HƏR ÖTƏN PAYIZDA GÖZLƏRƏM SƏNİ
İnadım taleyə qınaq, suçsa da,
Bu vüsal qismətdən kənar qaçsa da,
Xatirən sinəmdə cığir açsa da,
Hər ötən payızda gözlərəm səni…
Sarı don geyərəm xəzəllərimlə,
Bir payız bəzərəm öz əllərimlə,
Könlünü oxşaram qəzəllərimlə,
Hər ötən payızda gözlərəm səni.
Yağışda islansam çətirim ol sən,
Nərgizim, süsənim, ətirim ol sən,
Hər vaxt xətirlənən xətirim ol sən,
Hər ötən payızda gözlərəm səni..
Dumana bürunsən sezib taparam,
Dağları, daşları əzib taparam,
Yerin çuxurundan gəzib taparam,
Hər gələn payızda gözlərəm səni.
Sevgin günəşimdir, sevgin ayımdır,
Məhəbbət bulağım, sevgi çayımdır,
Tanrıdan verilən qismət, payımdır,
Hər gələn payızda gözlərəm səni..
Sevgimin yolunda talan ömrümü,
Məni dilə, dişə salan ömrümü,
Verib tufanlara qalan ömrümü,
Hər gələn payızda gözlərəm səni.
Gəl, gözəl payızım səni gozlərəm
Qışdan, yazdan, keçib yaman qarıxdım,
Yayın istisindən bezib karıxdım,
Dağlara getmədim bu il darıxdim,
Gəl, gözəl payızım səni gözlərəm.
Bir az yağıs göndər ruhuma səpim.
Bir az külək göndər telindən öpüm,
Sarı yarpağınn önundə çöküm,
Gəl, gözəl payızim səni gözlərəm.
Qara buluduna dönub ağlayım,
Gürşad yağışına baxıb çağlayım,
Xallı paltarıma kəmər bağlayım,
Gəl, gözəl payızim səni gözlərəm..
Tanrıdan qəlbimə verilən paysan,
Hüsnünə yazdığım şeıri saysan?
Sətrimə sığalsan, bəndimə haysan,
Gəl, gözəl payızım səni gözlərəm.
Payız qonaq gəlib bizə
Kövrək – kövrək, incə – incə,
Payız qonaq gəlib bizə.
Yığıb barı ürəyincə.
Payız qonaq gəlib bizə.
Bir üzündə göz yaşı var,
Bir üzundə nəqqaşı var,
Gör neçə şəhid daşı var!
Payız qonaq gəlib bizə.
Yumur gözündən ağlayır,
Axıb sözümdən ağlayır,
Dağim, düzumnən ağlayır,
Payız qonaq gəlib bizə.
Qabağina yüyürən yox,
Boxçasıni sürüyən yox,
Qəmlərini kürüyən yox,
Payız qonaq gəlib bizə.
Süzgün, qəmli baxışlarla.
Sarı – sarı naxışlarla,
Sakit, aram yağışlarla.
Payız qonaq gəlib bizə.
Gedək payızı ağlayaq
Bağlarda bir payız yaşar,
Gedək payızi ağlayaq.
Xəzan olmuş baxçasına,
Qəmli bayatı bağlayaq.
Hardan əsib səmum yeli?
Ağ eyləyib qara teli,
Həsrətindən yanıb dili,
Gedək payızı ağlayaq.
İncə qəlbi saz telidi,
Zarım – zarım inildədi,
Dərdi çoxdu, kədərlidi,
Gedək payızı ağlayaq.
Ovudaq, bir az kirişin,
Qaldıraq, bir az yerisin,
Qəmi, qussəsi ərisin,
Gedək payızi ağlayaq.
Duruşunda sarı kədər,
Belə gəlib qəza, qədər,
Sevdim onu şeirim qədər,
Gedək payızı ağlayaq.
PAYIZ SARI DONUN GEYİNİB GƏLİB
Bir səs pəncərəmi döyüb deyir ki,
Payız sarı donun geyinib gəlib..
Bu qərib qəlbimi yeyib deyir ki,
Pərişan halına deyinib gəlib..
Əlcəyi sarıdı, fatası sarı,
Taleyinə düşən xatası sarı,
Atası sarıdı, anası sarı,
Payız sarı donun geyinib gəlib..
Əzəldən gözündən sarılıq yağan,
Talanmış könlündən yarılıq yağan,
Kədərli üzündən qarılıq yağan,
Payız sarı donun geyinib gəlib..
Dağların laləsin solduran odur,
Çantasın yarpaqla dolduran odur,
Həsrətin bayraq tək qaldıran odur,
Payız sarı donun geyinib gəlib.
Sevdasın başından qəm aldi getdi,
Əğyarı halından kam aldı getdi,
Yandı piltə -piltə şam aldı getdi,
Payız sarı donun geyinib gəlib..
Üç ay xiffət çəkər üzü nəm altda,
Yatar sarı – sarı, yatar dəm altda,
Gözləri soğular, batar qəm altda,
Payız sarı donun geyinib gəlib..
Əbədi ruhumdu, könlumə yaxın,
Sinəmdə qəmləri var axın – axın,
Götürün rəngini köksünə taxın,
Payız sarı donun geyinib gəlib.
Əzızə, düşünmə az ümidi var,
Onu sevənlərə naz ümidi var,
Dolan gözlərində yaz ümidi var
Payız sarı donun geyinib gəlib..