.....

.....

Əlövsət Tahirlinin şeirləri

Əlövsət Tahirlinin şeirləri

***

Gecələr dərd yukümsən, gündüzlərsə xəyalım.
Yeyir qurd kimi məni, tərk eləmir bu halım.
De, səni kim sevəcək mənim kimi, ay zalım?
İlk dəfə sevdiyim qız sənsən elə, biləsən.

Sönüb odum-ocağım, oynayıram külümlə.
Ah-nalə eləyirəm öz eşqimə dilimlə.
Bəlkə fələk ayıra səni məndən ölümlə,
İlk dəfə sevdiyim qız sənsən elə, biləsən.

Başımı yad fikirlə istəmirəm qatmağa,
Tanrımtək sevdim səni, yer yoxdur unutmağa,
Ümüdümü üzmədim əlim sənə çatmağa,
İlk dəfə sevdiyim qız sənsən elə, biləsən.

Bu esqin atəşində məntək yanan olmayıb,
Nə arzu eləmişəm, nədən yaşa dolmayıb?
Sən adında çiçəyim gözlərimdə solmayıb,
İlk dəfə sevdiyim qız sənsən elə, biləsən.

Çəkdirib Əlövsətə sənsizliyin çox acı,
Səndən başqa olmayıb ruhumun ehtiyacı.
Gəl ki viran ömrümün olasan son əlacı,
Gülüm, görən gözümün bəbəyində giləsən,
İlk dəfə sevdiyim qız sənsən elə, biləsən.

***

Bir ümman bərəkət, bir ovuc barsan,
Paklıqda əlçatmaz ağappaq qarsan,
Adına sığındım, nə yaxşı varsan,
Ay məni qoynunda böyüdən kəndim.

Dolandım dağında, gəzdim düzündə,
Sənsən tək cənnətim bu yer üzündə,
Məbədsən, ocaqsan, pirsən özün də,
Ay məni qoynunda böyüdən kəndim.

Mən harda varamsa, mənlədir adın,
Sozümdur vəsfinə yetən qanadın.
Adını ucaltdı şəhid övladın,
Ay məni qoynunda böyüdən kəndim.

Zəhmətin barıdır hər evin varı,
Gül açır ilbəil el arzuları.
Sənsən Əlövsətin enməz vüqarı,
Ay məni qoynunda böyüdən kəndim.

***

Bilirsənmi, səni niyə sevmişdim?
Gözlərimin ilk ovuydun baxışda.
Gül açmışdın elə bil ki, budaqda,
İslatmışdı yanağını yağış da.

Şimşək çaxdı gözlərindən gozümə,
Dondum qaldım, gələmmədim ozümə.
Göy üzündən od ələndi üzumə,
Alov, atəş, köz vardı bu çaxışda.

Həyəcandan titrəyirdi dizlərim,
Çəkilmirdi gözlərindən gözlərim,
Lal olmusdum, ilişmişdi sözlərim,
Bir mələkdin Tanrı çəkən naxışda.

Neçə bahar, neçə payız yormuşam,
Sənsiz sənlə min bir xəyal qurmuşam.
Əlövsətəm, el-el səni sormuşam,
Gücüm çatmır unutmağa, bağışla.

***

Mənə divanə demə, sızıldayan qopuzam,
Dünya boyda dərdim var, çiynimdə daşıyıram.
Bağlayıb qapısını bu viranə könlümün,
Sənsizliyin qoynunda bir ömür yaşayıram.

Qarsanıb budağında tər çiçəyi bağımın,
Hurlanıbdır meyvəsi yetişməmiş tağımın.
İndi həsrətindəyəm o bəxtəvər çağımın,
Sənsizliyin qoynunda bir ömür yaşayıram.

Saçımda əllərinin sığalı buz bağlayıb,
Ayrılığın hicranı gözlərimi dağlayıb,
Göz yaşlarım köksümdə sellər kimi çağlayıb,
Sənsizliyin qoynunda bir ömür yaşayıram.

Bir sevda yarası var səndən xatirə qalan,
Varlığımı puç edib, ruhum olubdur talan.
Mənəm nakam bir eşqin sevdasından məst olan,
Sənsizliyin qoynunda bir ömür yaşayıram.