QALANLARIN QİBLƏSİ
Tərs hiylənin yaddaşlna
Düz yol çəkdim körpülərdən.
Həqiqətlər gün saymadı
Təqvimdəki son qəmərdən
Asta -asta yel oynadı
Dəyirmanı dərd götürdü.
Buğda sözün geri çəkdi,
Acanlar şansın itirdi.
Güzar ustalaşıb keçdi
Xəyalların kəm ucundan.
Eşq birtəhər yolun seçdi
Tünd badənin dəm ucundan.
Günah quduzlaşıb qaçdı,
Xəyanətin kəndirindən.
Yol yolağa “çiçək tökdü”
Yaltaqlığın ənbərindən .
Sonra…kaman zilə çıxdı
Do ,re,minin cərgəsindən.
Ölənlərə hava tutdu,
Qalanların qibləsindən .
DÜNYANIN DÜZ VAXTINA
Mən elə bildim böyüyüb
Yetir insan öz baxtına.
Demə,əyri yol gedirmiş
Dünyanın lap düz vaxtına.
Yəhər yüklü ağrıları ,
Dartır köhlən sağrıları,
Qaçır alma oğruları
Həvvanın ta qız vaxtına.
Yorğun idi dar ağacı ,
Ölüm də baxdı qıyğacı,
Laylaların ən qısqancı
Dönük çıxdı saz vaxtına.
Kəpənək doğuşdan bəri,
Bir ipəkdi,bir də dəri,
Qışln oğlan həndəvəri
Çəkdi yolun yaz vaxtına.
CÜT TƏKLİK
Sənlə mən tək rəqəmik,
Cütlüyümüz yox –
Sən elə təkliksən,
Mən də sənintək.
İkimiz bir bizi yaradırıq tək…
Cismimiz ikidi,
Qəlbimiz iki –
Tale bölünəndi iki-ikiyə,
Cavab qismətdədi:
Yenə sevgi tək.
ƏSRİN AYNASI
Baxdı ki,qalmayıb dar ağacları,
Yer asdı özünü göyün üzündən.
Bezib can payını hürrə çevirdi
Bax onda Allahın çıxdı sözündən .
Töküldü qəlbinə neçə min alov,
Susdu qərinənin ana laylası.
Kürəsəl yorğunluq,bəşəri qayğı
Sıxdı qucağına əsrin aynasın .
Gözünün dərdində batırdı özün,
Yeddi qat insanı gömdü özünə.
Sonra ruh axtardı könül verməyə
Uçmuşdu ürəklər göyün üzünə .
Mavi kəhkəşanın başına döndü,
Fırlanıb toxudu hava qatını.
Torpaq toxum- toxum cücərtdi vəchlə
Ana təbiətin varidatını.
SƏNSİZLİYİN SOL TƏRƏFİ
Sol yaxamda sancağım
Paslanıb sənsizlikdən.
Yuxuya vermə məni,
Yuxuma da girmirsən.
Bəsləyib göyərçini
Pəncərəmə qoymuşam.
Sülhün qara üzüylə
Didərgin məktubları
Yem qabına salmışam.
Qisas anın gözlədi
Ümidli ayaqlarım.
Bu yolda iz tanıdım:
Gördüm şeytan gor qazır,
Mələklər tapdalayır.
Hönkürtümü eşitmir
Dekabrın gəlişi.
İlin canı burnunda:
Dönən çoxdan dönərdi,
Vidalaşıb qəlb işin.
Nəfəsində günahın,
Çiynində də andlarım.
Yorulanda de bilim:
Belə necə uçursan,
Daşdandı qanadların?
NİGARAN QALMASINLAR
Qürbətdə qaldılar
Ad verə bilmədiyim zamanlar –
Kiçildilər,
Kiçiltdilər.
Gözümdən ömrümə yol açdılar –
Yeridilər,
Yeritdilər:
Böyütdülər bizi…
Çatdım haqlı yaşıma
Az günahlı yaşıma –
Ağrılar yükləndi
Ağrısız başıma…
İncitdilər gizli-gizli,
Bir də ululuğa
Öyrətdilər –
Torpağın altı da,
Üstü də birdi:
Nigaran qalmasınlar.