Eşq odu
Eşqdə doğub, eşqdə batan
Günəş olsan
Zərrə qədər isinmərəm
istinə mən.
Kərəm kimi od tutub
Alışıb yansan,
Zərrə qədər inanmaram
Tüstünə mən.
Aytək doğsan gecələrə
Siyah rəngli niqab geyər
Dan ulduzum.
Eşqinin odun tökdüyün dərə
Dağ olub çatsa göylərə
Yenə də əriməz
Könlümün buzu.
Təklik
Çıxıb getdin həyatımdan
Təkliyə öyrətdin məni
Məzarda darıxmayım deyəmi?
“Günəşim”, “Ayım” deyə-deyə
Oxşayaraq bir zamanlar
Təklərə bənzətdin məni.
İndi təkəm:
Həm Günəş, həm də Ay kimi.
Bu aralar
Gözlərimdə tüğyan edən yağışlar
Ağ yuyub, qara sərir bəxtimi.
Hərdən olur
Qəlbimə çəkdiyin dağdan o ki var
Yıxılıram gecədən sübhə kimi.
Hərdən olur
Adını zikr edəndə dilimdə qarğışlar
Sıxılıram gecədən sübhə kimi.
Təkliyə öyrəşmişəm çoxdan.
Gündüzlərə Günəş,
Gecələrə Ay öyrəşən kimi.
Hərdən yada düşürsən
Təklərin yadına
Soyuq məzar düşən kimi.
Eşq
Gözlərindən boylanan eşq,
Oğrun-oğrun baxır mənə.
Daha bəsdir etiraf et,
Qəlbin hakim olub sənə.
Danmağının mənası yox,
Eşq odunda yanır qəlbin.
Bunu dəqiq bilirəm ki,
Məni cənnət sanır qəlbin.
Bütün günü hey düşünüb,
Xəyalıma sarılırsan.
Utanmağa heç gərək yox,
Niyə belə darılırsan?!