.....

.....

FAİQ HÜSEYNBƏYLİNİN YENİ ŞEİRLƏRİ

FAİQ HÜSEYNBƏYLİNİN YENİ ŞEİRLƏRİ

***

Min il bundan əvvələ,
Çəkərdi söz vaxtına.
Min ildi yol almışıq,
Dünyanın düz vaxtına.

Yaddaşı yad torpağın,
Ad oldu, dad torpağın –
Bir üzü od torpağın,
Bir üzü buz vaxtına.

Susdu könül, lal oldu,
Nə bildinsə, halaldı.
Əhrimənlər yol aldı,
Sözün Hörmüz vaxtına.

An həmin andı, gəldi,
Duadı, anddı, gəldi…
Min il dolandı, gəldi,
Yetişdi öz vaxtına.

Savab nədir, suç nədir?
Hər şey nədir, heç nədir?
Bir qoca Məcnun gedir,
Leylinin qız vaxtına.

Titrəyir əsim-əsim,
Bir həqiqət kəlməsi…
Gəlib yetişdik, səsin,
Sözün yalqız vaxtına.

***

Mənsiz keçən ömür hansı rəngdədi,
Gecələrin, səhərlərin fonunda?
Kiçik-kiçik xatirələr boy atır,
Böyük-böyük şəhərlərin fonunda.

Görən, neçə milyon ildi söz yaşı,
Ocaq yaşı, atəş yaşı, köz yaşı?
Gülümsəyir gözlərində göz yaşı,
Qüssələrin, qəhərlərin fonunda.

Yazdıqları ilahi bir mətndi,
Şair qəlbi iradəli, mətindi.
Bu hisslərlə yaşamaq da çətindi,
Adamların, nəfərlərin fonunda.

Duyğuların tilsiminnən çıx, yaşa,
Arzuları, xəyalları yıx, yaşa.
Ömrü çəkib gətirmişik qırx yaşa,
Şirin, acı xəbərlərin fonunda.

Hansı dağı fəth eləyim bu yaşda?
Torpaq yaşda, hava yaşda, su yaşda.
Məğlub olub bir sevgiyə savaşda,
Yenilmişik zəfərlərin fonunda.

***

Gətirdin özünlə xatirələri,
Od kimi yanmağa, sönməyə gəldin.
Bu zalım həyatdan, bəxtsiz ömürdən,
Bir gün üz çevirib dönməyə gəldin.

Anlaya bilmədim, duya bilmədim,
Sənin taleyinin harasındayam.
Hansı etirafın əvvəlindəyəm,
Hansı yalanların sonrasındayam?

Yaman öyrəşmisən bu səssizliyə –
Sevgidən yetim tək kimsəsizliyə…
Sənmisən köksündə həsrət bəsləyən?
Yoxsa, həsrətini yenməyə gəldin?

Boğuldun bir eşqin dayaz yerində,
Mən bu yalnızlığın sonrasındayam.
Sənin saçlarının bəyaz yerində,
Sənin gözlərinin qarasındayam.

Bağrın çatlamadı, qaranəfəssən,
Həsrətlə süslənib gözəlləşirsən.
Hər gün yıxılırsan duyğularından,
Hər gün öz gözündən niyə düşürsən?

Gətirdin özünlə xatirələri,
Xəyallar qoynundan enməyə gəldin.

***

Mənə danışırdı o qız dərdini,
Mənə danışırdı olan-keçəni…
İnamsız, ümidsiz baxışlarıyla,
Həsrətə boyadı yolu, küçəni.

O qızın gözləri işıq saçırdı,
Məhəbbət qəmində, sevgi yasında.
Səadət evinin açarı kimi,
Həyatı unutdu astanasında…

Heç kim tanımırdı, kimsə bilmirdi,
Özü öz evinə yad olmuş qızı…
Kimsəyə demədi, kimsə bilmədi,
Körpələr evinə atılmış qızı.

Böyüdü, utandı böyüklüyündən,
Göz yaşı üzündə çiçəkləyirdi.
Onun baxışları həqiqətləri
Birbaşa, müstəqim, gerçək deyirdi.

Üzülüb göylərdən, yerlərdən daha,
O qızın talesiz, nağıl əlləri.
Xoşbəxtlik dadmadı, sevgi dadmadı,
Şirniyat əlləri, noğul əlləri.

Zaman dəyirmanı ömür üyütdü,
Bu necə nəsihət, necə öyüddür?
Böyüdü qızcığaz, həsrət böyütdü,
Pak idi, saf idi mağıl əlləri.

Min bir nağıl kimi həyat ümidli,
Geriyə axırdı saat ümidli…
Şəhrizad yuxulu, ağ at ümidli,
Qızcığaz əlləri, oğul əlləri…

Sığınır günəşə, nura, sabaha,
Yerdə həqiqətə, göydə Allaha.
Üzülüb göylərdən, yerlərdən daha,
O qızın talesiz, nağıl əlləri.

Çıxara köksünü, söküb çıxara,
Əlləri ürəyin büküb çıxara…
Düşdüyü quyudan çəkib çıxara,
Düşünən ürəyi, ağıl əlləri.

Qızıldan, gümüşdən daraq… saçları…
Ey dəli ruzigar, dara saçların.
Sevirəm o qızın qara saçların,
Sevirəm o qızın axı əllərin.

***

Gün gələr, məni anlarsan,
Düşərsən, baxan olmaz.
Yad nə gərək, öz evini,
Özün tək yıxan olmaz.

Dərdini qanan kim olar?
Halından həyan kim olar?
Oduna yanan kim olar? –
Su kimi axan olmaz.

Qışın, yayın sazaq olar,
Bir sevgiyə yazıq olar.
Yaxınların uzaq olar,
Uzaqlar yaxın olmaz.

Gözəlliyin beş gün, on gün,
Çatar o möhtəşəm son gün.
Duyğulu, rahat, asan gün,
Qarşına çıxan olmaz.

İnsan çəkər eyş-işrətin,
Anlamaz eşq işarətin.
Sənin üçün bir də çətin,
Belə darıxan olmaz.

***

İçin sızlarsa, zahirdə
Gülməklə heç nə dəyişmir.
Yaxşı bilirsən hər şeyi –
Bilməklə heç nə dəyişmir.

Ömür qaçır sola-sağa,
Öz yükünü daşımağa.
Ömür varkən yaşamağa,
Ölməklə heç nə dəyişmir.

Könlüm oldu söz məskəni,
İndi rahatsanmı yəni?
Şəklimi, adımı və məni,
Silməklə heç nə dəyişmir.

Günəşmi doğsa üzünə,
Baharmı gəlsə sözünə…
Mənsiz min il də özünə,
Gəlməklə heç nə dəyişmir.