ƏVVƏL ONUN, SON ONUN
Tanrı bilib… Əzəldən
duyan ürək veribdir,
cılız, balaca da yox,
ümman ürək veribdir —
tərk edilmiş qəmlərə
yer ayırsın içində,
o qəmləri də görsün
Son qapını açanda.
Tanrı bilib… Əzəldən
münbit ürək veribdir,
acı tikan sancsalar,
becərib gül eyləsin,
igid ürək veribdir,
yaralayıb qaçsalar,
su atıb əl eyləsin.
Tanrı bilib… Əzəldən
toxtaq ürək veribdir,
qabaları üyüdüb
ələyindən keçirtsin,
bulaq ürək veribdir,
qatıları duruldub
şirin-şirin içirtsin.
Tanrı bilir əzəldən,
Ürək Onun, can Onun,
Həyat verən hər nəfəs,
Əvvəl Onun, Son Onun.
HƏLƏ ÖZÜM YOX İKƏN…
Hələ özüm yox ikən
bu məhəbbət var idi,
Onda ki hələ ruhum
göylərdə səyyar idi.
Mən ruhuma qovuşdum
var olduğum bətndə,
Kəşf eylədim özümü
Vətən içrə vətəndə.
Fərq eylədim işığı
qapalıykən gözlərim,
Avazından tanıdım
doğma, şirin sözləri.
Sən məni hey çağırdın,
anamın xoş səsiylə,
Səni ilk dəfə duydum
mən onun nəğməsiylə.
Səbirsizcə gözlədim
ilk görüş günümüzü,
Doğuldum Bu Dünyaya
şaxtalı bir dan üzü.
Dünya minbir rəng imiş,
necə də qəşəng imiş,
Günəş qızıl, Ay gümüş,
ulduzlar çələng imiş.
O, var olan hər şeyin
sirli qalası kimi,
Mən yuvadan ayrılmış
bir quş balası kimi.
Boylandım ürkək-ürkək,
meh oxşadı telimi,
Sərin dodaqlarıyla
şəbnəm öpdü əlimi.
Yağışlara vuruldum,
səpildi incə-incə,
Çiçəklərə sarıldım,
açıldı qönçə-qönçə.
Riqqət dolu bir ürək,
heyrət dolu göz oldum,
Gözüm-könlümdən keçən
hər nə vardı, söz oldu.
Düşdüyüm bu işıqlı,
geniş qucağı sevdim,
dağı, düzü, meşəni,
gülü, yarpağı sevdim,
çayı, gölü, dənizi,
qaynar bulağı sevdim,
mənimlə ülfət quran
dili, dodağı sevdim –
hamısına birlikdə
baqi məskən deyilən,
Ana Vətən deyilən
doğma torpağı sevdim!..
GÖYDƏN YERƏ KƏLMƏ YAĞIR
Kainat bir nəhəng varaq,
yazıları qalaq-qalaq:
Göydən yerə kəlmə yağır,
bulaqlardan kəlmə axır,
Yerdə-göydə hər nə varsa,
içindən hey kəlmə çıxır.
Kəlmə var ki, buzdan çıxar,
kəlmə var ki, közdən çıxar,
Dilin qovduğu kəlmələr
geri dönüb gözdən çıxar.
Demək növbəsi gec düşər,
elə susana güc düşər,
Fələk də hərdən öc düşər,
çoxa dəyməz, azdan çıxar.
(Dad çəksən də bu gərdişdən,
yazı budur əzəl başdan—
birinin qisməti qışdan,
birininki yazdan çıxar.)
Ərşdə dolana-dolana,
köçər qəlbə, hopar qana,
söz var ki, can verər cana,
can da var ki, sözdən çıxar.
…Kainat bir nəhəng varaq,
Yazıları qalaq-qalaq…
NƏ YER OLSUN, NƏ DƏ GÖY
Ruhum uçsa
səmalara,
enmək istəməz,
tərk etdiyi
vücuduna
dönmək istəməz.
Yerə bağlı
vücudumun
yel atları yox,
Göyə uçmaq
istəsə də,
qanadları yox.
Bir Göy vardır,
bir Yer vardır,
bəs bir də hara?
varsa, Tanrım,
götür məni
tez apar ora!
İMARƏT CƏLİLQIZI