Hələ oyaq ikən yaddan çıxmırsan
Bəs səni röyada necə unudum?

Hər dəfə unutdum deyirəmsə də,
Düşürsən bir adi kəlməylə yada.
Hər sənli xatirə bir közə dönüb,
Çevrilir könlümdə ocağa, oda.

Alışıb yanıram tüstüsüz içdən,
Yanan bu alovu bir kimsə görmür.
Həsrətin yükünü çəkən ürəyim,
Onsuz da dərdini kimsəylə bölmür.

Bəzən gecələri oyaq qalıram,
Bəlkə səssizlikdə səni unudam.
Elə unutmağa çalışmağım da,
Səni xatırladır mənə yenidən.

10.09/2022

GEDİR..

Arada xatirə dolur beyninə,
Birtəhər silirsən, qovursan gedir.
Hər yanda açanda gül bağçaları,
Sən onu düşünüb, solursan gedir.

Düşürsən bir eşqin yanan oduna,
Kimsə çata bilmir sənin dadına,
“Görən düşürəmmi onun yadına?”
Deyib, xəyallara dalırsan gedir.

Baxırsan bir yandan ömür qısalır,
Bu dünya hər kəsi yolub, öc alır,
Hələ cavan yaşda insan qocalır,
Başını bulayıb keçirsən gedir.

İstəyirsən hər gün deyib-güləsən
Qəlbini kiməsə açıb, böləsən
Qorxursan ayılıb bir də görəsən,
Gözünün yaşları sel olub gedir

Ayrılığın sazağı…

Ayrıllğın sazağı daha dərin göynədir
Nə payızın, nə qışın soyuğuna bənzəmir Əllərim üşüsəydi nə vardı ki, dözərdim Qəlbimin üşüməsi heç şaxtaya bənzəmir.

Arabir gecə yarı diksinirəm, yuxuda çölüm sükut görsənir, içim qalır qorxuda
Başa düşməzlər məni əminəm ki, çoxu da
Bu üşümək heç kəsin sazağına bənzəmir.

Şikayət etməmişəm  taleyin axarından
Nə də xeyir ummuram dünyanın çıxarından Danışmağı sevmirəm heç nəyin qarasından Ancaq ki, bu ayrılıq başqasına bənzəmir.

Mən nə istəmişdim ki, səndən sevgidən başqa!?
Əlimi ha atsam da, nə gəldi qəmdən başqa? Hər ayrılıb gedəndə olurdun tamam başqa Bu gedişin çox oldu, heç birinə bənzəmir.

19.05.2022