.....

.....

Əşrəf Pirşağılının qəzəlləri

Əşrəf Pirşağılının qəzəlləri

***

Məni, mənim gözəlim, ruzigar qoyub bu günə,
Edib nəyim var idi tarü-mar, qoyub bu günə.

Fələk sevinci alıb, dərdü-qəm verib yerinə,
Mənimçün həsrət ilə intizar qoyub bu günə.

Bu halə düşməz idim, etibarı olsaydı,
Məni cəhan kimi bietibar qoyub bu günə.

Durubdu sanki mənim qəsdimə fələk də bu gün,
Yığıb qəmi, kədəri, hər nə var qoyub bu günə.

Şikayət eyləməyə vardı haqqın, ey bülbül,
Solub gülün-çiçəyin, bağı xar qoyub bu günə.

Səni yad eyləyib, Əşrəf, haçansa söylərlər:
“Şirin qəzəllərini yadigar qoyub bu günə.”…

***

Baharım dönər xəzanə, belə qəmli – qəmli baxma.
Ürəyim gələr fəğanə, belə qəmli – qəmli baxma.!

Nə qədər ki, sağdı canın, bu cahandır a’şiyanın,
Bax, ümid ilə cəhanə, belə qəmli – qəmli baxma.!

Hanı məndə ta’bü – taqət ki, çəkim, bu qədri möhnət,
Məni çəkmə imtahanə, belə qəmli – qəmli baxma.!

Nə cəfadı dözmək olmur, nə cəzadı çəkmək olmur,
Ki, canım gələr cəzanə, belə qəmli – qəmli baxma.!

Bu ömür də, karivandır, ona sarivan zamandır,
Ötüşən bu karivanə, belə qəmli – qəmli baxma.!

Eyləyib qəmin əsiri, gülüm, Əşrəfi – fəqiri,
Belə qoyma yanə – yanə, belə qəmli – qəmli baxma!..

***

Bu başı bəlalı aşiq, kömək istəmir ki səndən,
Ona baxmağında zəhmət, əmək istəmir ki, səndən…

Bu qədər cəfayə qarşı bir az insaf istər hərdən,
Bu adam su istəmir ki, çörək istəmir ki səndən…

Canını, bilirsən əlbət, eləyib fəda yolunda,
Əvəzində “can” dəməklə əmək istəmir ki səndən…

Deyir incidib fəqiri, gözəlim, günaha batma,
Olasan sən huri, ya ki mələk istəmir ki səndən…

Ara-bir tökür yolunda kağıza nə dərdi vardır,
Kimə oldu-harda oldu, demək istəmir ki, səndən…

Gör haçandı istər Əşrəf, büzüşüb qapında yatsın,
Ver ona icazə, yorğan-döşək istəmir ki, səndən…

***

Qırdın aşiqlərüvi qalmadı sağ yüzdəbiri
Canı tapşırdı sənə dağda biri, düzdə biri.

Etmə heyrət bu qədər dərd ilə sağ qaldığıma
O qədər möcüzə olubdur ki, bu möcüz də biri.

Oldu təslim fəraqində sevincim qəminə
Hələ qalmaqdadı batində biri, üzdə biri.

Aşiqin bülbül ilə fərqini isbat elədim
Gecə eylər biri fəryad, gündüz də biri.

Əşrəfa böylə xəbər çatı bizə Pirşağıdan
Əlli yaşdan sora sevdaya düşüb sizdə biri.

***

Qurbanın olum, aşiqə az dərdü-məlal ver,
Gün görsün o biçarə də, dünyada macal ver.

Gah canım alırsan, mənə gah canı verirsən,
Canım-gözüm, olmaz bu qədər, can ilə alver.

Dünyada şirin şey nə olar yar sözündən,
Bir “can” de kifayətdi, nə şəkkər, nə də bal ver.

Məcnun niyə səhralara düşmüşdü, soruşma,
Səbr eylə, qiyamət günü Leylayə sual ver.

Yarəb, axı neynir bu fəqir cahu-cəlalı ?
Əşrəf kimi divanələrə, əqlü-kamal ver.
Əşrəf Pirşağılı